Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri fonunda Tehran və İrəvan arasında əlaqələrin sonrakı inkişafının hansı istiqamətdə cərəyan edəcəyi xüsusi maraq doğurur. Səfərdən belə bəlli olur ki, İrəvan İrandan ucuz qaz almaq, əlavə investisiyalar cəlb etmək, barəsində illərdir bəhs edilən dəmir yolunun çəkilişinə nail olmaq istəyir. Rusiyanın Ermənistana satdığı qazın qiymət artımı fonunda bütün bunlar İrəvan üçün olduqca vacibdir. Lakin məsələnin bir sıra digər mühüm, özü də Ermənistan üçün heç də xoş olmayan tərəfləri də var.
Əvvəla, İran bildirir ki, Ermənistana ixrac etdiyi təbii qazın həcmini artırmağa hazırdır. Lakin bunun üçün qiymət məsələsində tərəflər arasında fikir ayrılığı var. Ermənistan qazı ucuz almaq istəsə də, İran fərqli mövqedən çıxış edir. Paşinyanın səfəri fonunda bu məsələ həllini tapa bilməyib. Paşinyan bu xüsusda bildirib ki, Ermənistanın İrandan qaz tədarükünü artırması məsələsində qiymətlə bağlı ortaq məxrəcə gəlmək vacibdir: “Bu, anlaşmanın cəlbediciliyi kontekstində prinsipial olaraq vacib məsələdir. Ümid edirik ki, bizim nümayəndələrimiz bu istiqamətdə effektiv danışıqlar aparacaq”. Lakin o da məlumdur ki, qaz məsələsində İran Ermənistana güzşətə getmək istəmir. Bundan başqa, yaxın tezlikdə İranın Azərbaycan qazını Avropaya daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması gözlənir. Belə vəziyyətdə İran qazının Ermənistana satış məsələsi aktuallığını daha da itirəcək. Bakı artıq Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün onun infrastrukturundan yararlanmağı təklif edib. Hazırda bu məsələ Tehranda geniş müzakirə olunur.
Dəmir yolu məsələsi də gündəmdən çıxmış sayıla bilər. Xatırladaq ki, hələ 2008-ci ildə Ermənistan prezidenti olan Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi hələ də ideya olaraq qalır. O vaxtdan uzun illər ötməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb. Bundan sonra da hansısa yenilik gözlənilmir. Əvəzində İran Azərbaycanla bu istiqamətdə əlaqələrin inkiaşfına xüsusi diqqət yetirir. İki ölkə böyük “Şimal-Cənub” layihəsini həyata keçirir. Yeri gəlmişkən qeyd edək ki, “Şimal-Cənub”un mühüm tərkib hissəsi sayılan İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu xətti cari ilin mart ayının 9-da istifadəyə veriləcək. İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami Çabahar bildirib ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun birinci hissəsi olan Qəzvin-Rəşt xəttinin açılışında prezident Həsən Ruhani və Azərbaycanın rəsmi şəxsləri iştirak edəcək. Onun sözlərinə görə, 164 kilometrlik Qəzvin-Rəşt dəmir yolunun inşasına 325 milyon dollar vəsait xərclənib.
İqtisadi vəziyyətin çətinliyinə baxmayaraq, İran Qəzvin-Rəşt dəmir yolunun davamı olan Rəşt-Astara yolunda da inşaat işlərini davam etdirir. M. İslami diqqətə çatdırıb ki, Çabahar limanı yenidənqurma işlərindən sonra istifadəyə verilib və Hindistan bu limana 2 milyard dollara yaxın sərmayə yatırmağa razılıq verib. Çabahar limanı artıq Hindistanın Mumbay limanından gələn ilk yükləri də qəbul edərək Əfqanıstana yola salıb. Fars körfəzindəki Bəndər-Abbas limanı ilə yanaşı, Çabahar limanı da Cənub-Şərqi Asiyadan daxil olan yükləri qəbul edib Avropa istiqamətinə yönəldəcək. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara yolunun tikintisi üçün Azərbaycan İrana 500 milyon dollar güzəştli kredit də təqdim edib. İnşası 3 il davam edəcək Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Mumbay limanından İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttilə Rusiya və Avropaya daşınacaq.
Qeyd edək ki, Azərbaycan Astarası ilə İran Astarasını birləşdirən dəmir yolu artıq istismara verilib və Rusiyadan İrana göndərilən yüklər bu yolla mənzil başına çatdırılır. Məhəmməd İslami isə onu da bildirib ki, Rəşt-Astara dəmir yolunu Azərbaycanla İran birlikdə inşa edəcək. Gələcəkdə bu yolla yalnız yüklər deyil, sərnişin də daşınacaq. Astara(İran)-Astara(Azərbaycan) dəmir yolundan sərnişinlərin Moskvaya və əks istiqamətə daşınması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır. Məhz bütün bunlar İranın əsas diqqətini bu dəmir yolu xəttinə yönəldib. Belə vəziyyətdə İranın Ermənistan istiqamtəində dəmir yolu xəttinin çəkilməsinə sərmayə yatırması tam arxa plana keçib. İrandan Ermənistana digər istiqamətlərdə də sərmayə axını gözlənilmir. Ermənistan hökumətinin İranla sərhəddə yaradılması planlaşdırılan "Azad İqtisadi Zona" ideyası da artıq reallıqdan çox uzaqdır. Ermənistanın daim irəli sürdüyü "Azad İqtisadi Zona" ideyası 90-cı illərdə də iqtisadi baxımdan əsas müzakirə edilən mövzulardan birinə çevrilmişdi. İlkin olaraq, təxminən 30 milyon investisiya tələb edən iqtisadi zona Ermənistanın Aqarak şəhərinə yaxın ərazidə yerləşməli idi. Amma İran indiyə qədər bu layihəyə sərmayə yatırmaqdan imtina edir. Digər tərəfdən, aydın perspektivləri olmayan, qeyri-müəyyən vəziyyətdə olan erməni layihəsinin dondurulmasının başqa əsas səbəbi regionda formalaşan yeni əlaqələr, Azərbaycanın İranla yaratdığı səmərəli iqtisadi tərəfdaşlıq və bu prosesin hər iki ölkənin münasibətlərində yeni bir mərhələyə daxil olmasındadır. Bütün bunlar, öz növbəsində, Paşinyanın İran səfərinin əhəmiyyətinin heçə endiyini göstərir.
Tahir TAĞIYEV