Cari il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ən böyük gözləntilərindən biri işğalçı Ermənistanın zəbt etdiyi ərazilərdən tədricən öz ordusunu çıxarmağa başlamasıdır. Məhz bu hal konfliktin dinc müstəvidə həllinə imkan yaratmaq iqtidarındadır. Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra Bakı bu istiqamətdə İrəvanın konstruktiv addımlar atacağına böyük ümidlər bəsləyirdi.
Elə münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən ölkələrin də belə gözləntiləri yüksək idi. Amma tam hakimiyyətini bərqərar edən Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi son açıqlamalar məsələnin sülh müstəvisində həllinə olan ümidləri getdikcə azaldır. Bunu onun Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə verdiyi açıqlamalar da təsdiq edir.
Burada Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda iştirakı barədə təxribatçı mövqeyini növbəti dəfə təkrarlayıb. Amma bir qədər diplomatik üslubda: “Biz Azərbaycan prezidenti ilə görüşmək məcburiyyətindəyik. Bu, gündəmi olmayan görüş olacaqsa da, lakin əsas amallarından biri danışıqlar formatının müzakirəsi olacaq. Formatla bağlı razılaşmayana qədər əlaqələri rəsmi danışıqlar saymaq olmaz. Mən Ermənistanın adından danışıram, çünki mən Ermənistanın baş naziriyəm, Qarabağ adından danışmıram, Qarabağın öz “hakimiyyəti” var. Danışıqlar prosesində Qarabağ adından Qarabağın “hakimiyyəti” danışıqlar aparmalıdır. Qarabağın danışıqlar prosesinin subyekti olması üçün hər şeyi etmək məcburiyyətindəyik”. Bundan əvvəl Paşinyan açıqlamışdı ki, Davosda Əliyevlə görüşündə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini qaldırıb. Amma Azərbaycan prezidenti buna etiraz edib, bildirib ki, belə olsa, o zaman gərək regionun azərbaycanlı icması da danışıqlara qatılsın. Erməni ekspert Anna Ohanyan da bildirir ki, Azərbaycanın bu yanaşması tamamilə haqlıdır və reallığı əks etdirir: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi sahəsində dəyişikliklər vacibdir. Ermənistan və Azərbaycan tərəflərinin müstəqil şəkildə, vasitəçilərsiz görüşlər keçirməyə hazırlığını müsbət qiymətləndirirəm. Danışıqların formatında da dəyişikliklər zəruridir. Danışıqlarda Dağlıq Qarabağdan olan azərbaycanlı və erməni qaçqınların da iştirakı mümkündür”. Amma İrəvan, hələ ki, məsələyə fərqli yanaşır.
Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəlişindən bu yana təxminən 10 aydır ki, eyni tezisi təkrarlamaqdadır və Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda subyekt kimi iştirakına nail olmağın perspektivsizliyini bildiyi halda bu mövqeyini hər fürsətdə təkrar edir. Bu baxımdan belə qənaət formalaşmaqdadır ki, Paşinyan, əslində həmin tezisi münaqişə ətrafındakı status-kvonu daha bir müddət uzatmağa hesablanmış bəhanə kimi istifadə edir. Nəticədə münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınır. Bu isə uzun müddət belə davam edə bilməz. Məhz belə vəziyyət Qarabağ savaşını körükləməyə başlayır. Digər tərəfdən, belə bir vaxtda bəlli olub ki, Ermənistan parlamentinin müdafiə, daxili işlər və milli təhlükəsizlik məsələləri üzrə daimi komissiyası tərəfindən Qarabağ münaqişəsinin nizamlanması üzrə dinləmələr təşkil ediləcək. “Joxovurd” qəzeti yazır ki, müzakirələrin əsas mövzusu gələcəkdə qondarma qurumun danışıqlar masasına daxil edilməsinə dair alternativ yolun tapılmasına həsr ediləcək. Dinləmələr İrəvanda təşkil edilsə də, qondarma qurumun “parlament” nümayəndələrindən də dəvət edilən olacaq.
