Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak edib.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoyublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüb.
Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb söhbət edib.
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Rodnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı yazıçı, rejissor Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov Xocalı faciəsinin ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirak edərək Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib.
Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” kanalına müsahibə verib.
Müxbirin “Azərbaycan xalqının dərdinə şərikik. Həlak olanların ailələrinə, doğmalarına başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə, bu dərdi bölüşənlərə hansı sözlərlə müraciət edirsiniz” sualına cavabında Prezident İlham Əliyev bildirib ki, bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir:”Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”.
;