Hərb müstəvisində Azərbaycanın davamlı olaraq artan gücü qarşısında Ermənistanın tam çarəsiz olması heç kimə sirr deyil. Şəxsi heyətlə yanaşı, ordunun müasir texnika ilə təminatı baxımından da tərəflər arasında fərq kifayət qədər yüksəkdir. Belə bir vaxtda Ermənistanın Rusiyadan güzəştli kreditlər hesabına alacağı yeni silahlarla fərqi azalda biləcəyinə dair səslənən fikirlərə isə düşmən ölkənin özündə belə istehza ilə yanaşanların sayı kifayət qədərdir.
Qeyd edək ki, bu xüsusda Ermənistanın müdafiə naziri David Tonoyanın maraqlı yanaşması olub. O öncə etiraf edib ki, Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisəolunmazdır. Erməni nazir ölkəsinin bu istiqamətlərdə Azərbaycandan çox geridə qaldığını etiraf edib. Bu vəziyyətdə nazir bildirib ki, Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək. Tonoyan dəqiqləşdirib ki, söhbət burada əsas etibarı ilə Su-30SM qırıcılarından gedir. Ermənistan bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 belə qırıcı alacağını elan edib. Müdafiə naziri onu da deyib ki, Ermənistan Rusiyadan silah almaq üçün daha 100 milyon dollar güzəştli kredit götürəcək. Amma bütün bu açıqlamaların sadəcə blef olmasını, Tonoyan özü də daxil olmaqla, Ermənistanda böyük əksəriyyət qəbul edir. Hətta belə xəbərlər də yayılır ki, İrəvan əslində alacağı 4 ədəd Su-30SM qırıcısına çox da bənd olmamalıdır. Çünki Rusiyadan Ermənistana verilən hərbi texnika adətən ya istifadəyə yararsız, ya da hərbi arsenaldan çıxarılmışlar olur. Məlumatlara görə, Ermənistana veriləcək Su-30SM-lər də zavodda istehsal olunan yeni yox, Suriya əməliyyatlarında iştirakdan sonra istifadəyə yararsız hala düşənlərdir. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer də bu xüsusda maraqlı açıqlamalar verib: “Bu təyyarələr zavod istehsalı deyil və istifadə edilərək, bir neçə dəfə zədələniblər. Rusiya onları Ermənistan, Belarus kimi müttəfiqlərinə kömək məqsədilə verir”. Deməli, Ermənistan heç də yeni döyüş təyyarəsi almır. Halbuki, Azərbaycanın idxal etdiyi hərbi texnika birbaşa zavodlardan ölkəmizə göndərilir. Yayılan məlumatlardan belə bəlli olur ki, Su-30SM-lər İrəvana rus mühəndisləri və hərbiçiləri ilə birlikdə göndəriləcək. Ruslar ermənilərə təyyarədən istifadə ilə bağlı təlimlər keçirəcək, lakin böyük ehtimalla, Ermənistanın bu təyyarələrdən tam şəkildə istifadəsinə imkan verilməyəcək. Beləliklə, işğalçı ölkənin hərbi hava qüvvələrinin ruslardan asılılığı güclənəcək. Bütün bunlar isə Su-30SM təyyarələrinin Ermənistana hansısa üstünlük gətirməyəcəyini bir daha təsdiq edir.
Digər tərəfdən, bu durumda Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil etməsi gözlənilən F-16, Su-35, “JF-17 Thunder” təyyarələri işğalçı Ermənistan üzərində hərbi üstünlüyümüzü daha da artıracaq.
Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan kommodoru, Pakistan HHQ-nin istismarı üzrə keçmiş direktor, hərbi ekspert Kayzer Tufayl bu fonda daha maraqlı məqamlara diqqət çəkir. O qeyd edir ki, Su-30SM uzaq məsafələrdə və uzun müddət fəaliyyət üçün nəzərdə tutulan çoxməqsədli qırıcıdır: “Rusiya, Çin və Hindistan kimi geniş əraziləri olan ölkələr üçün uyğundur. Ermənistanın ərazisi çox kiçik olduğu üçün bu vəziyyət Su-30SM qırıcısının zəif nöqtəsinə çevriləcək, çünki o, sadəcə, kifayət qədər gücə malik olmayacaq. Bununla yanaşı, Su-30SM modifikasiyasının gücünün MK və MKM kimi modifikasiyaların gücündən daha aşağı olduğunu da başa düşmək lazımdır. JF-17 qırıcıları isə orta məsafələrdə əməliyyatlar aparmaq üçün hazırlanıb və Pakistan Hərbi Hava Qüvvələri tərəfindən 12 ildir uğurla istifadə olunur. Su-30SM-in istismar xərcləri JF-17-dən bir neçə dəfə çoxdur. JF-17-dən fərqli olaraq, Su-30SM-də ekipaj iki pilotdan ibarətdir. Buna görə də ekipaj təliminə də ciddi diqqət yetirilməlidir - bu isə erməni hərbi büdcəsini ciddi şəkildə sümürəcək uzun və bahalı bir prosesdir. JF-17 isə daha sadədir və istismarı daha ucuzdur. Vizual hava döyüşü vəziyyətinə gələnə qədər həm yerüstü radar, həm də JF-17-in gövdə radarı daha böyük en kəsik sahəsinə malik olduğu üçün Su-30-u daha erkən aşkar etməyə nail olacaq. Bu ciddi bir çatışmazlıqdır, bu səbəbdən JF-17 daha əvvəl raket buraxacaq. Hava döyüşündə isə Su-30SM böyük ölçülərinə görə JF qırıcısını görüntü sahəsində çox asan saxlaya bilər. Ermənistan kimi kiçik bir ölkə üçün Su-30SM-in istifadəsi məntiqsizdir. Həm də Azərbaycan Su-30-a qarşı mübarizə aparacaq müasir HHM sistemlərinə malikdir. Digər tərəfdən, JF-17 Azərbaycan üçün ideal seçimdir. Bununla yanaşı, Azərbaycan üçün digər bir üstünlük də Pakistanın zəruri hallarda təyyarələrin texniki xidmətində yardım göstərməyindən ibarət olacaq”. Bütün bunlar bir daha Ermənistanın heç bir halda Azərbaycan qarşısında hansısa üstünlük əldə edə bilməyəcəyini aydın surətdə nümayiş etdirir. Yeri gəlmişkən qeyd edək ki, JF-17-lərin tezliklə ordumuzun ixtiyarında olması gözlənilir.
Ümumiyyətlə, ötən dövrdə hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri olub. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi bunun əyani təsdiqidir. Xatırladaq ki, Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməsinə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiQ-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur. Bundan başqa, bir müddət əvvəl Azərbaycan İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Erməni ekspert Ara Papyan bildirib ki, Azərbaycanın imkanlarının nəzərə alınması vacibdir: “Azərbaycanın güclü aviasiyası var, lakin hələ 3 il əvvəl baş tutan dörd günlük müharibə zamanı Azərbaycan aviasiyasından istifadə etmədi. Növbəti dəfə müharibə olacağı təqdirdə Azərbaycan bizim itkiləri artırmaq üçün öz aviasiyasından aktiv şəkildə istifadə edəcək”. Digər ekspertlər də bildirir ki, irimiqyaslı hərbi əməliyyatlarda Azərbaycan aviasiyası ciddi arqumentə çevrilə bilər. Çünki bu sahədə Azərbaycan Ermənistan üzərində əzici üstünlüyə malikdir.
