Düşdüyü təcrid vəziyyəti üzündən ciddi problemlərlə üzləşən Ermənistanda sosial-iqtisadi durum yenidən gərginləşir. Ölkədə məlum hakimiyyət dəyişikliyindən sonra əhalinin sosial rifah halında hansısa dəyişiklik olmaması düşmən ölkədə yeni gərginliyə rəvac verir. Baş nazir Nikol Paşinyanın artıq bu istiqamətdə ciddi problemlər yaşaması, müxalif qüvvələrin gedişləri ölkədə tədricən qarşıdurma həddinə çatmaqdadır.
Məsələyə münasibət bildirən eks-spiker Eduard Şarmazanov qeyd edir:"Ermənistanda hər şey bir-birinə qarışıb. Baş nazir Nikol Paşinyanın davranışları və uğursuz daxili-xarici siyasəti Ermənistanın təhlükəsizliyinə təhdid yaradır". O bildirib ki, Paşinyan hökuməti əhaliyə verdiyi vədləri yerinə yetirmir: “Hökumət maaşların artırılmasını və yeni iş yerlərinin açılmasını vəd edir, amma əvəzində guya optimallaşdırma apararaq iş yerlərini ixtisara salır. Sevgi və həmrəylik vəd edir, amma əksinə, ölkəmizdə nifrəti təbliğ edirlər. Söz verirlər ki, qisas alınmayacaq, amma siyasi həbslər həyata keçirirlər. Bu siyahını uzun müddət davam etmək olar. Qanunun aliliyindən danışırlar, amma öz ölkələrinin polis alayını ələ keçirən silahlı terrorçuları əfv edirlər. İstənilən demokratik ölkədə polis alayını ələ keçirənlər indi həbsxanada idilər, amma Ermənistanda onlar sərbəst şəkildə siyasi fəaliyyətlə məşğuldur. Bu absurddur. İndi də deyirlər ki, həmin terror aktını həyata keçirənlər inqilabın müjdəçisidirlər. Bu, nəinki həlak olan polislərin xatirəsinə hörmətsizlikdir, həm də dövlətimizin dayaqları və təhlükəsizliyinə təhdiddir”. Şarmazanov qeyd edib ki, yürüşlər və müxtəlif növ şoular təşkil etməkdənsə, Nikol Paşinyan hakimiyyəti daxili təhlükəsizliyə təhdidlər barədə düşünsə, daha yaxşı olar: “Utancvericidir. Prezident Robert Köçəryanı həbs ediblər, Ermənistan Polisinin Post-Patrul Xidməti alayını ələ keçirən silahlıları isə azad buraxıblar. Bu barədə düşünün, dostlar. Və sonra deməyin ki, mən sizi xəbərdar etmədim”.
Məsələ ilə bağlı “1-in.am” saytı da çox maraqlı bir yazı ilə çıxış edib. Portal qeyd edir:“Nikol Paşinyanın demokratiya ehtiyacı, inqilabi həzz və ruhlandırmanın səviyyəsi də dəyərləndirilməyib. Qiymət verənlər qiymətləndirmədi, amma Paşinyanın özü qiymət verib və nəticə çıxarıb. 9 dekabrda erkən parlament seçkiləri keçirmək qərarını məhz bu qiymət və nəticənin ifadəsi saymaq olar. Bu, özülünə çox önəmli bir amilin – inqilabi həzzin enmə və tənəzzül proqnozunun qoyulduğu tələsik alınmış bir qərar idi. Nikol Paşinyan artıq sentyabr-oktyabrda duydu ki, inqilabi həzz tərəddüd və əksilmə yaşamağa başlayıb. Duydu və bir neçə addım atdı – həbslər, korrupsiya ifşaları və sair. Amma Paşinyan tamamilə düzgün hiss etdi ki, həbs və ifşaların resursu da məhduddur və ictimai həzzi uzun müddət yüksək səviyyədə saxlaya bilməz. Bu amillər əsasında hesablandı ki, həzzin zirvəsi noyabr-dekabrda olacaq və seçkilər dekabrın 9-a təyin edildi. Hesablama özünü doğrultdu, hakim komanda səslərin 70%-dən çoxunu aldı. Amma seçkilərdə qeydə alınmış nəticələr ictimai ruh yüksəkliyini artırmadı. İnqilabi həzz qısa bir müddət keçəndən sonra obyektiv tənəzzül mərhələsinə girdi ki, bu da indiyə kimi davam edir.
İndi müxtəlif ictimai zümrələrdən müxtəlif problemlər haqda tez-tez suallar səslənir, bundan belə hakimiyyətin hər addımı kor ruh yüksəkliyi ilə qavranılmır. Adamlar düşünməyə, düşünməyə və təhlil etməyə, təhlil etməyə və yığcam, dürüst cavab tapmağa başlayıblar.
İnqilabi eyforiyanı bütün hallarda həmin səviyyədə saxlamaq mümkünsüz idi. O, obyektivcəsinə enməyə gedirdi. Amma parlament seçkilərindən sonra hakimiyyət tərəfindən aydın, predmetli addımlar atılsaydı, rəqabətli proqram və bu proqramın peşəkar gerçəkləşdiriciləri təqdim olunsaydı, ruh yüksəkliyinin bu enişi xeyli yavaş olardı. Əsasında perşəkarlığın deyil, inqilaba və Nikol Paşinyana tərəfdarlığın durduğu həmin kadr siyasətini gördüyümüz bir vaxtda hökumətin təqdim etdiyi keyfiyyətsiz proqram və tənqidə münasibətdə tamamilə qapalı hökumət görürük.
Hakimiyyətin inqilabi həzzin qorunması və bu həzzin özünə qarşı dayanıqlı icitmai inama çevrilməsi üçün bir yolu var –effektli iş və aydın nəticələr. Hələlik nə bu var, nə də o biri. Zaman isə bu şəraitdə Nikola və onun başçılıq etdiyi siyasi komandaya qarşı işləyir. Və siyasi rəqiblərinin xeyrinə. Sosial-iqtisadi problemlər haqda ictimaiyyət arasında narazılıq artır, çünki yeni hökumət hələlik heç bir sosial problemi həll etməyib və həll üçün ilkin şərtlər və yolu da göstərməyib. Hakimiyyətə qarşı olanların, əsasən keçmiş hakimiyyətin – zamanca və məkanca Nikol Paşinyana qarşı işləyən Respublika Partiyası və Köçəryann çevrəsinin aqressiv əks-təbliğatı bunun üzərinə gəlir. Bu duruma isə hər hansı fors-major, məsələn, Qarabağ tənzimlənməsində hansısa bir inkişaf əlavə olunarsa, onda Nikol Paşinyan hakimiyyətinin ətrafındakı halqa darala bilər. Siyasətdə zaman tez-tez ən önəmli resurs və amillərdən birinə çevrilir. Hakimiyyətlər ya nail olur, ya da öz plan və fəaliyyətini zamanla sinxronlaşdıra biləcəyi qədər puça çıxırılar. İnqilabdan sonra bütün yay boyu hər gün Nikol Paşinyanın xeyrinə işləyib. O, siyasi rəqiblərini birinci növbədə zaman amili sayəsində udub. İndi durum dəyişilib və Nikol Paşinyan ona qarşı işləyən zamandan geridə qalır. Zamanın dalınca yüyürməkdə onun bir imkanı var – sürətli və kəskin kadr və proqramlı dəyişikliklər. Əlbəttə, artıq gec deyilsə”.
Nahid SALAYEV