Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan ictimai-siyasi mühitində cərəyan edən proseslər bu ölkədə konfliktə baxışda kəskin ziddiyyətlərin yaranmaqda olduğunu göstərir. Belə görünür ki, işğalçı ölkədə Qarabağ kartı siyasi mühitdə hələ də kifayət qədər geniş şəkildə istifadə olunur.
Hazırda baş nazir Nikol Paşinyana müxalif olan qüvvələr onu Qarabağ məsələsində təslimçi sülhə hazırlaşmaqda ittiham edirlər. Özü də Paşinyanın bu məsələdə eks-prezident Levon Ter-Petrosyanın göstərişləri əsasında hərəkət etdiyi də vurğulanır. Düzdür, sonuncu “ilur.am” saytında dərc etdirdiyi məqaləsində bunları təkzib edib. Keçmiş prezident məşaləsində Paşinyanı saxta ittihamların hədəfinə çevirmək istəmədiyini vurğulayıb: “Beləliklə, mən sükutu pozmağa və bu haqda şəxsi fikrimi bildirməyə qərar verdim. Sizi inandırıram ki, məqsəd heç də özünümüdafiə deyil, Paşinyanı yanlış ittihamların hədəfinə çevirməməkdir”. Ter-Petrosyan Paşinyanın onun mənəvi oğlu olması haqqında deyilənləri uydurma adlandırıb. Paşinyanın hər axşam ona zəng etdiyi və məsləhətləşdiyi barədə iddalara gəlincə, Levon Ter-Petrosyan bu iddiaları da təkzib edib: “2012-ci ildə mən onunla yalnız bir dəfə görüşmüşən. 2018-ci il iyulun 16-da hökumət mətbuat xidməti bu barədə rəsmi bəyanatla çıxış etdi. Bundan sonra baş nazirlə hər hansı telefon söhbətləri olmayıb. Kimlərsə düşünürsə ki, Paşinyanı yönəltmək, nəsə məsləhət görmək və ya diqtə etmək olar, ya dərindən səhv edirlər, ya da bu insanı heç tanımırlar. Onlar bu insan barəsində şəxsi fikirlərinə əsaslanaraq mühakimə yürüdürlər”. Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə gündəmdə olan “sülh əvəzinə ərazilər” düsturu haqqında da fikirlərini açıqlayıb: “Dərhal qeyd etmək istəyirəm ki, nə mən, nə də Paşinyan heç vaxt “sülh əvəzinə ərazilər” düsturundan istifadə etməmişik. Qarabağ münaqişəsinin nizama salınması proqramına gəlincə, Ermənistanın üç prezidentindən fərqli olaraq, Paşinyanın özünün proqramı hələ heç kəsə məlum deyil. Həmçinin qeyd etmək lazımdır ki, Paşinyanın hansı proqramla çıxış etməsindən asılı olmayaraq, bu onun şəxsi proqramı olacaq. Ermənistanın hər bir lideri öz proqramına görə məsuliyyətlidir”.
