İbrahim Rüstəmli: “Həmin məzmunlu bəyanat onların nə dərəcədə çaşqınlıq içində olduğunu göstərir”
Ermənistanın müdafiə naziri David Tonoyan fevralın 26-da erməni hərbi birləşmələrinin Azərbaycana hücum edə biləcəyinin anonsunu verdi: “Əgər hərbi əməliyyatlar bərpa olunarsa, onda biz də tərəddüd etməyəcəyik”.
Jurnalistin “bu o deməkdirmi ki, Ermənistan ordusu hücuma keçəcək” sualına Tonoyanın cavabı belə olub: “Niyə də yox? Biz artıq hücum silahları da almağa başlamışıq. İndiki zamanda müdafiə siyasətinin təşkilindəki mövcud psixologiya və yanaşmalar dəyişir. Təcrübə göstərir ki, müdafiə mövqeyində olan ordular həmişə məğlubiyyətlə üzləşiblər. Biz müdafiə mövqeyində qalmaq niyyətində deyilik. Gördüyünüz kimi, indi biz elə silahlar alırıq ki, düşmənin həmlələrini neytrallaşdırmağa imkan verəcək. Söhbət həm də “Su-30 SM” qırıcılarından gedir”.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın müdafiə nazirinin hücum strategiyası barədə dediklərini "təxribat xarakterli" adlandırıb. Azərbaycan XİN bildirib ki, "Ermənistan müdafiə nazirinin fikri 27 il əvvəlki, başı daxili çəkişmələrə qarışan Azərbaycana getməsin. Bu gün Azərbaycanın kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində olan ordusu var".
Nazirlik xatırladıb ki, "2016-cı ilin əvvəlində münaqişənin həlli üçün konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx yaşadığı əraziləri atəşə tutması həmin ildə baş vermiş aprel hadisələrinə gətirib çıxarıb”.
"Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir", - Azərbaycan XİN-in bəyanatında bildirilib.
Azərbaycan Müdafiə Nazirliyi isə hesab edir ki, Tonoyanın fikirləri populistdir və yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.
Tonoyanın bu bəyanatı məhz Xocalı qətliamı günündə verməsi də maraqlı görünür. Belə faciəvi gündə Tonoyanın hücum barədə danışması nəyin əlaməti sayıla bilər?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli qəzetimizə açıqlamasında bildirdi ki, elə faciəvi gündə deyilən məzmunda bəyanatın verilməsi erməni həyasızlığının daha bir bariz nümunəsidir: “Dinc insanların, körpələrin, qadınların təcavüzə, işgəncəyə məruz qaldığı bir gündə erməni nazirin belə danışması həmin xalqın nə dərəcədə cəzasız qaldığını göstərən faktordur. Azərbaycan bir dövlət olaraq həmin qətliamın qisasını alacaq. Bizdə bu iradə və güc var. Tonoyan əmin olsun ki, həmin insanların qanı yerdə qalmayacaq. Erməni müdafiə nazirinin bu bəyanatı onların güclü olmasının və ya hücum etməyə hazırlaşdığının işarəsi deyil. Həmin məzmunlu bəyanat onların nə dərəcədə çaşqınlıq içində olduğunu göstərir. Onun bəyanatına həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi səviyyəsində lazımi cavab verilib. Ermənistan bilir ki, Azərbaycan nə vaxtsa qəti addım atacaq. Bizim səbrimizin də həddi var. Bütün bunlara sükutla cavab verməyə borclu deyilik. Bir hərbi ekspert kimi mən bunun siyasi aspektinə toxuna bilmərəm. Belə dərin məsələlər Ali Baş Komandanın səlahiyyətinə aid olan mövzulardır. Ancaq ölkədə aparılan ordu quruculuğu siyasəti, bu günlərdə Qarabağ əlilləri, şəhid ailələrinə verilən imtiyazların məbləğinin artırılması, imtiyazların genişlənməsi bir daha göstərir ki, Azərbaycan ordu quruculuğuna böyük önəm verir. Bütün bunlar gələcək perspektivlər üçün baza rolunu oynayır. Müvafiq bir vaxtda ermənilər öz cəzalarını alacaqlar. Onlar hücuma keçmək cəhdinin necə nəticələrə getirdiyini aprel və Günnüt əməliyyatlarında görüblər. Sadəcə, daxili auditoriyaya hesablanan populizmlə məşğul olurlar. Bunun başqa adı da yoxdur. Azərbaycanın son illər əldə etdiyi silahlara gəldikdə isə, onlar həm hücum, həm də müdafiə xarakterlidir”.
Məhəmmədəli QƏRİBLİ