Qabil Hüseynli: “Kimin yanında olurlarsa, həmin auditoriyaya xoş gələn fikirlər səsləndirirlər”
İranın Ali lideri Ayətullah Əli Xamneyi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan rəsmiləri arasında daimi dialoqdan asılıdır. Xamneyi, həmçinin, İranın Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğu barədə əvvəlki mövqeyini xatırladıb.
İran Prezidenti Həsən Ruhani isə Paşinyanla görüşdə bildirib ki, Dağlıq Qarabağ probleminin həlli yalnız sülh yolu ilə mümkündür. Əslində, İranın ali dini və siyasi rəhbərliyinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatda konkretliyə rast gəlinmir. Ən başlıcası isə, bu cür yumşaq və növbətçi ifadələrlə zəngin olan mövqe bir müddət əvvəl İranın ordu rəhbərliyində təmsil olunan şəxsin mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri yanvarın 16-da Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olan zaman daha konkret fikirlər bildirmişdi. Sitat:
"İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Baş Qərargah rəisi bildirib ki, İran bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır".
Göründüyü kimi, İranın müxtəlif rəsmiləri tərəfindən Dağlıq Qarabağla bağlı verilən bəyanatlarda kəskin ziddiyyət var. Niyə ordu rəhbərliyinin konkret mövqeyi siyasi rəhbərliyin mövqeyində əhatə olunmur? Ola bilərmi ki, İran hakim dairələrində Dağlıq Qarabağla bağlı olan mövqelər haçalanır və Ali dini rəhbərin bəyanatını qənaətbəxş saymaq olarmı?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın səfəri, orada onun necə qarşılanması və müzakirə edilən məsələlər həmin müsəlman ölkəsinin əsl niyyətini bir daha göstərmiş oldu: “İranda səslənən bəyanatlardan daha çox onların atdıqları addımlara fikir vermək lazımdır. Bilirsiniz ki, orada teokratik quruluş var. Dini lider ölkənin əsl söz sahibi sayılır. Onlar Dağlıq Qarabağla bağlı məsələyə heç öz ideologiyaları çərçivəsində də yanaşmırlar. Əsl dini hakimiyyət müsəlmanlara zülm verən, məscidləri viran qoyan, müsəlman qəbirlərini dağıdan Ermənistanla heç bir əlaqə qurmamalıdır. Çünki İslam bunu tələb edir. Onlar isə əks mövqe tuturlar. İran Prezidentinin Azərbaycanı İran əraziləri adlandırması, az sonra isə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda yüksək səviyyədə qarşılayıb bağrına basması, Ermənistanı qardaş adlandırması Azərbaycana açıq nifrətin təzahürüdür. Azərbaycan müstəqillik qazandığı 28 ildir, lakin, görünür, İran hakimiyyəti bu müstəqilliyi hələ də həzm edə bilmir. İllərdir İran Ermənistan üçün nəfəslik rolunu oynayır. İranın hər cür yardımı ilə işğalçı Ermənistan indiyə qədər tam iflasa uğramaqdan xilas ola bilir. İran Ermənistanı məqsədli şəkildə dəstəkləyir ki, Azərbaycanın qarşısında ayaq üstə dayana bilsin. Ermənistanın aqressivlikdən, işğalçılıqdan əl çəkməməsində də İranın ona verdiyi dəstəyin rolu az deyil. Həsən Ruhani də İranın Ermənistana dəstək siyasətini can-başla yerinə yetirir. Azərbaycanın inkişaf etməməsi, müstəqilliyini möhkəmlədə bilməməsi üçün Ermənistan kartından Tehran daim istifadə edib. İranın Dağlıq Qarabağ siyasətində rəsmilər arasında mövqelərin haçalana biləcəyini inandırıcı saymıram. Çünki İran belə məsələlərdə sərt xətt yürüdür. İranın yüksək rütbəli hərbçisinin Azərbaycanda verdiyi Qarabağ bəyanatı da ali rəhbərliklə razılaşdırılıb. Sadəcə, siyasi manevrlər edirlər. Kimin yanında olurlarsa, həmin auditoriyaya xoş gələn fikirlər səsləndirirlər. Ən inandırıcı mövqe ali siyasi rəhbərliyindir. Çünki bu passivlik, münaqişənin ömrünün uzadılmasındakı maraq özünü İranın siyasətində belə büruzə verir. Təəssüflə qeyd etməliyik ki, İranın son mövqeyi də Dağlıq Qarabağ konfliktinin həllinin uzadılmasına xidmət edir”.
Məhəmmədəli QƏRİBLİ