Elşən Manafov: “Bu səbəbdən rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır”
Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland “Amerikanın səsi”nə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində İran maraqlıdır: “Düşünürəm ki, İran münaqişənin həllində maraqlıdır. Amma Rusiya bu münaqişənin həllini istəyirmi? Moskvada bəzi qüvvələr hesab edirlər ki, münaqişə həll olunarsa, onda regionda təsir rıçaqlarını itirəcəklər”.
Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın son müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri diqqəti cəlb edir. Ən azından ona görə ki, işin içində olan diplomatın dili ilə bunların bəyan edilməsi maraqlı görünür.
Bəzi ekspertlərin firincə, Hoqland həmsədr işlədiyi dövrdə Rusiyanın münaqişənin həllində maraqlı olmadığı qənaətinə gəlib. Onlar bunu onunla əlaqələndirirlər ki, həqiqətən də münaqişə həll olunarsa, Moskva regionda təsir rıçaqlarını itirəcək. Hətta amerikalı diplomat Vaşinqtonun düşməni İranın münaqişənin həllində maraqlı olduğunu deyərkən, Rusiya haqqında eyni sözləri deyə bilmir. Hoqland neçə illik müşahidələrindən bu qənaətə gəlib ki, danışıqlar prosesi münaqişənin həllini yaxınlaşdırmır. Bunu o şəxs deyir ki, bir neçə il tərəflər arasında gizli danışıqların iştirakçısı olub.
Ancaq İranın münaqişənin həllində maraqlı olması diqqəti cəlb edir. O mənada ki, İran region ölkəsi olaraq Ermənistanla sərhədə və geniş əlaqələrə malikdir. İran istəsə, işğalçı Ermənistana müəyyən təzyiqlər edə bilər. Bütün bu deyilənlərlə yanaşı, İranın münaqişənin həllində maraqlı olmasını ekspertlər necə dəyərləndirirlər? İran münaqişənin həllində niyə maraqlı ola bilər?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov buna birmənalı prizmadan yanaşmadı: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı İranın sərgilədiyi mövqe ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərin mövqeyindən müəyyən mənada fərqlənir. Yəni o qədər də çox fərqlənmir. Fərqlənir o mənada ki, İran İslam Konfransı Təşkilatının üzvü olaraq Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Ancaq o da var ki, İran Ermənistanla sıx iqtisadi ticarət əlaqələrinə malikdir. İndiyə qədər İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir sıra bəyanatlar verib. 1992-ci ildə İranın vasitəçilik etmək istəyi Şuşanın işğalı ilə nəticələndi. Ondan sonra İran rəsmiləri ilə keçirilən görüşlərdə qonşu ölkə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini bəyan edib. Ancaq nəzərə almaq lazımdır ki, İran teokratik dövlətdir. Teokratik dövlət olaraq İran Konstitusiyasında bəyan edilib ki, dünyanın hansı yerində müsəlmanlar təcavüzə məruz qalırsa, bu dövlət onun yanındadır. Ancaq bu dövlətin Ermənistanın enerji və ərzaq təhlükəsizliyində oynadığı rol ortadadır. Pakistan, Türkiyə kimi ölkələrin Ermənistanla diplomatik münasibətləri belə olmadığı halda, İranın bu dövlətlə əlaqələri var. Ermənistan və İranın bölgə ilə bağlı maraqları hələ ki, üst-üstə düşür. Baxmayaraq ki, ABŞ Ermənistandan İranla münasibətlərə yenidən baxılmasını tələb edir. Ancaq Ermənistanın İrana ehtiyacı çoxdur. Münaqişənin həllində maraqlı olmasına gəldikdə isə, İran ABŞ qoşunlarının Ermənistana gəlməsini istəmir. Çünki bu, qonşu dövlət üçün müəyyən problemlər yarada bilər. Bu səbəbdən İran Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır”.
Vidadi ORDAHALLI