Aydındır ki, Ermənistanın belə təxribatçı yanaşmalarına Azərbaycan uzun müddət dözmək niyyətində deyil. Yaranmış durumda beynəlxalq ictimaiyyət nümayəndələri də kifayət qədər aydın görür ki, İrəvan konstruktiv əhval-ruhiyyəli danışıqlar prosesindən yayınır. Məhz bu şəraitdə Azərbaycanın məsələnin hərb müsəvisində çözümü üçün müvafiq addımlar atması zərurətə çevrilir. Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə vurğulayır ki, güc yolu ilə məsələnin çözümü Ermənistan üçün böyük zərbə olacaq: “Azərbaycan ordusunun gücünün daha da artması, prezident İlham Əliyevin Qarabağ məsələsilə bağlı mesajları Ermənistan tərəfini ciddi narahat edir. Artıq Azərbaycanın səbri tükənib. Azərbaycan tərəfindən verilən bəyanatlar əbəs yerə deyil. Zaman yetişəndə Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməyə başlayacaq. Bu da Ermənistan üçün faciə olacaq. Bir sözlə, Ermənistanın mövcudiyyəti sual altında qala bilər”. Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan ordusu güc baxımından Ermənistandan 30 pillə irəlidədir: “10 ildən çoxdur ki, Azərbaycan ordusuna ayrılan vəsait Ermənistan büdcəsindən çoxdur. Bu məqamda Ermənistanın müdafiə naziri David Tonoyan yeni silahlar alacaqları ilə bağlı bəyanat verir, amma söylədiklərini heç nə ilə əsaslandıra bilmir. Bir sözlə, Tonoyanın dedikləri havaya söylənmiş bəyanatdır. Bunu erməni analitiklər də əsassız hesab edir. Baş nazir Paşinyan orduda ərzaq, geyim problemindən danışırsa, hansı güclü silahdan söhbət gedə bilər? Onlar bu vəziyyətdə hansı hücum əməliyyatı apara biləcəklər? Çünki hücum edən tərəf müdafiə olunandan azı 3 dəfə güclü olmalıdır. Buna isə Ermənistan ordusunun imkanı yoxdur”. Real vəziyyət də göstərir ki, Azərbaycan ordusu bütün istiqamətlərdə Ermənistan ordusundan üstündür və onların imkanları müqayisəedilməzdir. 2016-cı ilin aprel döyüşləri, həmçinin Günnüt əməliyyatı zamanı Ermənistan ordusunun döyüş meydanından məğlub olaraq qaçması da qeyd edilənlərin təsdiqidir. Ermənistan ordusunun istər yaxın gələcəkdə, istərsə də uzunmüddətli perspektivdə Azərbaycan ordusu ilə müqayisə edilmək imkanına malik olmasının qeyri-mümkünlüyü isə yeni Qarabağ savaşının da hansı nəticələrlə yekunlaşacağını çox asanlıqla təmin etməyə imkan verir. Məhz bu şəraitdə danışıqlara getmək əvəzinə təxribatçı mövqe sərgiləmək ekspertlər dairəsində Ermənistanın öz intiharına qol çəkməsi kimi dəyərləndirilir. Elə sabiq dövlət müşaviri Qabil Hüseynli də məsələyə məhz bu prizmadan yanaşır. Qeyd edir ki, Ermənistan birmənalı olaraq danışıqlar prosesini pozmağı qarşısına məqsəd qoyub və bunun üçün də müxtəlif siyasi əllaməliklərə əl atır. Ermənistan parlamentində Qarabağ məsələsinin həllinə dair dinləmələrin təşkil edilməsini ekspert məhz bu qəbildən olan hal kimi dəyərləndirir. Politoloq bildirib ki, beynəlxalq hüquq baxımından Azərbaycanın ərazisi olan bir qurumun nümayəndələrinin Ermənistanın ali qanunverici məclisində dinləmələrə çağırılması hüquqi nonsensdir və bütövlükdə dünya düzəninə qarşı saymazlıqdır: “Açıq-aşkar hüquqi nihilizm nümayiş etdirən Paşinyan hökuməti bu taktikası ilə Azərbaycanı özündən çıxarmağa və sülh prosesini düyünə salmağa çalışır. Çünki sözügedən dinləmələrin keçirilməsi faktiki olaraq danışıqlar prosesinə heç bir töhfə verə bilməz. Ermənistan rəhbərliyi açıq-aşkar danışıqlarda qət edilmiş məsafənin üstündən xətt çəkmək və prosesi tamamilə sıfır nöqtəsinə qaytarmaq xətti yeridir”.
