Məhəmməd Əsədullazadə: “Rusiya və Fransa kimi ölkələrdə erməni lobbisi gücündən istifadə edib aksiyaların keçirilməsinin qarşısını almağa səy göstərib”
Dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri keçirilib. Bu tədbirlər çərçivəsində 27 il əvvəl soyqırıma məruz qalan insanların xatirəsi anılıb.
Ancaq erməni xisləti bu dəfə də özünü göstərib. Belə ki, onlar müxtəlif vasitələrlə Xocalı ilə bağlı tədbirlərin keçirilməsinə mane olmağa çalışıblar. Məsələn, Fransanın paytaxtı Parisdə ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.
Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirməyi planlaşdırdığı tədbirin başlanmasına 10 dəqiqə qalmış bir qrup erməni kilsəyə basqın edib. Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər. Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər. Əraziyə çağırılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıb. Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib.
Bundan başqa, Rusiyanın paytaxtı Moskvada Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yürüş keçirmək istəyən azərbaycanlılar saxlanıb. Bir qrup azərbaycanlı gənc bununla bağlı fləşmob keçirməyə cəhd göstəriblər. Onlar Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarlar yazılan avtomobillərlə avtoyürüş etmək istəsələr də, polislər buna imkan verməyiblər. Gənclər saxlanaraq polis bölməsinə aparılıblar. Bənzər hallar digər ölkələrdə də özünü göstərib. Erməni lobbisi öz əlaqələrindən istifadə edərək, sözügedən tədbirlərin keçirilməsinə mane olmağa çalışıb. Maraqlıdır, bütün bunları etməkdə ermənilərin məqsədi nədir?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi bəşəri cinayətdir. Qeyd edim ki, ermənilər daim öz qondarma “soyqırımlarını” dünya xalqlarına sırımağa çalışırlar. Məhz Xocalı soyqırımı erməni yalanlarını ifşa etmək üçün onlar üçün bir baryerdir. Onlar bununla dünyada biabır olurlar. Xocalı ilə artıq dünya biləcək ki, ermənilər soyqırıma məruz qalan yox, soyqırım törədən millətdir. Avropda və Rusiyada ermənilərin Xocalı aksiyalarına qarşı təxribatları məhz bundan qaynaqlanır. Azərbaycan diasporu xaricdə bu istiqamətdə işləri daha da genişləndirməli, Avropa ölkələrində bu soyqırımın tanınması üçün əməli işlər görməlidir. Hesab edirəm ki, ermənilər Xocalı aksiyalarına qarşı hər il təxribatları daha da genişləndirəcəklər. Rusiya və Fransa kimi ölkələrdə erməni lobbisi gücündən istifadə edib aksiyaların keçirilməsinin qarşısını almağa səy göstərib. Diasporumuz mütləq bunu diqqətdə saxlamalı və daha da aktiv olmalıdır. Kütləviliyi artırmalı və dünyada erməni cinayətlərini Xocalı soyqırımının timsalında tanıtmalıdır”.
Vidadi ORDAHALLI