Elşən Mustafayev: “Bununla Türkmənistan anti-İran koalisiyasının qəzəbinə tuş gələ bilər”
Erməni KİV-ləri baş nazir Nikol Paşinyanla Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov arasında fevralın 25-də baş tutan telefon danışığı barədə məlumat veriblər. Bildirilir ki, tərəflər iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Türkmənistanın Ermənistanla birbaşa sərhədinin olmadığını nəzərə alsaq, onda söhbətin Türkmənistan, İran və Ermənistan arasında ticarət sövdələşməsindən getdiyini təxmin etmək olar. Erməni KİV-ləri bu istiqamətdə hələ 2017-ci ildən işlərin aparıldığına işarə edirlər. Hər üç ölkə rəsmisinin etdiyi qarşılıqlı səfərlərə diqqəti yönəldirlər. Hətta üç ölkə arasında baş tuta biləcək sövdələşmənin əsasən hansı sahəni əhatə edəcəyinə dair də məlumat verilir. Qeyd edilir ki, söhbət türkmən qazının “svop” əməliyyatı vasitəsilə Ermənistana verilməsindən gedir. Bunun nəticəsində Türkmənistan qazını İrana satır, həmin kvotada olan qazı isə İran Ermənistana verir. İranın bu məsələdə maraqlı olması Türkmənistana olan külli miqdarda borcla əlaqələndirilir. Guya həmin borcun bir hissəsini Ermənistan öz üzərinə götürüb, yerli istehsalı olan məhsullarla ödəyə bilər. Hətta Ermənistan mətbuatının özü bu sövdələşməyə inandırıcı yanaşmır. Buna anti-İran koalisiyasının açıq müqavimət göstərdiyinə dair faktları nəzərə çatdırır.
Ancaq Paşinyanın İrana etdiyi səfər kontekstində belə bir razılaşma istiqamətində razılığın ola biləcəyi də qeyd edilir.
Adıçəkilən üç ölkə arasında sövdələşmənin baş tutacağı nə dərəcədə inandırıcıdır?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev hesab edir ki, bunu Ermənistan yalnız arzulaya bilər: “Ancaq siyasətdə yalnız arzulamaqla hər məsələ həllini tapmış olmur. Türkmənistan zəngin qaz ehtiyatlarına malik olan ölkədir. O, qazını satmaqda maraqlıdır. Ancaq bunun üçün onlar daha etibarlı və özlərinə problem yaratmayacaq bazar tapmaqda maraqlıdırlar. Məhz buna görədir ki, Türkmənistan Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” layihəsində iştirakda maraqlı olduğunu bəyan edir. Ermənilər deyirlər ki, guya İranın Türkmənistana olan borcunun bir hissəsinin ödənilməsini üzərlərinə götürməklə Aşqabadı bu əməkdaşlığa cəlb edə bilərlər. Özü də Ermənistan İranın Türkmənistana olan borcunu pulla deyil, məhsulla ödəmək istəyir. Bəyəm İranın pulu Ermənistandan azdır ki, İrəvan ona hamilik edir? Bu heç də inandırıcı görünmür. Ortada ciddi dividendlər olmadan Türkmənistan niyə özünü bu risqə atmalıdır? Bununla Türkmənistan anti-İran koalisiyasının qəzəbinə tuş gələ bilər ki, Aşqabad da bunu arzulamır. Bu istiqamətdə danışıqlar uzun müddətdir aparılır. Əgər bir nəticəsi olsaydı, indiyə kimi həyata keçirilərdi. Çətin nəsə yoxdur. “Svop”un həyata keçirilməsi üçün kəmər çəkməyə, hansısa infrastruktur yaratmağa ehtiyac duyulmur. Demək ki, tərəflərdən kimsə buna razı deyil. Böyük ehtimalla, Türkmənistan özünü çətin duruma salmaq istəmir. Məntiqlə də belədir. Türkmənistan öz borcunu almaq üçün niyə bu qədər risq etməlidir? Belə cəhdlər daha çox Serj Sarkisyanın dönəmində edilirdi. Görünür, yeni komanda da blokadadan çıxmağın yolunu xam xəyallar üzərində qurub, Sarkisyanın yolunu davam etdirməyi daha optimal sayır. Ancaq onlar unutmasınlar ki, bu cür yollarla blokadanı yara bilməzlər. Normal iqtisadi münasibətlər qurub, aclıqdan çıxmağın yeganə yolu işğal siyasətindən əl çəkməkdir. Deyilən vektor üzrə iqtisadi əməkdaşlığın baş tutacağı heç də inandırıcı görünmür”.
Məhəmmədəli QƏRİBLİ