Qabil Hüseynli: “Dünyada beynəlxalq fikrə təsir edən amillərdən biri məhz soyqırım hadisəsidir”
Azərbaycana gələn rəsmi qonaqlar onlar üçün tərtib edilmiş protokola əsasən, Şəhidlər Xiyabanı və Fəxri Xiyabana aparılır, həmin yerlər ziyarət edilir. Bu olduqca vacibdir. Amma yaxşı olardı ki, Azərbaycan xalqının müstəqilliyində yaşadığı ən böyük faciə olan Xocalı soyqırımına ucaldılmış abidənin ziyarəti rəsmi protokola salınsın.
Məlum olduğu kimi, Ermənistanda saxta soyqırım abidəsinin ziyarət edilməsi rəsmi protokola salınıb. Həmin ölkəyə səfər edən nümayəndə heyətləri saxta abidəni ziyarət etməyə məcbur olurlar. Bu baxımdan, Xocalı abidəsinin ziyarət edilməsinin rəsmi protokola salınması ideyası necə dəyərləndirilir?
Politoloq Qabil Hüseyinli hesab edir ki, bu zəruri olan məsələdir: “İctimai rəydə biz bu təklifin səslənməsini dəfələrlə eşitmişik. Hətta bir neçə dəfə belə təkliflərin parlamentdə səslənməsini də görmüşük. Bu, soyqırım abidəsidirsə, mütləq ziyarət olunmalıdır. Hazırda olan protokola əsasən, əksər hallarda, Şəhidlər Xiyabanı bir məkan seçilir. Çünki bu, Azərbaycanın keçdiyi yolu, yaşadığı işğal gerçəkliyini, həm Xocalı hadisələrini, bütöv Qarabağ işğalını, onun vurduğu insan itkilərini tam miqyasda özündə əks etdirir. Elə Şəhidlər Xiyabanı həm də Xocalıda həlak olan hər hansı bir şəxsin uyuduğu bir yerdir. Orada istər 20 Yanvar, istər türk şəhidliyi, Şuşa döyüşlərindən də gətirilmiş ayrı-ayrı şəhidlərimiz uyuyur. Bu cəhətdən sanki Azərbaycan tarixini məcmu halında özündə əks etdirir. Ona görə də bütün protokolu sıxlaşdırmamaq, beynəlxalq tələbləri nəzərə almaq baxımından ola bilsin ki, bu, protokolda öz əksini tapmayıb”. Politoloqun fikrincə, bunu bir sistem formasında müəyyənləşdirmək lazımdır ki, bir sıra hallarda Xocalı abidəsi, digər hallarda isə Şəhidlər Xiyabanı ziyarət məkanı kimi seçilsin. “Bunu bir vəhdətdə ümumi bağlılıqda müəyyənləşdirmək lazımdır. Bütün hallarda, Şəhidlər Xiyabanının birmənalı məkan kimi seçilməsi də doğru anlama gəlməzdi, çünki həqiqətən dünyada beynəlxalq fikrə təsir edən amillərdən biri məhz soyqırım hadisəsidir. Bu, bəşəri cinayət kateqoriyasındadır. Odur ki, zənn edirəm ki, gələcək dövrdə bütün dövlət tədbirləri, xarici qəbullarda ziyarət olunacaq məkanlardan biri kimi Şəhidlər Xiyabanı ilə yanaşı, məhz Xocalı abidəsi də salınmalıdır. Bununla biz, birmənalı şəkildə, xarici əlaqələr sisteminə bunu daxil etmiş olacağıq”.
Məhəmmədəli QƏRİBLİ