Mübariz Əhmədoğlu: “Belə davranış modelinə meyllənmənin nəticəsidir ki, onun bəyanatları bir-birilə uzlaşmır”
Ermənistan baş naziri Nikol Paşinyan fevralın 27-də İranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyinin anonsunu verib. O, görüşdə bildirib ki, Ermənistan hökumətinin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılması”dır:
“Azərbaycan Prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, lakin onun əsas istiqamətini danışıqlar formatının müzakirəsi təşkil edəcək. Hələ ki, format ətrafında razılığa gəlməmişik, təmasları rəsmi danışıqlar hesab etmək olmaz. Mən Ermənistan adından danışıram, çünki bu ölkənin baş naziriyəm. Mən Dağlıq Qarabağın adından danışmıram”.
Xatırladaq ki, Prezident İlham Əliyev baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb. Ancaq, göründüyü kimi, Paşinyan yenə də danışıqlarda format məsələsini gündəmə gətirir. O, əvvəllər də belə açıqlamalar verib, lakin sonradan Ermənistan adından həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyyəsində Dağlıq Qarabağ konflikti ilə bağlı fikir mübadiləsi aparılıb, görüşlər keçirilib. Belə olan təqdirdə, Paşinyanın yenidən format məsələsinə eyham vurması nəyə hesablana bilər?
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra daban-dabana zidd olan bəyanatlar verir: “Onun tərəfindən verilən bəyanatlar sonra özü tərəfindən təkzib olunur. Əksər hallarda isə atdığı addımlarla həmin bəyanatlar arasında ciddi ziddiyyətlər ortaya çıxmış olur. Paşinyan hakimiyyətə gələn kimi verdiyi ilk bəyanat danışıqlar formatının dəyşdirilməsi ilə bağlı oldu. Dedi ki, Dağlıq Qarabağ məsələsini separatçı rejimin nümayəndələri ilə müzakirə etmək lazımdır. Təbii ki, onun bu mövqeyi ciddi etirazla qarşılandı. Sərgilənən mövqedən aydın göründü ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr həmin təklifi heç yaxına belə buraxmaq istəmədilər. Hətta Paşinyana bununla bağlı sərt iradlar da bildirildi. Görün ardınca nə oldu? Paşinyan Prezident İlham Əliyevlə görüşür, amma saat yarım ərzində heç nə müzakirə etmədiklərini bildirir. Və yaxud Azərbaycan və Ermənistanın xarici işlər nazirləri artıq dördüncü dəfədir görüşüblər. Ən az müddətli görüş 3 saat davam edib. Qalan bütün görüşlər 4 saat davam edib. N.Paşinyanın məntiqilə yanaşsaq, onda belə çıxır ki, Azərbaycan və Ermənistanın XİN başçıları ağızlarını açıb nəsə danışmayıblar? Üst-üstə 15 saatlıq görüşdə, təbii ki, əsas müzakirə obyekti Dağlıq Qarabağ olub. Deməli, format heç də dəyişməyib. Sadəcə, Ermənistan rəhbərliyi hər situasiyaya uyğun olaraq, növbətçi bəyanatlar verməklə məşğuldur. Bir müddət əvvəl Paşinyan Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşünü mümkün hesab edən bəyanat da verdi. Görünən budur ki, Paşinyan, çox böyük ehtimalla, Dağlıq Qarabağ tənzimlənməsi isiqamətində hansısa addımları atmaq istəyir. Sadəcə, bunu elə manera ilə etmək istəyir ki, Ermənistan cəmiyyəti tənzimlənmənin zəruriliyini başa düşsün. Nəticədə destruktiv millətçi qüvvələrin müqavimətini minimallaşdırır. Belə davranış modelinə meyllənmənin nəticəsidir ki, onun bəyanatları bir-birilə uzlaşmır. Paşinyan heç vaxt danışıqlar formatını dəyişmək gücündə olmayacaq. Bunu özü hamıdan yaxşı bilir. Sadəcə, bu cür manevrlərlə daxili auditoriyanın başını qatır”.
Məhəmmədəli QƏRİBLİ