Azər Həsrət: “Azərbaycanın Rusiyadakı səfiri təcili onlarla əlaqə saxlayıb, bizim də mövqeyimizi çatdırmalıdır”
Rusiyanın “Rossiya-24” telekanalı Sumqayıt hadisələrinin 31-ci ildönümünə həsr olunan süjet hazırlayıb. Televiziyanın axşam buraxılışında Ermənistandakı əhalidən Sumqayıt hadisələri ilə bağlı münasibət öyrənilib.
Həmin proqram çərçivəsində guya hadisələrin canlı şahidləri kimi təqdim edilən şəxslər danışdırılıb. Süjetdə Ermənistan prezidentinin də həmin hadisələrlə bağlı qondarma soyqırım abidəsi önünə əklil qoyduğu barədə məlumat verilib. Maraqlıdr ki, bu məlumat “Sputnik-Armenia” saytı tərəfindən həvəslə tirajlanıb. “Sputnik” informasiya şəbəkəsi Rusiyanın nəzarətindədir. Onun Azərbaycanda da bürosu fəaliyyət göstərir. Ancaq maraqlıdır ki, bu günlərdə həmin agentliyin azərbaycanlı baş redaktoru Mətin Yaşaroğlu tutduğu vəzifədən azad olundu. Bildirilirdi ki, baş redaktor Ermənistan bürosunun şikayəti əsasında Moskvadakı rəhbər ofis tərəfindən işdən uzaqlaşdırılıb. Səbəb kimi isə Mətin müəllimin Dağlıq Qarabağ məsələsinə milli təəssübkeş kimi yanaşması göstərilib. Bir sözlə, baş redaktoru aşırı milli təəssübkeşlikdə günahlandırıblar. Marqlıdır, “Rossiya-24”ün hazırladığı süjet jurnalist parametrlərinə nə dərəcədə cavab verir ki, “Sputnik-Armenia” onu belə həvəslə tirajlayır? Hər halda, qarşı tərəf kimi azərbaycanlıların mövqeyinə yer verilməməsi böyük qərəzdən xəbər verir.
Media məsələləri üzrə ekspert Azər Həsrət qəzetimizə bildirdi ki, sözügedən süjeti izlədikdən sonra onun tam qərəzli olduğu qənaətinə gəlib: “Jurnalistika nöqteyi-nəzərindən çox ciddi qüsurları olan bir süjetdir. Ona görə ki, Sumqayıt hadisələri çox da uzaq olmayan bir dönəmə təsadüf edib. Hadisə ilə bağlı gercəkləri daha peşəkar şəkildə araşdırıb, üzə çıxarmaq mümkündür. “Rossiya-24”ün süjetində tək ermənilərin və Ermənistanın mövqeyi işıqlandırılıb. Məsələyə Azərbaycan tərəfinin münasibəti öyrənilməyib.Yarımçıq təqdim olunan informasiyadan hiss edilir ki, jurnalistlər, əslində, Sumqayıtda nəyin baş verdiyini gözəl bilirlər. Sadəcə, gerçəklərin ortaya çıxmasında tam maraqlı olmayıblar. Reportajın sonunda 26 nəfər erməninin öldüyü bildirilir. Halbuki, hamı bilir ki, Sumqayıtda 6 nəfər azərbaycanlı da öldürülüb. İkincisi, artıq məhkəmə ilə təsdiq edilib ki, Sumqayıt hadisələrini törədənlərin başında erməni millətindən olan Eduard Qriqoryan adlı bir nəfər kriminal element durub. O adam etiraf edib ki, öz əli ilə erməniləri öldürüb. Erməninin digər ermənini öldürdüyü Sumqayıt hadisəsində Azərbaycanı günahlandırmaq nə dərəcədə doğrudur? Əlbəttə, haqsızlıq və ədalətsizlikdir. Düşünürəm ki, “Rossiya-24” kanalına Azərbaycan tərəfindən etiraz göndərilməlidir. Azərbaycanın Rusiyadakı səfiri təcili onlarla əlaqə saxlayıb, bizim də mövqeyimizi çatdırmalıdır. Rusiya bizə yaxın, qonşu, dost dövlətdir. Bu, öz yerində, amma bu cür məsələlərdə biz güzəştə getməməliyik. Diplomatik kanalla hərəkətə keçib faktları telekanala təqdim etmək lazımdır. Bundan sonra isə tələb olunsun ki, həmin süjetdə bizim də mövqeyimiz getsin”.
Məhəmmədəli QƏRİBLİ