Elşən Həsənov: “Gürcüstan Prezidentinin səfərində başlıca məqsəd Azərbaycanla əlaqələri normal məcraya yönəltməyə hesablanıb”
Fefralın 27-də Gürcüstanın yeni seçilən Prezidenti Salome Zurabişvilinin Azərbaycana ilk rəsmi səfəri başlayır. Gürcüstanın Prezident Administrasiyasının yaydığı məlumata görə, səfərdə məqsəd qonşu ölkə kimi Azərbaycanla strateji əməkdaşlığı davam və inkişaf etdirməkdir.
Səfər çərçivəsində gürcü lider Azərbaycan Prezidenti ilə görüşəcək. Görüşün sonunda Salome Zurabişvili ilə İlham Əliyev birgə mətbuat konfransı keçirəcəklər.
Bundan başqa, Zurabişvilinin Azərbaycanın baş naziri və parlament sədri ilə də görüşü planlaşdırılıb. Gürcüstan Prezidenti, həmçinin, Azərbaycanda yaşayan gürcü tələbələr və işgüzar dairənin nümayəndələri ilə görüşəcək.
Gürcüstan Prezidentinin Azərbaycana səfəri maraqlı hadisələrin fonunda baş verir. Daha dəqiq ifadə etsək, məhz Zurabişvilinin ölkə başçısı seçilməsindən sonra Gürcüstandan Azərbaycana yönəlik xoşagəlməz hadisələrin baş verdiyi dönəmlə üst-üstə düşür. Son zamanlar Azərbaycan və Gürcüstan arasında yaranan soyuqluğa ilkin səbəb Gürcüstanın indiki Prezidenti Salome Zurabişvilinin təbliğat kampaniyasındakı antiturk və anti-Azərbaycan elementləri oldu. Bunun ardınca isə Azərbaycan xalqı 20 Yanvar faciəsini qeyd etdiyi gün Gürcüstanın Axalkalaki bölgəsindəki Buqaşin kəndində əli azərbaycanlıların qanına batmış, Qarabağ döyüşlərində "Kobra" ləqəbi ilə tanınan erməni döyüşçüsü Mixail Avakyanın büstünün açılış mərasimi oldu. Daha sonra Tiflis şəhərində erməni şairi Hovenes Tumanyana yaşadığı evin içində heykəl ucaldıldı. Bundan əvvəl isə Marneuli rayonunda bir mədəniyyət evindən Nəriman Nərimanovun adı götürüldü. Ötən il avqustun 6-da həmin mədəniyyət evinə yenidən N.Nərimanovun adının verilməsi ilə bağlı Gürcüstandakı soydaşlarımız şəhər rəhbərliyinə muraciət ünvanlasa da, hələ də müraciətə cavab verilmir. Bu azmış kimi, şəhər rəhbərliyi mədəniyyət evinin qarşısındakı parkdan da Nərimanovun heykəlini götürdü və həmin parka başqa bir gürcü siyasi xadimi Mirab Qustavanın adının verilməsi təşəbbüsü hələ də gündəmdədir. Belə bir şəraitdə Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfərini necə dəyərləndirmək olar?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Gürcüstanla Azərbaycan arasında müəyyən gərginliyin olması danılmazdır: “Ancaq baş verən hadisələr həlli mümkünsüz də deyil. Maraqlı olan budur ki, Zurabişvili regiona ilk səfərini də məhz Bakıya edir. Onun seçki kampaniyası dönəmində verdiyi bəyanatlar anti-Azərbaycan ovqatlı idi. Məhz bunun da nəticəsində yerli azərbaycanlılardan səs ala bilmədi. Ancaq onun Avropa ölkələrindən sonra rəsmi səfərlə məhz Bakıya gəlməsi də təsadüfi deyil. Çünki Gürcüstan hakimiyyətinin daxilndə Azərbaycanla münasibətlərin gərginləşməsinə görə ona təzyiqlər artıb.
S.Zurabişvili Fransadakı erməni mühitində böyümüş gürcüdür, ona görə də ermənilərə simpatiyası var. Məhz bu simpatiyanı açıq büruzə verməsi ermənilərin əl-qolunu açdı və onlar terroristə heykəl qoydular. Bundan uduzan da Gürcüstan olur. Çünki Gürcüstanın Azərbaycandan asılılığı kifayət qədərdir. Yeni Prezidentin tutduğu xətt onlara xeyir gətirə bilməz. Artıq bunu tam anladıqları üçün, xanım Prezident Azərbaycana gəlməyi məqbul sayıb. Ən əsası da Gürcüstanın yürütdüyü səhv siyasət onları enerjisiz qoya bilər. Çünki onlar bəlkə də Azərbaycana təzyiq məqsədilə Rusiyadan qaz alacaqlarını bəyan ediblər. İndi hesablayırlar ki, həmin variant onlara sərf etmir. Bir sözlə, güman edirəm ki, Gürcüstan Prezidentinin səfərində başlıca məqsəd Azərbaycanla əlaqələri normal məcraya yönəltməyə hesablanıb. Onların bundan başqa yolları qalmayıb”.
Məhəmmədəli QƏRİBLİ