Q.Hüseynlinin sözlərinə görə, işğalçının digər bir niyyəti isə hər vəchlə vaxt udmaq və bu müddət ərzində işğal prosesi ilə bağlı öz xeyrinə olan prosedurları həyata keçirməkdir: “Ermənistan çox təhlükəli bir mövqe tutub. Bu belə bir qənaətə gəlməyə imkan verir ki, məsələnin yeganə həll yolu məhz müharibə variantıdır. Görünür, Ermənistanın bu cür qeyri-konstruktiv addımı onun himayədarları tərəfindən də şirnikləndirilir”.
Hər halda, baş verənlər Qarabağda yeni savaş ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bundan qaça bilmək üçün ekspertlər hesab edir ki, rəsmi İrəvanın məsələnin həllinə təkan verən mövqe sərgiləməsi məqsədilə Ermənistana xarici təzyiqlərin edilməsi vacibdir. Əks təqdirdə Azərbaycanın məsələni güc yolu ilə həll etməkdən başqa çarəsi qalmayacaq. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti İvan Timofeyev Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülməsini mümkün sayır: "Son aylarda vəziyyət danışıqlar sayəsində sanki normallaşıb, amma hərbi əməliyyatların yenidən başlanması ilə bağlı real risqi hesabdan silmək olmaz. İstənilən gərginliyin məntiqi, xüsusilə də Qafqazda, onu göstərir ki, pis vəziyyətdə qalmamaq üçün müəyyən addımlar atıla, qərarlar qəbul oluna bilər. Bu mənada, Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa risqi kifayət qədər yüksəkdir. Amma belə əməliyyat Ermənistan üçün yaxşı heç nə vəd etmir. Hər halda o baxımdan ki, Azərbaycan ötən illər ərzində hərbi mövqelərini xeyli gücləndirə bilib". Rusiyalı politoloq Pavel Felgenhauer də erməni tərəfinin nəticələri indidən hesablamalı olduğunu vurğulayır. O, tərəflər arasında müharibə başlayacağı təqdirdə Azərbaycanın qalibiyyət imkanlarının çox olduğunu xüsusi qeyd edir: "Az qala üstündən 3 il keçən aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı. O vaxtdan bəri erməni ordusunda müsbətə doğru nəyinsə dəyişdiyini söylmək çətindir. Lakin daha fundamental olan şeylər də var. Bu da Ermənistan ordusunun geriliyidir. Hərbi əməliyyatlar üçün müasir silahlar lazımdır, bu isə Azərbaycanda var. Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər. İrəvanın belə aparatları yoxdur, hətta Rusiyada da bu mövcud deyil. Azərbaycan indi bəzi şeylərdə Rusiyadan daha irəliyə gedib. Ona görə ki, onlara bu texnikanı İsrail tədarük edir. Rusiya isə belə şeyləri özü istehsal etmək gücündə deyil. Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq. Məhz bu mənada İrəvanın nəticələri indidən hesablaması olduqca önəmlidir”. Bu və digər ekspertlər, araşdırma mərkəzləri səviyyəsində İrəvana edilən xəbərdarlıqların əsas mahiyyəti budur ki, Ermənistan hər vəchlə Azərbaycanla savaşdan qaçmalı, işğal altındakı əraziləri könüllü şəkildə azad etməlidir. Əks təqdirdə bu ölkənin sonunu gətirəcək savaş qaçılmazdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.