Bundan əlavə, son illərdə arsenalını yeni hava hücumundan müdafiə sistemləri ilə gücləndirən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları da düşmənin istənilən hava obyektini məhv etməyə qadirdir. Hava Hücumundan Müdafiə Qoşunları 24 saat fasiləsiz döyüş növbətçiliyini yerinə yetirməklə hava məkanımızda və sərhədlərimizdə baş verən bütün prosesləri nəzarət altında saxlayır. Azərbaycan sərhədlərində baş verən proseslər, xüsusilə də düşmən Ermənistan tərəfindən ehtimal olunan təhdidlər hava hücumundan müdafiə sisteminin daim döyüş hazırlığı vəziyyətində saxlanmasını şərtləndirir. Moderləşmə proqramı çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunlarının invertarında yer alan 9A33 “Osa” və S-125 “Peçora” zenit-raket komplekslərinin (ZRK), P-18, P-19, 5N84 “Oborona”, 19J6 RLS-lərinin modernləşməsi həyata keçirilib. 9A33 “Osa” ZRK modernləşdirildikdən sonra 9K33-1T “Osa-1T” (SA-8 Gecko) səviyəsinə çatdırılıb. Maneələrə qarşı müdafiəsi yüksəldilən və döyüş idarəetməsi avtomatlaşdırılan “Osa-1T” testlər zamanı kiçik ölçülü hədəfləri, habelə stels texnologiyalar üzrə yaradılmış hədəfləri məhv etmək imkanlarını sübuta yetirib. Modernləşdirmə proqramı ilə yanaşı, Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion S-300 PMU2 “Favorit” ZRK və İsraildən “Barak-8” ZRK və EL/M-2080 “Green Pine” radarı, Ukraynadan 9P58M “Strela-3” daşınan ZRK, habelə 80K6M mobil radar sistemi, Belarusdan “Buk-MB” və T-38 “Stilet” ZRK kompleksləri əldə edib. Ümumilikdə, Azərbaycanın mövcud Hava Hücumundan Müdafiə Qoşunları sistemləri ölkənin təkcə işğal altında olan ərazisini deyil, eyni zamanda şimal-qərb və Naxçıvan ərazisindən Ermənistanın bütün ərazisi üzərində hava məkanını tam nəzarətdə saxlayır.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, döyüş qabiliyyəti baxımından da ordumuz düşməndən xeyli üstündür. Xatırladaq ki, elə bu günlərdə Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri səviyyəsində Azərbaycan ordusunun erməni əsgərlərində qorxu yaratdığı etiraf edilib. Ermənistan baş naziri Nikol Paşinyanın məsləhətçisi, “İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəz”in rəhbəri Tevan Poqosyan “Facebook”da təmas xəttindəki son vəziyyəti şərh edərkən, Azərbaycan ordusunun həyata keçirdiyi mühəndis-istehkam işlərinin onlarda ciddi narahatlıq və qorxu yaratdığını bildirib: “2018-ci ilin yayındakı hərbi çağırışdan 6 ay keçib. İndi bizdə elə bir vəziyyətdir ki, 6 aydan çox hərbi xidmətə başlayan yeni çağırışçılar hətta heç barıt qoxusu ilə də tanış deyillər, onların təcrübəsi də yoxdur. Təcrübəsizlik isə qorxu yaradır. Ümid edirəm ki, bizim ordumuzda “qorxunun ölçülməsi” üzrə hansısa vasitə var, əks halda, hamınız yaxşı anlayırsınız ki, belə bir təcrübəsizlik üzündən hansı vəziyyət yarana bilər”. Bununla da, Paşinyanın məsləhətçisi 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinin hərbi texnikadan düzgün istifadə edə bilməməsi və naşılığı səbəbindən, həm də qorxudan döyüş postlarını tərk edərək qaçmalarına diqqət çəkib. Azərbaycan ordusunun erməni əsgərlərinin canına saldığı bu qorxu, çətin ki, nə zamansa sovuşa. Bu mənada mümkün yeni savaş halında Ermənistanın daha böyük məğlubiyyətlə üzləşməsi də qaçılmaz sayılır. Məhz belə vəziyyətdə Ermənistan üçün yeganə çıxış yolu dinc yolla zəbt edilmiş ərazilərin azad olunmasına başlanmasıdır. Əks təqdirdə düşməni sarsıdıcı zərbələr gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.