Fikrət Sadıqov: “Zərifin yerinə irəli sürüləcək namizəd daha sərt siyasətin tərəfdarı ola bilər”
İranın xarici işlər naziri Cavad Zərif istefa verib. İstefa ilə bağlı xəbəri media Zərifin öz “İnstagram” səhifəsində paylaşdığı məlumatdan sonra yayıb. O, vəzifəsini davam etdirmək iqtidarında olmadığını bildirib və xidməti zamanı buraxdığı səhvlərə görə üzr istəyib.
İranın rəsmi KİV-ləri bu istefanın səbəbini hakimiyyət daxilindəki fikir ayrılığı ilə izah ediblər. “Fars” agentliyinin yaydığı digər xəbərə görə, Zərif bu addımı ölkə prezidentinin dəftərxanası ilə fikir ayrılığı səbəbindən atıb. Belə ki, nazir bu ərəfədə Suriya Prezidenti Bəşər Əsədin Tehrana səfəri barədə məlumatlandırılmayıb. Bazar ertəsi günü Bəşər Əsəd Tehrana səfər edib və İran İslam Respublikasının dini lideri Əli Xameneyi ilə görüşüb.
Zərifin istefası, eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana nəzərdə tutulan səfəri ərəfəsinə də təsadüf edir. Erməni KİV-ləri Paşinyanın İrana nəzərdə tutulan səfərinə böyük yer ayırır. Bu baxımdan da Zərifin istefası ilə Paşinyanın İrana nəzərdə tutulan səfəri arasında da əlaqələr axtarılır.
Qeyd edək ki, İran parlamenti üzvlərinin əksəriyyəti Prezident Həsən Ruhaniyə məktub yazaraq Cavad Zərifi xarici işlər naziri postunda saxlamağı xahiş edib.
Xatırladaq ki, Cavad Zərif xarici işlər naziri postuna 2013-cü ilin avqustunda təyin olunub və onun xidmətləri siyahısında İranın nüvə proqramı üzrə sazişin imzalanması da var.
Zərifin istefasının əsl səbəbi nə ilə bağlıdır və burada Paşinyanın səfərinin hansısa rolu ola bilərmi?
Politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, Zərifin istefasının kökündə daha çox daxili amil durur: “Burada xarici təsir amilini axtarmaq yersizdir. Bu, İranın hakim siyasi elitasında olan ziddiyyətin göstəricisidir. Zərif daha çox yumşaq siyasətin tərəfdarı sayılır. İranın siyasi elitasında sərt mühafizəkar xəttin tərəfdarları da az deyil. Hətta vaxtilə Avropa və ABŞ-la İran arasında aparılan “nüvə danışıqları” da Zərifin rəhbərliyi altında həyata keçirilib. Həmin vaxt imzalanan sazişə görə, İranın daxilində Zərifi ciddi tənqid atəşinə tutublar. Çünki oradakı müəyyən qüvvələr hesab edirdilər ki, İran prosesi uduzur. Bu istefanın Ermənistanın baş nazirinin ora səfər etməsi ilə heç bir əlaqəsi ola bilməz. Çünki Ermənistan elə bir gücə malik ölkə deyil ki, onun belə proseslərə təsiri olsun. Bu əlaqə nəsə zəif görünür. Ola bilsin ki, bu istefaya səbəb olan görünməyən tərəflər də var. Artıq İranın rəsmi KİV-ləri istefanın Bəşər Əsədin səfəri ilə bağlı olduğuna dair fikirləri tirajlayırlar”.
“Bu istefadan sonra, İranın xarici siyasət kursunda hər hansı dəyişiklik ola bilərmi” sualına isə Fikrət Sadıqov belə cavab verdi: “İranda xarici siyasət xəttini mollalar müəyyənləşdirir. Xarici işlər naziri isə icraçılıq edir. Həmin adam bunu peşəkarlıqla da edə bilər, naşılıqla da. Mənə elə gəlir ki, Zərifin yerinə irəli sürüləcək namizəd daha sərt siyasətin tərəfdarı ola bilər. İranın daxilindəki mühafizəkarlar Zərifi Qərbə güzəştə gedən nazir kimi təqdim edirdilər”.
Məhəmmədəli QƏRİBLİ