“Uorlik Moskvanın mesajlarını deyir və imkanın açılmasını vurğulamaqla, bu imkanların Kremldə olduğunu önə çəkir”
“Rusiya hökumətilə çalışarkən onların konfliktin həllində maraqlı olduqlarını gördüm”. Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, formalaşan yeni situasiyada Qarabağ konfliktinin həlli üçün yeni imkanlar açılır: “Məncə, Azərbaycan Prezidenti İlham Əliyev yeni imkanların yarandığını qəbul edir. Əminəm ki, bu şəraitdə həmsədrlər iki dövlət başçısının rəsmi sammitinin təşkili üzərində çalışırlar”. Uorlik rəsmi Moskvanın Qarabağ konfliktinin həllində maraqlı olmamasına inanmadığını deyib: “Həmsədr olduğum üç il ərzində buna heç bir dəlil görmədim. Rusiya hökumətilə çalışarkən onların konfliktin həllində maraqlı olduqlarını gördüm. Bu məntiqlidir. Ona görə ki, Rusiyanın dünyada çoxsaylı problemləri var və Rusiya öz sərhədləri yaxınlığında özünün ənənəvi dostları olan Azərbaycanla Ermənistan arasında konfliktin dərinləşməsini istəməz”. Keçmiş həmsədr, həmçinin, Qarabağ konfliktinin zamanla daha təhlükəli olduğunu vurğulayıb. O, konfliktə baxış bucağının dəyişmədiyini və fikirlərinin “Lavrov planı”na daxil edildiyini bildirib: “Bu prinsiplər dövlət sirri deyil. İllər ərzində həll variantının konturları müzakirə olunub və tərəflərdən irəliyə getmək üçün yalnız qətiyyətli addımlar atmaları tələb edilir”.
Maraqlıdır ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan digər keçmiş həmsədri, səfir Riçard Hoqland isə bunun tam əksini demişdi. Onun fikrincə, Rusiyada münaqişənin həllində maraqlı olmayan qüvvələr var: “Rusiya bunun həll edilməsini istəyirmi? Bu suala cavab birmənalı deyil. Moskvada qüvvələr var ki, Qarabağ münaqişəsi həll olunduğu təqdirdə tərəflər üzərində təsir rıçaqlarını itirəcəklərini düşünürlər”. ABŞ-ın iki keçmiş həmsədrinin belə fərqli baxış ortaya qoymasını ekspertlər necə dəyərləndirir? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Hoqlanddan fərqli olaraq, Uorlikin fikirləri reallığa əsaslanmır: “ABŞ-ın Minsk Qrupunda sabiq həmsədri Ceyms Uorlik müsahibəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanların açıldığını qeyd edib. Qarabağ danışıqlarında Rusiyanın problemin həllində maraqlı olduğunu qeyd edir. Ancaq nədənsə, ABŞ-ın və "Bolton planı”nın adını çəkmir. Sabiq həmsədr “Lavrov planı” üzərində dayanmaqla ABŞ-ı görməzdən gəlir. Halbuki, münaqişənin həllində Vaşinqton maraqlıdır. Buradan aydın olur ki, Uorlik Kremlin göstərişi ilə danışır. Ceyms Uorlikin müsahibəsinin təşkilində Kremlin məqsədi “Lavrov planı”nı qəbul etdirməkdən ibarətdir. O bununla “Lavrov planı”nın masada olduğunu vurğulayır. Onu da qeyd edim ki, sabiq həmsədr hazırda Rusiyanın hüquq firmasında çalışır və ruslarla dostluq əlaqələrinə malikdir. Təbii ki, o, Rusiyanın mövqeyini və irəli sürülən şərtləri müdafiə edəcək. O üzdən, C. Uorlik müsahibəsində səmimi deyil. O çox yaxşı bilir ki, Rusiya konfliktin həllində maraqlı deyil. Yalnız öz maraqları konteksində münaqişənin həllinə yanaşır. Məhz "Lavrov planı” buna əsaslanır. Azərbaycan öz maraqlarına uyğun olmayan, xüsusilə BMT qətnamələrinə əsaslanmayan heç bir planı və "Lavrov planı”nı - Kazan formulunu qəbul etməyəcək. Hazırda Rusiya danışıqları öz moderatorluğuna qaytarmaq və “Lavrov planı”nı yenidən ortaya çıxarmaqla Uorlikin müsahibəsini təşkil etdirib. Uorlik Moskvanın mesajlarını deyir və imkanın açılmasını vurğulamaqla, bu imkanların Kremldə olduğunu önə çəkir. Yaxşı olardı ki, Urolik öz ölkəsinin vasitəçiliyindən danışsın. Hoqlandın fikirləri isə reallığa əsaslanır. Çünki Rusiya münaqişənin həllində maraqlı deyil”.
Vidadi ORDAHALLI