Elçin Mirzəbəyli: “Belə bir televiziyanın yaradılmasına əvvəllər də cəhdlər olmuşdu, lakin təəssüflər olsun ki, bu cəhdlər ümumi milli maraqlara, həmçinin də Azərbaycan və Rusiya münasibətlərinin inkişafına xidmət etmədiyi üçün baş tutmadı”
Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsi, eyni zamanda da Azərbaycanla bağlı informasiyaların Rusiya məkanında yayılması vacib bir məsələ idi. Bilirik ki, bu ölkədə Azərbaycandilli televiziya fəaliyyət göstərmirdi. Lakin indi Rusiya azərbaycanlılarının ilk internet-telekanalı – AZRU vahid informasiya portalı yayıma başlayır.
Portalın baş redaktoru, jurnalist, ictimai xadim və politoloq Roman Ağayevdir. R.Ağayevin bildirdiyinə görə, portal ötən ilin avqustunda Rusiya Federasiyasının kütləvi informasiya vasitəsi kimi rəsmi qeydiyyatdan keçib. “Bu, Rusiya azərbaycanlıları üçün və ümumilikdə Rusiya-Azərbaycan münasibətləri baxımından əlamətdar hadisə sayılır. İnternet-kanalın yayıma başlaması bizim ortaq qələbəmizdir. Hazırda Rusiyada yaşayan azərbaycanlıların öz KİV-i var, indi isə məxsusi internet-telekanalı da mövcuddur” - deyə bildirən baş redaktor qeyd edib ki, AZRU portalında Rusiyanın azərbaycanlı icması üçün maraq kəsb edən aktual xəbərlər, Rusiya-Azərbaycan ikitərəfli əlaqələri kontekstində son yeniliklər, Rusiyanın müxtəlif regionlarında azərbaycanlıların təşkilatlarının təşkil etdikləri və ya fəal iştirak etdikləri tədbirlərdən reportajlar, Azərbaycan və xalqımızın zəngin tarixi-mədəni irsi haqqında maraqlı faktlar, Azərbaycanın rus icmasının fəaliyyəti barədə məlumatlar, Rusiyanın azərbaycanlı icmasının və Azərbaycanın rus icmasının maraqlı personajları ilə bağlı məqalələr, müəllif materialları, analitik icmallar, anonslar və elanlar yerləşdirilir.
Rusiyada ilk Azərbaycandilli internet kanalının əhəmiyyətinin böyük olduğunu bildirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, bu internet televiziyası hər iki ölkə üçün faydalı olacaq. “Bütün hallarda Rusiyadakı azərbaycanlıların ortaq dəyərlərini qoruyub saxlamaq, onların Azərbaycanla bağlılığını koordinasiya etmək üçün belə bir informasiya məkanının olmasına ehtiyac var idi. Belə bir televiziyanın yaradılmasına əvvəllər də cəhdlər olmuşdu, lakin təəssüflər olsun ki, bu cəhdlər ümumi milli maraqlara, həmçinin də Azərbaycan və Rusiya münasibətlərinin inkişafına xidmət etmədiyi üçün baş tutmadı. Rusiyada ilk açılan Azərbaycandilli internet televiziyasının fəaliyyətini müsbət dəyərləndirmək lazımdır. Bu telekanalın yaradılması Azərbaycanla bağlı həqiqətlərin Rusiya məkanındakı insanlara çatdırılması üçün də əhəmiyyətlidir. Düşünürəm ki, bütövlükdə bu diaspor işi istiqamətində atlan uğurlu bir addım kimi də qiymətləndirilə bilər” - deyə E.Mirzəbəyli qeyd etdi.
İradə SARIYEVA