Yeganə Hacıyeva: “Paşinyanın müxalifətdəki siyasi opponentlərini həbs və təzyiqlərlə seçkidən kənarda qoyması, müxalif partiya funksioneri və media rəhbərinin həbsxanada acından öldürülməsi sənəddə əksini tapmayıb”
Erməni KİV-ləri “Şərq Tərəfdaşlığı” proqramı üzrə 6 ölkə arsındakı demokratik islhatların gedişi ilə bağlı “nəticələri” açıqlayıblar. Göstəricilərin Brüsseldə fəaliyyət göstərən bir qurum tərəfindən hazırlandığı bildirilir. Litvanın Avropa İttifaqındakı nümayəndəsi Anastasiya İsmayılovnaya istinadən bildirilir ki, demokratik proseslərin gedişi ilə bağlı ən pis vəziyyət Belarus və Azərbaycandadır.
Hesabat iki istiqaməti əhatə edir. Birincidə AB ilə yaxınlaşma səviyyəsi və beynəlxalq standartların ölkələr tərəfindən qəbulu göstərilir. Hesabata əsasən, burada lider mövqedə 0.73 faiz göstərici ilə Ukraynadır. Onun ardınca isə Ermənistan gəlir (0.66), Azərbaycan isə 0.56 faizlə qiymətləndirilib. Həmin hesabatda dayanıqlı inkişaf səviyyəsinə görə Azərbaycan birinci yerdə qərarlaşıb.
İkinci qiymətləndirmə meyarı isə ölkələrin AB ilə nə dərəcədə yaxın olması əsasında müəyyənləşib. Söhbət hökumətlər arasındakı əlaqələrin səviyyəsindən gedir. Burada birinci yerdə Gürcüstan qərarlaşıb. Ermənistana 0.50, Azərbaycana isə 0.47 bal verilib. Göründüyü kimi, bu indeksdə də Ermənistan Azərbaycanı guya üstələyib. Hesabatda əks olunan göstəriciləri nə dərəcədə real və əsaslı saymaq olar?
Avropa qurumları ilə sıx təmasda çalışan politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, "Şərq Tərəfdaşlığı” Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti”nin bir hissəsi kimi, birliyin Şərq qonşuları ilə münasibətlərinin yaxşılaşdırılması, standartların yaxınlaşdırılması, strateji tərəfdaşlıq münasibətlərinin qurulması və möhkəmləndirilməsi, həmçinin, iqtisadi və siyasi münasibətlərin dərinləşdirilməsi üçün həyata keçirdiyi proqramdır: “Proqram 2009-cu ildə Aİ tərəfindən Brüssel ilə fəal əməkdaşlıq edən altı Şərqi Avropa ölkəsi üçün nəzərdə tutulub, tərəflər arasında müxtəlif sahələrdə hökumətlərarası əməkdaşlıqla paralel, cəmiyyət institutları, gənclər sahəsində də əməkdaşlıq mövcuddur. Bütün sahələrdə mövcud əməkdaşlıq və perspektivlərin dəyərləndirilməsi üçün müxtəlif meyarlar müəyyənləşib. Onlardan biri də “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun tərtib etdiyi "Şərq Tərəfdaşlığı İndex" hesabatıdır. Dəyərləndirməni bir cümlədə avrointeqrasiya indeksi də adlandıra bilərik və bu preses iki istiqamət: yaxınlaşma və sıx kontakt kriteriyaları üzrə müəyyənləşdirilir.
“Şərq Tərəfdaşlığı İndex” proqramının mövcud olduğu 10 il ərzində cəmi iki dəfə: “ŞT İndex – 2011” və “ŞT İndex - 2017” adı dərc edilib”.
Ekspertin sözlərinə görə, tərəflərin əməkdaşlıq və perspektivlərinin dəyərləndirilməsi prosesi özü, əslində, çoxlu açıq sual yaradan, qeyri-şəffaf bir prosesdir: “Çünki dəyərləndirmə bu istiqamətdə ixtisaslaşmış ekspert qrupları və ya onların tərtib etdiyi sistem üzrə deyil, bu ölkələrın vətəndaş cəmiyyətlərinin qeyri-səhih məlumatları əsasında tərtib edilir. Bu dəyərləndirmələri həm də ona görə qərəzli adlandırmaq olar ki, bir ölkənin vətəndaş cəmiyyətinin kiçik və ya, ümumiyyətlə, mövcud olmayan iştirakçılığı zamanı o ölkənin dəyərləndirməsini eyni regiondan olan qonşu ölkələrin vətəndaş cəmiyyətlərinin məlumatları formalaşdırır. Məsələn, Cənubi Qafqazda digər iki ölkənin cəmiyyət institutlarının regional konflikt üzərindən əməkdaşlığının mövcud olmaması üzündən bu regionun “Şərq Tərəfdaşlığı” layihələrində ev sahibi rolunu adətən Gürcüstan oynayır. Diqqət yetirsək, Aİ-nin çoxsaylı Cənubi Qafqaz vətəndaş cəmiyyəti layihələrində də təşkilatçı və icraçı rolunu məhz bu ölkə oynayır.
Bir sözlə, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyətində demokratiyanın səviyyəsinin beynəlxalq standartlara nə dərəcədə uyğun olduğunu, Aİ normalarının necə tətbiq edildiyini və ölkələrin davamlı inkişaf məqsədinə necə nail olması prosesi bu mərkəzin müşahidələri əsasında dəyərləndirilir.
Sırf bu günlərdə dərc olunmuş “Şərq Tərəfdaşlığı İndex - 2017” haqqında danışsaq, bu hesabat da ixtisaslaşmış ekspert qrupları və ya onların tərtib etdiyi sistem üzrə deyil, ölkələrin və region nümayəndəliyi vətəndaş cəmiyyətlərinin qeyri-səhih məlumatları əsasında tərtib edilmiş qərəzli bir hesabatdır. Məsələn, Ermənistan haqqında göstəricilər, demokratik və hüquqi dövlətin təməl bazası rolunu oynayan siyasi plüralizmin olması nəzərə alınmayıb və bu istiqamətdə hətta onlara irəliləyiş kimi bir blef də əlavə olunub. Paşınyan hökumətinin parlamentdəki opponentlərindən seçkidə iştirak etməmək haqqında iltizam alması və ya müxalifətdəki siyasi opponentlərini həbs və təzyiqlərlə seçkidən kənarda qoyması, müxalif partiya funksioneri və media rəhbərinin həbsxanada acından öldürülməsi bu sənəddə əksini tapmayıb.
Nəzərə alsaq ki, Ermənistan, ümumiyyətlə, avrozonanı deyil, iqtisadi və siyasi istiqamətlərdə Avrasiya İttifaqını vektor olaraq seçib, onda “Şərq Tərəfdaşlığı İndex - 2017”də hər kriteriya üzrə Ermənistanın göstəriciləri reallığı əks etdirmir və hesabat qərəzli və məqsədlidir”.
Məhəmmədəli QƏRİBLİ