Qabil Hüseynli: “Dağlıq Qarabağı elə Ermənistandakı ermənilər işğal edib”
Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland xarici KIV-ə verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən doğru yol kiçik addımlarla irəli getməkdən ibarətdir: “Uzun illərdən sonra Ermənistanın yeni lideri Qarabağdan deyil. Buna görə o, ehtiyatlı olmalı, addımlarını radikal deyil, tədricən atmalıdır”.
Doğrudan da Ermənistana ən həssas məqamlarda və uzun illər ərzində şərti adı “Qarabağ klanı” olan qruplaşmadan çıxan şəxslər rəhbərlik edib. Bu xüsusda Robert Köçəryanla Serj Sarkisyanın adını xüsusi qeyd etmək olar. Uzun fasilədən sonra Ermənistana Paşinyanın timsalında “Qarabağ klanı”nın nümayəndəsi olmayan şəxs başçılıq etməyə başlayıb. Keçmiş həmsədr Paşinyanın regional mənsubiyyətini niyə onun üçün təhdid kimi görür və bunu hansı amillərlə izah etmək mümkündür?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın regional mənsubiyyətinin hara aid olması Hoqlandın araşdırma mövzusu olmamalıdır: “Bu heç Hoqlandın biliyi çərçivəsində də deyil. Çox naşı danışır. Paşinyanın qayğısına qalmaq onun nəyinə gərəkdir? Onu ehtiyatlı addımlar atmağa çağırmağın da heç yeri yoxdur. Proses uzanır, əksinə, elə mövqe ortaya qoymaq lazımdır ki, onun xeyri olsun. Yaxşı olardı ki, Hoqland Ermənistanın və Paşinyanın riyakar mövqeyindən danışardı, nəinki onun regional mənsubiyyətini araşdırardı. Paşinyan hansı addımı atıb ki, onu ehtiyatlı olmağa çağırırsınız? Yalnız əlini barmağının üstünə qoyub demoqoji bəyanatlar verməklə məşğuldur. Danışıqlar prosesindən də kənara çəkilir. Çox tragikomik mənzərə yaranıb. Belə olanda bizdə deyirlər ki, “bişmiş toyuğun gülməyi gəlir”. Bir milyondan artıq adamı yurdundan-yuvasından didərgin salan bir ölkənin başçısını ehtiyatlı olmağa çağırmağa dəyərmi? Hoqland niyə status-kvonun dəyişilməsinin vacibliyindən danışmır? Niyə demir ki, bunun üçün Ermənistana təzyiq edilməlidir? Ermənilər arasında bu məsələdə sərhəd çəkmək lazım deyil. Dağlıq Qarabağı elə Ermənistandakı ermənilər işğal edib. Dağlıq Qarabağdakı ermənilər heç təmiz erməni deyil. Onlar qədim albanların törəməsidirlər. Sonradan erməniləşən həmin əhalidən də alət kimi istifadə ediblər. Bu mövzu Hoqlandın müşahidə sahəsinə aid deyil. Hoqland bunu ona görə deyir ki, Paşinyanın atacağı hər hansı güzəşt addımını “Qarabağ klanı” ona qarşı istifadə edib, onu devirə bilər. Ancaq Paşinyan heç bir addım atana da oxşamır. Onda Hoqlandın narahatlığının əsası yoxdur”.
Məhəmmədəli QƏRİBLİ