Fikrət Sadıqov: “Bu bizim diplomatik müstəvidə qələbəmizdir və ermənilər də bundan narahat olmağa başlayıblar”
Rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə iştirakı ermənilərin bərk narahatlığına səbəb olub. Vəziyyət o yerə gəlib çatıb ki, hətta Ermənistanın Rusiyadakı səfiri bununla bağlı bəyanatla çıxış edib.
İnsanlığa xas olan elementar humanizm dəyərlərini anlaya bilməyən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan bildirib ki, “parlamentarilərin motivləri erməni tərəfinə aydın deyil” və onların Bakı ilə həmrəylik nümayiş etdirmələrini, bu cür aksiyalarda hansı məqsədlə iştirak etmələrini anlaya bilmir.
Xocalıda yüzlərlə dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirən dövlətin diplomatı rusiyalı deputatların bu nəcib hərəkətini özünün nanəcib bəyanatında “antierməni xarakterli” adlandırıb və onların bu addımının guya regionda etimad atmosferinə zərbə vurduğunu söyləyib. O, dünyanın ən nüfuzlu dövlətlərindən birinin parlament üzvlərini Bakının ermənilər əleyhinə təbliğat-təşviqat kampaniyasında iştirak etməkdə günahlandırıb. Regionda etimad atmosferinə gəldikdə isə, hamıya məlumdur ki, onu korlayan yeganə ölkə məhz Ermənistandır.
Erməni səfir bəyanatının sonunda ənənəvi erməni demaqogiyası prizmasından çıxış edərək, guya Rusiya-Ermənistan dostluq körpüsü qurulmasına xələl gətirən parlamentarilərin bu hərəkətinə qarşı tədbir görülməsi üçün Rusiya hökumətinə müraciət edib. Lakin diplomat anlaya bilməyib ki, hətta Dövlət Dumasında Ermənistanla dostluq qrupunun üzvü olan deputat İrina Rodninanın Xocalı yürüşündə iştirakı hansısa antierməni təbliğatının yox, ermənilərin qəddarlıqla qətlə yetirdikləri qadın, uşaq və qocaların ruhuna ehtiramın əlamətidir.
Digər tərəfdən, Moskvada səfərdə olan Ermənistan parlament sədri Ararat Mirzoyan da bununla bağlı “narazılığını” bildirib. Hətta erməni tərəfi Xocalı soyqırımı ilə bağlı Rusiya dövlət televiziyasında verilən süjetdən belə, narahat olmağa başlayıb. Sanki Rusiya kimi böyük dövlət bütün bunlara görə Ermənistandan icazə almalı idi.
Bütün hallarda, Ermənistanın Xocalı soyqırımı məsələsində Rusiyaya yönəlik qərəzli, əsassız münasibətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistanın bu yöndə narahatlığı təsadüfi deyil: “Ermənilər görürlər ki, əsl günahkarlar onlardır. Xocalıda vəhşilik, azərbaycanlılara qarşı soyqırım törədən ermənilər olub. Artıq Rusiya kimi dövlətin nüfuzlu şəxsləri Xocalı soyqırımı abidəsini ziyarət edirlər. Ona görə də ermənilər bundan bərk narahat olmağa başlayıblar. O üzdən, Ermənistanın təşvişə düşməsi aydındır. Çünki Azərbaycan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bir sıra önəmli uğurlar əldə edib. Həm diplomatik, həm də siyasi müstəvidə Xocalı soyqırımının tanıdılmasında müəyyən ciddi nəticələr əldə olunub. Artıq dünyanın 20-yə yaxın dövləti, ABŞ-ın 22 ştatı Xocalıda törədilən qətliamı soyqırım kimi tanıyıb. Bu dəfə bir neçə görkəmli Rusiya deputatı, politoloqları Azərbaycana gələrək bizimlə birgə Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Əlbəttə, bu bizim diplomatik müstəvidə qələbəmizdir və ermənilər də bundan narahat olmağa başlayıblar. O üzdən, qarşı tərəf bunu qəbul etmək istəmir. Ermənistanın Rusiyadakı səfiri bəyanat verir və s. Bu həm də ona işarədir ki, faktiki olaraq, erməni tərəfi sözügedən məsələdə uduzub. Biz dəfələrlə demişik ki, Xocalı soyqırımını törədən ermənilərdir. Vaxtilə Serj Sarkisyan müsahibəsində bunu etiraf da etmişdi. O demişdi ki, “azərbaycanlılar elə bilirdilər biz onlara əl qaldıra bilmərik, amma biz bunu etdik”. Bütün bunların hamısı, əlbəttə ki, Ermənistanın maraqlarına zərbədir. Onlar başa düşürlər ki, artıq bütün dünya Xocalıda baş verən soyqırımı qəbul etməyə başlayıb”.
Vidadi ORDAHALLI