Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.
Prezident İlham Əliyev deyib ki, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.
Gürcüstan Prezidenti Salome Zurabişvili isə “Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var” – deyə cavab verib.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev deyib: “Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaqdır. Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.
Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik”.
Gürcüstan Prezidenti Salome Zurabişvili deyib: “Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bunlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq”.
Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlər İlham Əliyev və Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatında deyilir: “Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.
Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.
Əlbəttə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir”.
Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.
Bir daha, hörmətli xanım Prezident, Sizi səmimiyyətlə salamlayıram. Sağ olun".
Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edərək deyib: “Sizin bütün fikirlərinizlə razıyam. Sizin fikirləriniz mənə çox yaxındır. Biz həqiqətən hər bir sahə üzrə fikir mübadiləsi apardıq. Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də biz birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.
…Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir".