Məhəmməd Əsədullazadə: “Biz Xocalı soyqırımı ilə bağlı Haaqa Məhkəməsinə də müraciət etməliyik və hüquqi prosesə başlamalıyıq”
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın 27 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırım nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Ötən müddət ərzində Xocalı soyqırımının dünyada tanıdılması və soyqırıma siyasi qiymət verilməsi istiqamətində bir sıra işlər görülüb. Hazırda dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.
O da məlumdur ki, Xocalı soyqırımını dünyanın daha çox ölkəsində tanıtmağa ehtiyac var. Hələ də dünyanın bir sıra ölkələri bundan yetərli səviyyədə məlumatlı deyil. Ona görə də nəinki dövlət qurumları, o cümlədən, ictimai təşkilatlar, QHT-lər, xaricdə yaşayan soydaşlarımız fəal olmalıdırlar. Əvvəllər Xocalı soyqırımının dünyada tanıdılmasında fəallıq daha çox hiss olunurdu. Ancaq son illər bu məsələdə sanki bir passivlik var. Məsələn, il başlanandan hansısa ölkə Xocalı soyqırımını tanımayıb.
Maraqlıdır, belə vəziyyətin yaranmasına səbəb nədir və bu məsələdə necə dönüş yaratmaq olar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanın Azərbaycan xalqına qarşı cinayətkar siyasəti tarix boyu misli görünməmiş bir həddə olub. Soyqırıma hesablanmış bu mənfur planlar 20-ci əsrdə Azərbaycan xalqına qarşı iki dəfə həyata keçirilib. Xocalı soyqırımı bəşəriyyət tarixində ən qanlı faciədir. Bu faciəni ermənilər xalqımıza qarşı etnik düşmənçilik zəminində həyata keçirib. Bu soyqırımın dünyada tanıdılması istiqamətində mütərəqqi işlər görülüb. ABŞ-ın bir neçə ştatı və digər ölkələr Xocalı qətliamını soyqırım kimi tanıyıb. Bu istiqamətdə görülən işləri yüksək dəyərləndirmək lazımdır. Beynəlxalq səviyyədə soyqırımın tanıdılması istiqamətində bir sıra işlər həyata keçirilib, amma bu yetərli deyil. O üzdən, hesab edirəm ki, yenidən Xocalı soyqırımını beynəlxalq müstəviyə qaldırmaq lazımdır. Bu istiqamətdə işlərin əvvəki illərə baxanda zəifləməsinin səbəbi bəzi amillərlə bağlı ola bilər. Ola bilsin ki, bu məsələdə müəyyən passivlik var. Yaxud da xaricdəki diaspor təşkilatları koordinasiyalı hərəkət edə bilmirlər. Hesab edirəm ki, biz bu soyqırımla bağlı Haaqa Məhkəməsinə də müraciət etməliyik və hüquqi prosesə başlamalıyıq. Bu soyqırımı törədənlərin bəzisi Ermənistanda müxtəlif cinayətlər üzrə həbs edilsə də, azadlıqda olanları biz təqib etməliyik. Onlar barəsində cinayət işi açılmalı və İnterpol xəttilə axtarışa verilməlidirlər. Belə olarsa, o zaman daha çox ölkə Xocalı soyqırımını tanıya bilər”.
Vidadi ORDAHALLI