Amma məsələyə dərhal reaksiya verən erməni müxalifəti bildirir ki, Levon Ter-Petrosyan həqiqətən də Paşinyanın imicinə xələl gətirməmək üçün belə bir mövqe sərgiləyib. Məsələn, müxalifətdə yer alan erməni ekspert Ruben Akopyan vurğulayır ki, Ter-Petrosyanın təkzibinə baxmayaraq, Paşinyan, məhz Qarabağ məsələsi də daxil olmaqla, bir çox məsələlərdə, xüsusən də xarici siyasətdə onun tövsiyələri əsasında hərəkət edir. Elə bu fonda “Qarabağ klanı” Paşinyana qarşı daha sərt mövqe sərgiləmək niyyətinə düşüb. İndiyə qədər “Qarabağ klanı” Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir. Çox maraqlıdır ki, bu fonda Armen Sarkisyan və yaxın ətrafı ölkəsinin ordusunun Azərbaycan qarşısında acizliyini etiraf edir. Bununla dolayısı ilə diqqət ona yönəldilir ki, Paşinyanın iqtidara gəlişi orduda müsbətə doğru hansısa dəyişikliyə gətirib çıxarmayıb. Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan bu xüsusda erməni ordusunun təcrübəsizliyinə diqqət yönəldir: “2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl yeni xidmətə başlayan əsgərlər hətta barıt qoxusu ilə tanış deyillər, onlarda hələ ki, rəqibin atəşlərinə cavab təcrübəsi yoxdur. Təcrübəsizlik həmişə qorxu doğurur. Ümid edirəm ki, bizim ordumuzda qorxunun ölçüsü üzrə çarə var, əks halda, anlayırsınızmı ki, təcrübəsizliyə görə hansı vəziyyət yaranacaq”. Poqosyandan sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin “rəhbəri”nin “mətbuat katibi” David Babayan iddia edib ki, “təmas xəttində sakitlik hökm sürsə də, Azərbaycan müharibə planından əl çəkməyib, cəbhədə mühəndislik işlərinin həyata keçirilməsi də bunu təsdiqləyir”. Bu iki bəyanat və Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan yumşalma fonunda Ermənistan daxilində baş verən siyasi intriqalar daha çox diqqət çəkir. Erməni şərhçi Aram Amatuni yazır ki, Poqosyanın və Babayanın sözləri mesaj xarakteri daşıyır. Bəs bu mesaj kimə ünvanlanıb? Aram Amatuni hesab edir ki, hədəfdə münaqişənin həlli üçün danışıqlara hazır olan baş nazir Nikol Paşinyandır: “Xüsusilə həmsədrlərin regiona səfəri və Paşinyanla görüşündən sonra bu fikirlərin gündəmə gəlməsi təsadüfi deyil. Qarabağ məsələsi daxili siyasətdə həmişə olduğu kimi yenə də əsas faktor olaraq qalır”.
Rusiyalı hərbi ekspert İqor Korotçenko isə vurğulayır ki, əslində, Qarabağ məsələsi həllini tapmadan bu mövzu həm İrəvanın daxili gündəmini zəbt edərək ziddiyyətə yol açır, həm də Ermənistanın inkişafı üçün ciddi problemlər yaradır. Ekspert vurğulayır ki, əslində, Paşinyanın Azərbaycana güzəştə getməkdən başqa çıxış yolu yoxdur və erməni müxalifəti bunu anlamalıdır: “Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi ordunun bütün istiqamətlərdə güclənməsinə və müasir silahlarla təhciz edilməsinə nail olub. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır”. Onun fikrincə, bunu Ermənistanda da nəzərə alırlar:“ Azərbaycan hərbi potensialının artırılmasına və inkişafına xüsusi önəm verir. Bu gün Azərbaycanın hədəfi öz ordusunu yüksək dəqiqlikli silahlarla təchiz etmək istiqamətindədir. Təbii ki, bura hava hücumundan müdafiə sistemləri də daxildir. Rusiya da Azərbaycanın bu istiqamətdə bütün istəklərini yerinə yetirməkdə qərarlıdır”.
İ.Korotçenko vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan yüksək səviyyəli münasibətlər var: "Belə münasibətlər isə hərbi əməkdaşlığa yalnız təkan verir”. O, iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə və effektiv olduğunu deyib: "Azərbaycan Rusiyadan böyük partiyada hərbi texnika alan ölkələr sırasındadır. Azərbaycan Rusiyadan yeni və müasir silahlar almaqla ordusunu XXI əsrin ordusuna çevirib. Əlbəttə, Azərbaycan hərbçiləri də Rusiya istehsalı olan silahları tamamilə idarə və istismar etməyə qadirdirlər. Azərbaycan hava hücumundan müdafiə sistemləri, zirehli hərbi nəqliyyat vasitələri, özüyeriyən artilleriya qurğuları və digər müasir silah növlərinə malikdir”. Hərbi ekspert qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: “Dağlıq Qarabağ münaqişəsinin hər an alovlanacağını nəzərə alaraq rəsmi Bakının Rusiya ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini deyə bilərik. Ancaq bununla belə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına, müharibəyə ehtiyac qalmayacağına ümid edirəm. Artıq Ermənistan həqiqətləri analamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Məsələ burasındadır ki, Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır”.
