Ötən əsrin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımına dünya miqyasında layiqli qiymət verilməsi istiqamətində Azərbaycanın atdığı addımlar Ermənistanda sözün əsl mənasında şok effekti yaratmaqdadır. Bu hal faciənin 27-ci ildönümündə Azərbaycanın gördüyü işlər fonunda özünü kifayət qədər qabarıq şəkildə büruzə verdi. Dünya mediasının öndə gələnləri faciəyə, onun səbəb və nəticələrinə kifayət qədər diqqət ytierdilər. Yenə də dünyanın bir çox ölkəsində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə, onu törədənlərə yönəltdi.
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçrilən ümumxalq yürüşünə də dünyanın diqqəti ən yüksək səviyyədə cəlb olundu. Xatırladaq ki, on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etməklə yanaşı, həm də erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Qeyd edək ki, bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi kimi də özünü göstərdi. Dünya Xocalı qırğını haqqında əsl həqiqətlərlə yenidən tanış oldu, bir daha bilindi ki, ötən əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin daim təkrarlanmasına gətirib çıxara bilər. Bütün bunlar isə erməni tərəfində şok effekti yaratmaqdadır. Bunu indiki erməni təbliğatı, eləcə də faciə ilə bağlı keçirilən tədbirlərə maneçilik yartamaq cəhdləri də aydın sübut edir. Məsələn, Parisdə “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirinə mane olmağa cəhd göstəriblər. Ancaq onlar Xocalı qətliamının günahsız qurbanlarının xatirəsinin yad edilməsinə mane ola bilməyiblər. Anım tədbiri planlaşdırıldığından da yüksək səviyyədə keçirilib. Tədbirə dəvət olunan 300-dən çox fransız və müxtəlif xalqların nümayəndələri azərbaycanlıları tək qoymayıb, mərasimin sonunadək onlarla qalıblar. Onlar ermənilərdən kilsəni tərk etməyi tələb ediblər. Bununla ermənilər bir daha özlərinin faşist simalarını göstəriblər.
Əslində, belə vəziyyətlə dünyada bir daha çox aydın şəkildə görür ki, Azərbaycan xalqı erməni millətçi-şovinistlərinin etnik təmizləməsinə, soyqırımına məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Dünya onu da yaxşı bilir ki, Xocalıda törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil. Bu hal Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub və Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlib. Azərbaycan bu istiqamətdə apardığı işlərlə Xocalı soyqırımını törədənlərin kimliyini ən təkzibedilməz sübut və faktlarla dünya ictimaiyyətinə çatdırıb. Sadəcə, beynəlxalq hüquq, qəbul olunmuş konvensiyaların tətbiqi yetərlidir ki, bu faciəni törədənlər layiqli cəzalarına çatsınlar. Buna hələ də maneçilik yaradan ikili standartların aradan qaldırılması üçün də Azərbaycan məqsədyönlü iş aparır. Elə bundan irəli gəlir ki, artıq bir sıra ölkələr Xocalı faciəsini soyqırım olaraq tanıyıb. Belə ki, dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Şübhəsiz ki, bu prosesdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da öz mühüm töhfələrini verib. Soyqırımın həm mənəvi, həm də siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya elə indinin özündə də dünyanın bir çox ölkələrində uğurla reallaşdırılır. Görülən işlərin daha da genişləndirilməsi Xocalı faciəsini törədənlərin qanun qarşısında mütləq mənada cavab verəcəyini və bu günün uzaqda olmadığını tam qətiyyətlə deməyə əsas verir. Bütün bunlar erməni tərəfini də kifayət qədər narahat edir. Məhz bundan irəli gəlir ki, Azərbaycanın apardığı uğurlu Xocalı kampaniyasına kölgə salmaq üçün düşmən bu dəfə Sumqayıt hadisələrini qabartmağa çalışır.
Burada yenə belə mənzərə yaradılmasına cəhd göstərilir ki, guya həmin vaxt ermənilər qırğına məruz qalıblar. Amma faktdır ki, Sumqayıtdakı iğtişaşların əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədilməsi artıq tam təsdiqi tapıb. Burada bir məqamı da qeyd edək ki, hadisələr baş verən dövrdə Sumqayıtda 18 min nəfərdən artıq erməni yaşadığı halda, cəmi 26 nəfər erməninin öldürülməsi yalnız azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri, qorumaları və gizlətmələri nəticəsində mümkün olub. Erməni qətllərinin əksəriyyətini isə Ermənistanın xüsusi xidmət orqanlarına bağlı şəxslər həyata keçirib. O da məlumdur ki, Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu şəxslərə qarşı ən qəddar addımları da məhz ermənilər özləri atırdı. Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr hazırlanmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. Erməni tərəfinin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirməsinə baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilib ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub. Amma sonradan yuxarıdan gələn sifariş əsasında işin icraatına əsassız olaraq xitam verilib. İndinin özündə də Ermənistan və erməni lobbi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən ölkəmizə qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin, onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədildiyi kifayət qədər təkzibedilməz faktlarla sübuta yetirilib.
Erməni təbliğat maşını bu gün də Sumqayıtda 1988-ci ilin fevralında yaşanan hadisələri öz çirkin məqsədləri və həyata keçirdikləri işğal üçün təbliğat vasitəsinə çevirməyə çalışsa da, proseslər tamamilə bunun əksi istiqamətdə cərəyan etməkdədir. Məsələ burasındadır ki, ermənilərin məlum Sumqayıt hadisələrində yalançı mövqedən çıxış etmələri faktlarla, şahid ifadələri əsasında artıq sübuta yetirilib. Əvvəlki qaydada erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması kimi çirkin üsullardan istfiadəyə cəhd göstərir. Onu da qeyd etmək lazım gəlir ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməməsi, onların əsl sifarişçiləri və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaması Ermənistanın bu sahədəki fəaliyyətinə o dövrdə şərait yaratmışdı. Amma proseslərin son gedişi erməni tərəfinin bu sahədə də yalanlarının üzə çıxması ilə nəticələndi. Bir daha bəlli oldu ki, bu təxribat olyalarının arxasında da elə ermənilərin özləri dayanır. Araşdırmalar göstərir ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Bir daha xatırladaq ki, istintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olduğu çoxsaylı şahid ifadələri, təkzibolunmaz dəlillərlə təsdiqlənir. İndi ermənilərin bu hadisələri fərqli şəkildə qələmə vermək cəhdləri tam fiasko ilə nəticələnir. Digər tərəfdən, düşmən ölkə Sumqayıt hadisələrini qabartmaqla Azərbaycanın apardığı Xocalı kampaniyasına da hansısa formada xələl gətirə bilmir. Xocalı soyqırımının artıq dünyada anılması erməniləri rahatsız edir. Xocalı soyqırımı ilə bağlı belə geniş şəkildə kampaniyaların aparılması erməniləri getdikcə daha çox qorxudur. Xocalı faciəsinin dünyaya tanıdılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, bütün beynəlxalq qurumlarda bu qətliama ədalətli qiymət verilməsi istiqamətində göstərilən səylər tədricən öz nəticəsini verir. Bir daha qeyd edək ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Xocalı soyqırımının xarici ölkələrdə və onların parlamentlərində tanınmasıdır. İndiyə qədər atılan addımlar nəticəsində dünya artıq görür ki, Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür. Məhz bu məsuliyyətdən yayınmaq üçün edilən cəhdlər iflasa uğrayır və ermənilərin iç üzü getdikcə daha çox faş edilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.