Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı savaşının 27-ci ildönümü anılıb.
İmdad Əfşar, Rəhilə Gülgün, Azər Həsrət, Fikrət Babaoğlu, Elçin Mirzəbəyli, Elşad Eyvazlı kimi tanınmış jurnalistlərin iştirakı ilə keçirilən tədbiri təşkilatın rəhbəri Umud Rəhimoğlu açıb. Əvvəlcə, faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib.
27 il əvvəl törədilən qanlı qırğın barədə danışan Umud Rəhimoğlu bəyan edib ki, bu adi soyqırım deyil, bir millətin digər bir millət üzərində təcavüzkar basqısıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində çağırışlar edildiyini xatırladan U.Rəhimoğlu “Biz hər birimiz səsimizi dünyaya duyurmalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəni davam etdirməliyik”- deyə vurğulayıb.
Tədbirdə Moskvada yaşayan əslən Qarabağdan olan soydaşımız, yazıçı Ulduz Qasımın yenicə nəşr edilən “Xocalı şikəstəsi” romanı da təqdim edilib. Romanı türkcəyə çevirən və orada yayımını təşkil edən İmdad Avşar əsər barədə geniş məlumat verib.
Yazıçı-publisist Rəhilə Gülçin kitabın Azərbaycan nəşri barədə danışıb. Bildirib ki, kitabda əsərin baş qəhrəmanı mübariz, müdrik Azərbaycan qadını Məryəm ananın ailəsinin erməni cəlladlarından qaçışı, beş gün meşədə yaşam uğrunda aparılan mübarizəsi əks olunur.
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.