Məhəmməd Əsədullazadə: “Rəsmi Tehran buna qarşı olsaydı, o zaman ermənilər...”
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfərdə olub. Səfər çərçivəsində Paşinyan İranın Ali dini lideri ayətulla Əli Xamneyi, Prezident Həsən Ruhani və İran parlamentinin sədri Əli Laricani ilə görüşlər keçirib.
Bununla belə, İranda rəsmi səfərdə olan Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb. Görüşdə Paşinyan tribunadan icma üzvləri ilə birgə selfi çəkdirib. Erməni həyasızlığının dərəcəsinə bax ki, görüşdə Dağlıq Qarabağdakı separatçı qurumun bayrağı qaldırılıb. Həmçinin, arxa fonda olan və görüşdə qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” yazılıb.
Erməni xisləti, məkri Azərbaycan xalqına hər zaman bəllidir və düşmənin bu addımı bizi heç də təəccübləndirmir. Lakin qonşu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə elan edən İran dövlətinin bu separatçı nüanslara diqqət etməməsi, yaxud onu görməzdən gəlməsi və bu plakatın qaldırılmasına şərait yaratması böyük təəssüf doğurur.
Bununla belə, təəssüf doğuran məqam həm də ondan ibarətdir ki, İranda milyonlarla soydaşımızın yaşamasına rəğmən, onlar Paşinyanın bu ölkəyə səfər etməsinə qarşı hansısa formada etiraz etmədilər. Məsələn, bununla bağlı piket və yaxud da etiraz aksiyası keçirmək olardı. Bunların heç biri nə səfər ərəfəsində, nə də Paşinyanın səfəri başlayanda müşahidə olunmadı. Eyni zamanda, buna hansısa cəhd belə olmadı. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Nikol Paşinyanın İran səfərində Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılması birbaşa rəsmi Tehranın ölkəmizə qarşı siyasətidir. Belə olmasaydı, o zaman ermənilər buna cəsarət etməzdilər. Nikol Paşinyanın İranda erməni icması ilə görüşündə bu plakatın qaldırlması birbaşa orada yaşayan 40 milyon azərbaycanlının ləyaqətinə zərbədir. İranda 100 min erməni icması Qarabağı özününkü sayırsa, oradakı milyonlarla azərbaycanlının susqunluğu təəccüb doğurur. Milliyyətcə azərbaycanlı olan Ali dini rəhbər Xamneyinin Paşinyanı isti qəbul etməsi milli təəssübkeşliyə vurulan zərbədir. Azərbaycanlılar İranda fars təfəkküründə tərbiyə alırlar. Onların siyasi, milli oyanışı bununla olmayacaq. Bu çox təhlükəli tendensiyadır. Belə çıxır ki, 40 milyon azərbaycanlı öz kökünə, milliliyinə biganədir. Buna Cənubi Azərbaycanda milli oyanış deyənlər etiraz etməli idi. Görünür, onların siyasəti səmimi deyil. Yaxud da İran ETTELAT-ının agentidirlər. Cüzi erməni icması Qarabağ uğrunda mübarizə aparır, amma milyonlarla azərbaycanlı buna etiraz etmir. Ən azından, buna cəhd etməli idilər. Digər tərəfdən, İranın Ermənistana siyasi reveransları, əməkdaşlığı inkişaf etdirməsi regionda işğala və təhlükəsizliyin təhdidinə xidmət edir. İlk növbədə rəsmi Tehran İrəvanla əməkdaşlığı yüksək səviyyəyə qaldırırsa, Azərbaycan İrana qarşı ABŞ-ın sanksiyalarına dəstək verməli, İrana kredit ayrılmasını dayandırmalıdır”.
Vidadi ORDAHALLI