Məhərrəm Zülfüqarlı: “Onun Qacar şahlarına, eləcə də Abbas Mirzə kimi Qacarlar sülaləsindən qəhrəman sərkərdəyə qarşı səsləndirdiyi xoşagəlməz fikirlər qətiyyən qəbuledilən deyil”
Azərbaycan tarixinin elə səhifələri var ki, orada xalqımızın bir neçə əsrlik faciəsi öz əksini tapıb. Tarixi torpaqlarımızın yadların, işğalçı qüvvələrin əli ilə paralanması faktdır. Azərbaycan tarixən heç bir dövlətə qarşı ərazi iddiasında olmayıb, ancaq Azərbaycan torpaqlarına qarşı zaman-zaman qonşu dövlətlər tərəfindən ərazi iddiaları irəli sürülüb. Azərbaycana aid torpaqları qəsb edən, əhalisini əsarət altında saxlayan bəzi dövlətlər indinin özündə də əsassız iddialarından əl çəkmək istəmirlər. İran kimi.
Məlum olduğu kimi, İran Prezidenti Həsən Ruhani fevralın 11-də Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan ərazilərinə qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Onun səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan tərəfi də, öz növbəsində, etirazını bildirib və bildirməkdə də davam edir. Ruhani açıq şəkildə qədim Azərbaycan torpaqlarının İranın olduğunu bildirməklə yanaşı, eyni zamanda, türk kökənli Qacar şahlarını xain adlandırmaqdan çəkinməyib: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar”.
Bildirək ki, İran Prezidentinin bu fikirlərinin heç bir əsası yoxdur. Məlum olduğu kimi, Azərbaycan torpaqları 1813-cü ildə Rusiya və Qacarlar arasında bağlanmış “Gülüstan”, 1828-ci ildə isə “Türkmənçay” müqaviləsi əsasında indiki İran və Rusiya arasında bölüşdürülüb.
Məlumdur ki, 1804-1813-cü illərdə Rusiya ilə İran arasında baş verən müharibə Azərbaycan torpaqlarının iki yerə bölünməsi ilə başa çatıb. Tarixçilər bildirirlər ki, başqa bir dövlətin torpaqları uğrunda aparılan bu müharibənin başlama səbəbi də kifayət qədər ədalətsiz idi.
Tarixçilər qeyd edirlər ki, XIX əsrin əvvəllərində Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb olub. Şah Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. O bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək almağa çalışdı. Lakin İranın daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən real köməyin olmaması şahı çətin vəziyyətə saldı. Davam edən gərgin siyasi proseslərdən sonra 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi və 9 il davam etmiş Rusiya-İran müharibəsi başladı.
Müharibə dövründə Azərbaycanın bir sıra xanlıqlarında üsyanlar olsa da, rus qoşunları hücum edərək bu qiyamları amansızcasına yatırdılar. Qanlı döyüşlərin, qarışıq siyasi hadisələrin çox olduğu müharibə 1813-cü ildə Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində imzalanmış müqavilə ilə başa çatdı. Müqaviləyə əsasən, Azərbaycan torpaqları iki yerə bölündü. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi, həmçinin, Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edildi. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qaldı.
“Sülh” sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalayıb.
Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli ticarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər.
Azərbaycanın bölünməsi hesabına başa gələn 11 maddəlik “sülh” müqaviləsinin ilk maddəsində deyilirdi: “İndiyədək Rusiya imperiyası və İran dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa bu müqavilə ilə bu gündən və gələcəkdə son qoyulur və qoy İmperator əlahəzrətləri, Bütün Rusiya hökmdarı ilə əlahəzrət İran şahı, onların vəliəhdləri, taxtlarının varisləri və qarşılıqlı olaraq onların yüksək dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah andlaşma olsun”.
Lakin bu da son deyildi. Rusiya və İran 1826-cı il iyulun 16-da Azərbaycanı bölüşdürmək üçün bir daha müharibəyə başladı. “Gülüstan” müqaviləsi ilə heç cür razı olmayan İran bu savaşda da ağır məğlubiyyətə düçar oldu. Müharibə 1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay” müqaviləsi ilə başa çatdı. “Türkmənçay” müqaviləsinə əsasən, İrəvan və Naxçıvan da Rusiyaya verildi.
Müqavilənin şərtlərinə əsasən, İranda və Türkiyədə, o cümlədən, Suriyada yaşayan erməniləri kütləvi surətdə Azərbaycan ərazilərinə köçürən Rusiya, nəhayət, İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin qurulmasına nail oldu.
Azərbaycan torpaqlarının bölünməsini böyük şairimiz “Gülüstan” poemasında xalqımızın ağrı və iztirablarını dərindən ifadə edib.
Kağıza həvəslə o da qol atdı, Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm Dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı, Ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın.
Fikrimizcə, bu misralar da Ruhanin iddialarına əsaslı cavabdır.
Tarixçi-alim, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, H.Ruhani bu iddianı səsləndirməklə həm tarixi, həm də siyasi baxımdan böyük yanlışlığa yol verib. M.Zülfüqarlı qeyd etdi ki, gerçək tarixi bələd olan İran cəmiyyəti özü Ruhaninin yanlışlığa yol verdiyini bilir. “Əgər Ruhani bu fikirləri bilməməzlikdən deyibsə, haradasa onu bağışlamaq olar. Ancaq bilə-bilə deyirsə, bu artıq qərəzçilikdir və düşmənçilik toxumu əkməyə xidmət edir. Onun bu fikirləri kəskin şəkildə qınanmalıdır. Birincisi, Şimali Azərbaycan Qacar şahlarının “xəyanəti” yox, Çar Rusiyasının işğalı nəticəsində tutulub. Azərbaycanın bölünməsi məsələsi “Gülüstan” və “Türkmənçay” müqaviləsində öz əksini tapıb. İran Prezidenti yaxşı bilir ki, Azərbaycanda, Qafqazda İrana aid ərazi yoxdur. Əksinə, bu gün Azərbaycan torpaqları İran ərazisindədir. Onun Qacar şahlarına, eləcə də Abbas Mirzə kimi Qacarlar sülaləsindən qəhrəman sərkərdəyə qarşı səsləndirdiyi xoşagəlməz fikirlər qətiyyən qəbuledilən deyil. Abbas Mirzə Rusiya və İran müharibəsinə iki dəfə rəhbərlik etmiş bir tarixi qəhrəmandır. O, fransız dilini çox mükəmməl bilirdi. İlk dəfə kitab çap maşınını da İrana o gətirib. İran Prezidentinin dili necə gəlir ki, çoxlu demokratik səpkili kitablar tərcümə edən bir insana, eləcə də Qacar şahlarına “xain” deyir. Qacarlar xəyanətkar deyil. Onlar çox böyük qəhrəmanlıqlar göstəriblər. Məsləhət görərdim ki, İran Prezidenti fransız yazıçısının “Unudulmuş qəhrəmanlar” kitabını oxusun. O görsün ki, Abbas Mirzə, ümumiyyətlə, Qacarlar Rusiya-İran müharibəsində necə qəhrəmanlıqlar göstəriblər. Təəssüf edirəm ki, Həsən Ruhani belə tarixi və siyasi səhvə yol verir. Yəqin ki, gələcəkdə İranda belə bir səhvə yol verdiyi üçün onu qınayacaqlar” - deyə M.Zülfüqarlı bildirdi.
İradə SARIYEVA