Məhəmməd Əsədullazadə: “İran rəsmiləri onun səmimiyyətinə inanmadığı üçün, bu dedikləri ciddi qəbul edilməyəcək”
Xarici siyasətdə uğursuzluqlarını ən müxtəlif yollarla kompensasiya etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə üzünü İrana tutdu. Lakin görünən odur ki, bu səfər də, əvvəlkilər kimi, ciddi uğursuzluğa səbəb olacaq. Bəlli olduğu kimi, hakimiyyətə gələn vaxtlar Qərb dövlətləri ilə əməkdaşlığı prioritet elan edən Paşinyanın gözləntiləri çox keçmədi ki, puç oldu.
Məsələ ondadır ki, inqilab etməklə dərhal investisiya axınının baş verəcəyini gözləyən Paşinyana Avropadan rədd cavabı gəldi. Avropa ümid edirdi ki, yeni hakimiyyət Gürcüstanın yolu ilə gedib üzünü tam şəkildə onlara tərəf çevirəcək. Lakin bu baş vermədi. Paşinyanın Rusiyaya yönəlik bəzi siyasi reveransları da nəticə vermədi.
İranda rəsmi səfərdə olan Paşinyan həmin ölkənin Prezidenti Həsən Ruhani ilə görüşdən sonra tərəflərin birgə brifinqində qarşı tərəfi inandırmaq üçün min cür dil töküb. Paşinyan İran rəsmilərini inandırmağa çalışıb ki, guya bu ölkədə baş verən dəyişikliklər Qərblə, əsasən də ABŞ-la bağlı deyil: “Bütün bunlar bizim daxili işimizə aid olan proseslərdir. Heç bir xarici qüvvə Ermənistanın daxilindəki proseslərə müdaxilə etmir”.
Qeyd edək ki, Paşinyanın İranın Ali dini lideri Xamneyi ilə keçirdiyi görüşdə dini lider bildirib ki, ABŞ-ın niyyətlərindən asılı olmayaraq, Ermənistan-İran münasibətləri dostluq səviyyəsində davam etməlidir. Bununla o, Ermənistanın yeni hökumətinin ABŞ-a meylli olduğuna kiçik işarə etmək istəyib. Paşinyan isə deyib ki, onların ölkəsindəki proseslərə heç bir xarici qüvvənin müdaxiləsi yoxdur. Bu, məsələnin görünən rəsmi tərəfi. Heç şübhəsiz ki, bağlı qapılar arxasında gedən danışıqlarda Paşinyan İranı inandırmaq üçün göründüyündən daha çox canfəşanlıq göstərib. Ermənistan İranı burada heç bir problemin olmadığına inandırmaq istəsə də, reallıq fərqlidir. Ona görə də İran rəsmilərinin Paşinyanın dediklərinə inanması real görünmür. Çünki Paşinyanın bu yöndə bəzi səylərinə rəğmən, İran rəsmiləri bir sıra reallıqların fərqindədirlər. Ona görə ki, İran regional ölkə olaraq yaxşı bilir ki, Ermənistanda “məxməri inqilab”ın baş verməsində Qərbin rolu olub. Bundan başqa, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qərb ölkələrində təhsil alan Ermənistan vətəndaşları hakimiyyətdə müxtəlif postlara gətirilib. Bütün bunların fərqində olmamaq mümkün olan iş deyil.
O baxımdan maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Paşinyan bu məsələdə İran rəsmilərini inandıra bildimi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran Ermənistanla əlaqələrin genişlənməsində maraqlı olsa da, Paşinyanın səmimiyyətinə inanmır: “Ermənistanda ötən ilin aprel və may aylarında baş verən inqilab heç də xalqın tələbi ilə reallaşmadı. Bu ölkədə inqilabı edən əsasən ABŞ-ın Soros fondudur. Bu gün fikir versək görərik ki, Paşinyanın kabinet üzvlərinin çoxu “Sorosun uşaqlarıdır”. Hesab edirəm ki, Paşinyan İran səfərində inqilabı xalqın etdiyini qeyd etsə də, bu, reallığa əsaslanmır və İran rəsmiləri də bunun fərqindədirlər. Düşünmürəm ki, o bu məsələdə Ruhanini inandıra bilib. Kifayət qədər maliyyə vəsaiti hesabına başa gələn bu inqilabın məqsədi Rusiyanın regionda mövqeyini zəiflətmək, həmçinin, paralel olaraq, İranın Ermənistana çıxışını zəiflətməkdir. Ancaq Paşinyanın tam əksini qeyd edərək Tehranda bunu fərqli formada təqdim etməsi nəyisə dəyişməz. Çünki İran rəsmiləri Paşinyanın səmimiyyətinə inanmadığı üçün, bu dedikləri ciddi qəbul edilməyəcək. Bu gün İran-Ermənistan əlaqələri normal olsa da, bunu ciddi iqtisadi inkişaf səviyyəsinə gətirmək mümkün olmayacaq. Çünki hər iki ölkənin buna iqtisadi potensialı yoxdur. O üzdən, Paşinyanın İran siyasəti heç də uğurlu olmayacaq. Tehranın ABŞ-ın adamı olduğu üçün, Paşinyana tam etimadı yoxdur”.
Vidadi ORDAHALLI