Azərbaycan qazını Avropaya daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin cari ilin sonuna tam şəkildə istismara hazır olması gözlənir. Bununla “Cənub Qaz Dəhlizi” 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Amma Azərbaycanın daha böyük qaz ehtiyatına malik olması fonunda “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya satılan qazın miqdarında ciddi artım da gözlənir.
Digər tərəfdən məlumdur ki, artıq Türkmənistan da öz qazının müəyyən hissəsini məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə Qərbə ötürmək niyyətindədir. Eləcə də qonşu İranın da Azərbaycan ərazisi və borularından istifadəsi gündəmdədir. Özü də İrana qarşı sanksiyaların dərinləşməsi fonunda Tehranın buna ehtiyacı artır. Bundan əlavə, Azərbaycanın lazımi infrastruktura malik olması və son dövrlər rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafı bu xüsusda dövlətin daha yaxından əməkdaşlığını asanlaşdırır. Bakı belə vəziyyətdə Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün onun infrastrukturundan yararlanmağı təklif edir.
Bundan əvvəl İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalı Tehran rəsmilərinin özləri tərəfindən də etiraf edilib. Məsələn, İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəql edilməsini mümkün sayır. İran burada onu da nəzərə alır ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə yeni kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, bu, tamamilə məntiqi bir yanaşmadır. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməkdir. Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan xilas olur. İkincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmağa ehtiyac qalmır. Azərbaycan isə tranzitdən gəlir əldə edir.
Bütün bunlardan narahatlıq duyan əsas tərəflərdən biri isə Ermənistandır. Yeri gəlmişkən qeyd edək ki, “Cənub Qaz Dəhlizi” ilə bağlı Bakıda keçirilən son tədbirdən sonra Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyi açıqlama yayaraq bildirib ki, rəsmi İrəvan İran qazının Ermənistan ərazisindən Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya ixracını müzakirə etməyə hazırdır. Amma Azərbaycanın geniş infrastruktura malik olması və yuxarıda qeyd olunduğu kimi, son vaxtlar rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişafı Ermənistana heç bir şans qoymur. Əslində, İran özü də Ermənistana bu xüsusda maraq göstərmir. Belə ki, İran-Ermənistan qaz kəmərinin çəkilməsi ideyası da 2007-ci ildən ortaya atılıb. Amma indiyə qədər ortada heç nə yoxdur. İran konkret olaraq Ermənistan ərazisindən qaz nəql etmək fikrində deyil. Bu da o deməkdir ki, Ermənistandan keçməklə enerji dəhlizinin yaradılması ideyası zamanla “dəfn ediləcək”. Necə ki, bu hal artıq dəmir yolu ilə bağlı baş verib. Xatırladaq ki, hələ 2008-ci ildə Ermənistan prezidenti olan Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi hələ də ideya olaraq qalır. O vaxtdan uzun illər ötməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu körpüsü istifadəyə verildikdən sonra İranla Azərbaycanın dəmir yolları sistemi birləşdi və bununla da Sarkisyanın ideyası həmişəlik “dəfn edildi”. İndi eyni aqibəti qaz kəməri məsələsi də gözləyir.
Ekspertlər hesab edir ki, Ermənistan sadəcə öz işğalçılıq siyasətinin nəticəsində regionda həyata keçirilən qlobal iqtisadi layihələrdən tam kənarda qalıb və onu gələcəkdə də eyni aqibət gözləyir. Buna son qoymağın yeganə yolu, heç şübhəsiz, Azərbaycanla münasibətləri normallaşdırmaq və işğal siyasətindən əl çəkməkdən keçir. Tehrana gəlincə, ixracın şaxələndirilməsi və İranın böyük qaz potensialına malik olması, eyni zamanda, bir sıra siyasi səbəblərə görə rəsmi Tehran Avropaya qaz ixrac etmək niyyətindədir. Bunun isə ən optimal variantı “Cənub Qaz Dəhlizi”dir. Bütün bunları indi İranda da diqqətlə nəzərə alırlar.
Tahir TAĞIYEV