Avroparlamentdə “Ermənifobiya: tarixi və müasir təzahürlər” mövzusunda konfrans keçiriləcək. Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, konfrans “Ay Data ARFD”nin Avropa ofisi və “Tüfenkyan” Fondunun təşəbbüsü əsasında təşkil olunur.
Xəbərə görə, konfransın əsas məruzəçiləri türk hüquq müdafiəçisi Rahib Zarakoğlu, qondarma “DQR”dən hüquq müdafiəçisi, keçmiş ombudsman Ruben Melikyan, bloger Aleksandr Lapşin və polşalı ermənişünas Yakub Oşietskidir. Konfransın iştirakçıları isə Avroparlamentin deputatları və erməni icmasının nümayəndələri olacaq.
Bu sırada türk hüquq müdafiəçisini nəzərə almasaq, istər təşkilatçıların, istərsə də məruzəçilərin kimliyi bəri başdan konfransın əsas məqsədinin nədən ibarət olduğunu açıq şəkildə ortaya qoyur. Erməni mətbuatı isə bu məqsədi, konfransın adından da göründüyü kimi, daha çox dünyada yaşanan ermənifobiya ilə izah edir. Qeyd olunur ki, bu fobiya guya hazırda Azərbaycan və Türkiyədə müşahidə olunur və sözügedən tədbirin də məqsədi bu təzahürlərə qarşı mübarizə yollarını tapmaqdan ibarətdir.
Erməni mətbuatının xəbərinə görə, “Ay Data” təmsilçisi Arut Şirinyan deyib ki, guya bu fobiya Azərbaycan və Türkiyə hökumətləri tərəfindən idarə olunur və uşaq bağçalarında, məktəblərdə azyaşlılara ermənilərə nifrət hissi aşılanır. Son zamanlar Los Ancelesdə bir neçə erməni məktəbinin və erməni kilsəsinin divarlarında da antierməni şüarların müşayiətilə türk bayrağının peyda olduğunu bildirən Şirinyan deyib ki, konfransın keçirilməsində məqsəd beynəlxalq təsisatların diqqətini problemə yönəltmək və onlara doğru informasiyaları (?) çatdırmaqdır.
Xəbərdə o da bildirilir ki, konfransda qondarma “DQR”in qondarma ombudsmanının ötən il ermənifobiya mövzusunda hazırladığı hesabat da təqdim olunacaq və bu kontekstdə aprel müharibəsində qeydə alınan antierməni təzahürlər diqqətə çatdırılacaq. Artak Beqlaryan isə deyib ki, 2016-cı ilin aprel savaşı Azərbaycan tərəfindəki ermənifobiyaya bariz nümunədir, çünki həmin günlərdə Azərbaycan Ordusu guya vəhşiliklər törədib, erməni əsgərlərinin başı kəsilib, onlara işgəncə verilib və erməni məktəbləri atəşə tutulub. Onun sözlərinə görə, konfrans nəticəsində avropalı tərəfdaşlar “məzlum erməni xalqının” hansı təhdidlə üz-üzə olduğunu və Azərbaycan dövlətinin nə kimi siyasət yürütdüyünü görəcəklər.
Məsələyə münasibət bildirən “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev qeyd etdi ki, bu, Ermənistanın növbəti saxta kampaniyasıdır: “Genosid, Sumqayıt hadisələri və sair kimi uydurma kampaniyaların davamını görürük. Hansı ermənifobiyadan söhbət gedə bilər? Azərbaycanda 30 mindən çox erməni yaşayır, dövlət təminatı altındadırlar. Türkiyədə ermənilər nəinki yaşayır, hətta deputat da seçilirlər, Türkiyə parlamentində Türk dünyasına meydan oxumaq qədər özlərini sərbəst və həyasız da apara bilirlər. Elə adıçəkilən Avroparlament tədbirində ağzına gələni danışmaq şansı almış şəxslərdən biri Türkiyə ermənisidir. Haro Paylan adlı türk parlamentinə düşmüş erməni İstanbul-İrəvan yolunu su yoluna döndərib. Bacardığını edir. Görünür, Paylan kimi erməniləri parlamentə buraxanların da günahı az deyil. Bütün bunların qarşısında hansı ermənifobiyadan söhbət gedə bilər? Əksinə, ermənilər özləri xof və fobiya içindədirlər. Özlərinin pis əməllərinin, təcavüzkar hərəkətlərinin əsirinə çevriliblər və xof altında yaşayırlar. Avroparlament özünə hörmət etsə, belə aşkar saxta kampaniyalara meydan verməz”.
Samirə SƏFƏROVA