Korotçenkonun bu mövqeyində haqlı olduğunu “Mudos Vivendi” analitik mərkəzinin direktoru, ekspert Ara Papyan da təsdiq edir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vəziyyət heç də bizim lehimizə deyil. O baxımdan ki, Azərbaycan durmadan hərbi gücünü artırır. Azərbaycan hərbi zavodlar açır və yeni hərbi texnika alır. Azərbaycanın Qarabağı deyil, Ermənistanı belə ala bilmək gücünə sahib olduğunu başa düşmək üçün başqa nə lazımdır?”.
Qeyd edək ki, Azərbaycan işğal edilmiş ərazilərini, sülh yolu ilə baş tutmayacağı təqdirdə, hərbi yolla da olsa gec-tez qaytaracığını dəfələrlə bəyan etsə də, Ermənistan buna indiyə kimi hərbi ritorika kimi yanaşırdı. Amma Bakının gedişləri İrəvanın bu yanaşmasında ciddi yanlışlıqlar olduğunu ortaya qoyur. Ekspertlər vurğulayır ki, Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, işğala son qoymalıdır. Elə avropalı ekspert Treysi Cerman da bunun İrəvan üçün ən yaxşı çıxış yolu olduğunu qeyd edir. Treysi Ceymanın sözlərinə əsasən, savaş mütləq mənada Ermənistanın məğlubiyyətinə gətirib çıxaracaq və bu səbəbdən Paşinyan, daxili təzyiqlərə baxmayaraq, Qarabağ məsələsində cəsarətli addımlar atmalıdır: “Düzdür, kifayət qədər mürəkkəb vəziyyətin mövcudluğu fonunda daxili təzyiq üzündən ictimaiyyəti davamlı olaraq inandırmaq çətindir. İnformasiya təxribatlarının çox olduğu bir dövrdə cəmiyyət rəhbərlərin hansı güzəştləri etməyə hazırlaşdığını, bunun müqabilində nə ödəyəcəklərini bilmək istəyir. Bütün bunların idarə edilməsi çətin olsa da, danışıqlar prosesindəki sabitliyi qoruyub saxlamaq üçün çox zəruridir. Cəmiyyətin nə zaman və nə dərəcədə danışıqlar prosesi barədə məlumatlandırılmasının zəruriliyi barədə də qərar vermək çətindir. Danışıqlar prosesinin şəffaf olmasının vacibliyi ilə yanaşı, bəzən şəffaflıq prosesin gedişatına mane də ola bilir. Elə buna görə belə hallar münaqişə adlanır, bütün bunların idarə edilməsini bacarmaq lazımdır. Belə olan halda gələcəkdə sabit danışıqların aparılmasına görə bu, siyasi iradə ola bilər. Paşinyan bunu etsə, ölkəsini inkişafa qovuşdura bilər.
İndiki vəziyyətdə tərəflər cəmiyyətləri sülhə hazırlaşdırmaq istəyirlərsə, ilk növbədə münaqişə həll edilmədiyi halda daim mümkün ola biləcək sərhəddəki hadisə və təxribatların qarşısını almaq lazımdır”. Treysi Ceyman əmindir ki, münaqişədə nə qədər beynəlxalq aləm cəlb edilsə də, danışıqlardakı vəziyyəti tərəflərin özləri diqtə edir, həmsədrlər isə vəziyyəti izləmə və prosesin nəzarətçisi rolunda çıxış edirlər. Məhz bu şəraitdə də əsas məsuliyyət İrəvanın üzərinə düşür və məsələnin dinc müstəvidə həlli üçün Ermənistan artıq konkret addımlar atmalıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.