Flora Qasımova: “Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirir”
Xalqımızın böyük faciələrindən biri olan Xocalı soyqırımından 27 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər.
Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi bu növbəti kütləvi qırğın – Xocalı faciəsi 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu. 8 ailənin bütün üzvləri öldürüldü. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi.
Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il həm ölkə daxilində, həm də ölkə xaricində yad edilir. Xocalı soyqırımı qurbanlarının yad olunması üçün Bakıda ümumxalq yürüşü keçirilir. İlk dəfə yürüş 2012-ci ildə keçirilib. Hər il faciə qurbanları ölkə əhalisi tərəfindən böyük ehtiramla anılır. Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Yürüşdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər. Həmçinin, ölkənin bütün zümrələrinin təmsilçiləri Xocalı soyqırımı qurbanlarını yad ediblər.
Qeyd edək ki, paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ümumxalq yürüşünün iştirakçıları və onların keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırıma beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar tutublar.
Yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalı, sözün bitdiyi yer” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
Ümumxalq yürüşündə müxtəlif təşkilatların, hökumət və qeyri-hökumət qurumlarının işçiləri, sadə vətəndaşlar, Xocalı qətliamının şahidləri, tələbələr, bir sözlə, hamı bir nəfər kimi iştirak edirdi. Maraqlı məqam ondan ibarətdir ki, Xocalı yürüşünə qatılanların sayı ildən-ilə artır. Ötən gün keçirilən yürüşdə insan izdihamı yaşanırdı. Bu isə o deməkdir ki, yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, insanlar Xocalı soyqırımı qurbanlarını unutmur, faciə zamanı qəddarlıqla qətlə yetirilən Xocalı sakinlərini hörmətlə anırlar.
Yürüşdə iştirak edən millət vəkili Flora Qasımova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi ölkə ictimaiyyəti tərəfindən böyük ehtiramla anılır: “Kimliyindən asılı olmayaraq, hər kəs ümumxalq yürüşündə iştirak edir. Hər il Xocalı ilə bağlı keçirilən tədbirlərdə, anım mərasimlərində, yürüşdə iştirak edirəm. Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad olunması məqsədilə keçirilən yürüşdə iştirak etdim. Mən deyərdim ki, yürüşdə iştirak edənlərin sayı ildən-ilə artır. İstər yaşlı, istərsə də cavan, böyük həvəslə yürüşə qatılmışdılar. Yürüş iştirakçılarının sayının çox olması məni həm qürurlandırdı, həm də kövrəltdi”.
Xanım millət vəkili hesab edir ki, ümumxalq yürüşün izdihamlı keçirilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək: “Bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Xocalı soyqırımı ilə əlaqədar keçirilən ümumxalq yürüşündə soydaşlarımızın nümayiş etdirdikləri həmrəylik də məhz bu amillərdən qaynaqlanır. Bu izdiham bir daha təsdiqləyir ki, işğal altında qalan torpaqlarımızı mütləq azad edəcəyik! Bu gün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan xocalılılar da bu inamla yaşayır və doğma şəhərlərinə qayıdacaqları günün uzaqda olmadığına inanırlar”.
F.Qasımova onu da əlavə etdi ki, Xocalı soyqırımından 27 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır: “Mən bu yürüşə gələn insanların kədərli çöhrələrinə baxanda bir daha yəqin etdim ki, ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək. Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokostla qoşa çəkilir. Keçirilən yürüşün məqsədi də Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirir”.
Günel CƏLİLOVA