Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Ölkədə mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi zərurətini nəzərə alaraq, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.
Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılacaq.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.