Azərbaycan və Ermənistana münasibətdə Qərb təşkilat və ölkələrinin hələ də ikili standartlardan çıxış etməsi heç kimə sirr deyil. Məhz bu səbəbdəndir ki, Azərbaycanda məişət zəminində baş verən hadisələri bəzi hallarda Qərbdə siyasiləşdirilməyə belə cəhd göstərirlər. Amma Ermənistanda demokratiyanın daha kəskin şəkildə boğulmasına hələ də laqeyd yanaşılır. Halbuki, indi Ermənistanın özündə etiraf olunur ki, ölkədə çox kəskin bir vəziyyət yaranıb və bu xüsusda söz azadlığına hücumlar daha da artıb.
Məhz belə bir vaxtda bəlli olub ki, İrəvan meri şəhərin mərkəzində yerləşən müxtəlif binalardan bütün jurnalist təşkilatlarının və media orqanlarının çıxarılması barədə məhkəmə qərarı çıxartdırıb. Məhkəmənin qərarına əsasən, şəhərin müxtəlif rayonlarında yerləşən bir sıra erməni media orqanları beş gün müddətində öz ofislərini boşaltmalıdır. Onlara Dövlət Əmlak Komitəsindən də müvafiq bildiriş göndərilib. Sənədlərdə deyilir ki, jurnalistlər dövlət mülkiyyətində olan və onlara müvəqqəti istifadə üçün verilmiş ofisləri qısa müddət ərzində təhvil verməlidir. Həmçinin qeyd olunub ki, boşaldılan binalar hərrac qaydasında satışa çıxarılacaq.
Baş verənlərlə bağlı danışan Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan isə bu işdə baş nazir Nikol Paşinyanı ittiham edib və hökumətin mediaya qarşı müharibə apardığını bildirib. Jurnalistlər İttifaqının sədrinin ofisindən çıxarılan media orqanlarını Mətbuat Evində yerləşdirmək təklifinə də hökumətdən müsbət cavab gəlməyib. Onun sözlərinə görə, jurnalistlərin həmin ofislərdən çıxarılması əmrini Nikol Paşinyan verib: “Redaksiyaların ofisləri hərraca çıxarılacaq. Bu qərar hakimiyyətin həyata keçirdiyi siyasətə tamamilə uyğun gəlir. Onlar KİV-i təhqir edirdilər, hədələyirdilər, tənqid edirdilər. Bu qərar isə ultimatuma daha çox oxşayır. Bu, hakimiyyətin KİV-ə müharibə elan etməsinin göstəricisidir. Ermənistan hakimiyyəti KİV-ə müharibə elan edərək onları İrəvanın müxtəlif yerlərindəki ofislərindən çıxarır”. S.Seyranyan bildirib ki, İrəvan meri ilə ofisə dair razılıq əldə edilməsə, “Qraparak” qəzetinin baş redaktoru və “Aeli” mətbuat klubu məhkəməyə müraciət edəcək. O vurğulayıb ki, Ermənistan hökumətinin mətbuata qarşı elan etdiyi müharibə siyasi xarakter daşıyır.
Politoloq Aqasi Yenokyan də hesab edir ki, 2019-cu il Ermənistanda kütləvi informasiya vasitələrinə təzyiq ilinə çevriləcək. O bildirir ki, Paşinyanın institusional opponenti mətbuat olacaq: "Bu səbəbdən də bu ilin əvvəlindən mətbuatı "əzməyə” doğru istiqamət götürüb. Hələ məhşur xaş məclisi ilə bağlı çoxsaylı materialların dərcindən sonra Paşinyan bildirib ki, medianın 90 faizi keçmiş hakimiyyətin əlində cəmləşib. Bir sözlə, mətbuata qarşı ov mövsümü başlayıb”.
Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da vəziyyətdən narazı olanlar sırasındadır:"Baş verən antidemokratiya hərəkətləri fonunda insanı dəhşətə gətirən və qəzəbləndirən hakimiyyətin susqunluğudur. Onlar aldatmaqdan və yalan deməkdən savayı heç nə etmirlər. Axı nə qədər nifrət, kin-küdurət təbliğatı ilə məşğul olmaq olar?”. Şarmazanov Paşinyanın siyasi rəqiblərini həbsə atdırmasının da demokratiyadan çox uzaq addım olduğunu bildirərək, beynəlxalq ictimaiyyətin buna reaksiya verməli olduğunu qeyd edib.
Hazırda bütün bunlara qarşı müxalifətin yeni gedişləri də müzakirə olunur. Məlumatlara görə, yaranmış vəziyyətdə Ermənistanın sabiq baş naziri Karen Karapetyan ölkədəki siyasi qüvvələrlə Paşinyan hökuməti əleyhinə məsləhətləşmələr aparır. “Jamanak” qəzeti yazır ki, sabiq baş nazir siyasətçilərlə İrəvandakı mehmanxanalardan birində görüşlər keçirib: “Görüşlərdə Karapetyan öz həmsöhbətləri ilə Ermənistanda iqtisadi və siyasi sistemin deqradasiyası məsələlərini müzakirə edib, həmçinin yaranmış vəziyyətdən birgə çıxış yollarını təklif edib”. Görünən budur ki, Paşinyan Qərb dəyərlərindən danışsa da, reallıqda öz diktaturasını qurmağa meyllidir. Erməni hüquq müdafiəçisi Artur Sakunts da hadisələrin məhz bu istiqamətdə inkiaşf etdiyini vurğulayır: "İstənilən fəaliyyət və ya qərar ictimai tələb üzərinə əsaslanaraq, hüquqi dövlətin prinsiplərinə və siyasətinə ziddiyyət təşkil edirsə, qəbul edilə bilməz". O qeyd edib ki, əks halda, faşist Almaniyasında olduğu kimi, demokratiya diktaturaya çevrilə bilər: "Demokratiya yolu ilə qəbul olunan qərarlar insan haqları ilə məhdudlaşdırılır. Məsələn, referendum yolu ilə və ya qanunverici orqan tərəfindən söz azadlığı, fikir ifadəsi azadlığı, hər hansı insan haqlarını məhdudlaşdıran qanun qəbul edilə bilməz. Lakin təəssüf ki, Ermənistanda bütün bunların əksi baş verir. Biz Sarksiyan diktaturasının əvəzinə yenisini görürük".
Nahid SALAYEV