Şamil Sabiroğlu: “Bizim özəl şirkətlər də belə təşəbbüslərə dəstəkdə maraqlı olmalıdırlar”
Hər il fevralın 26-da Xocalı faciəsinin növbəti ildönümünü qeyd edirik. Ermənilərin öz havadarlarının dəstəyilə həyata keçirdiyi bu vəhşilik sadə faciə deyil. Bu, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım siyasətinin bariz nümunəsidir. Belə bir həqiqətin dünyaya çatdırılması Azərbaycan dövlətinin qarşısında duran mühüm məsələlərdən biridir.
Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsində də bu siyasətin vacibliyinə toxunulub. Ancaq bizim araşdırmalarımız göstərir ki, bəzi qurumlar və QHT-lərin faciənin ildönümləri ilə bağlı hazırladıqları tədbirlər sanki hesabat məqsədli olur. Qeyd edək ki, Azərbaycan dövləti belə layihələrin həyata keçirilməsini öz büdcəsi hesabına dəstəkləyir. Son bir neçə ildir Xocalı adı ilə həyata keçirilən layihələrin daha çox Türkiyədə keçirildiyinin şahidi oluruq. Düzdür, bunun qardaş ölkədə edilməsi də vacibdir. Ancaq işin asan həyata keçirilməsi baxımından yalnız qardaş ölkə ilə kifayətlənmək də doğru deyil. Əksər hallarda burada məsafənin yaxınlığı, təbliğat materiallarının tərcüməyə ehtiyacı olmadığı nəzərə alınır və ən asan, optimal variant kimi Türkiyənin üzərində dayanılır. Türkiyənin bizim ağrı-acılarımıza münasibəti bəllidir. Onlar Xocalı faciəsini həm də öz faciələri sayırlar. Amma elə Avropa ölkələri var ki, onların bu məsələyə münasibəti hələ də aydın deyil. Məlumatı az olan ölkələr də az deyil. Bu baxımdan, Xocalı ilə bağlı təbliğat işlərinin aparılmasında Türkiyəyə daha çox üstünlük vermək nə dərəcədə doğrudur?
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması hər bir vətəndaşın ümdə vəzifəsidir: “Bu sahədə çalışan təşkilatlar az deyil. Bunlardan biri də bizim təşkilatdır. Biz sırf Xocalı soyqırımının tanıdılması ilə məşğul oluruq. Son üç il ərzində dövlətdən bir qəpik də olsun maliyyə almadan bu işləri görürük. Biz verilən layihərə görə 5, uzağı 8 min pul alırdıq. Bu vəsait böyük işlərin görülməsi üçün kifayət etmirdi. Həmin pulla sən həm layihəni icra etməlisən, həm ofis pulunu ödəməlisən, işçilərin əməkhaqqını verməlisən, həm də gələn qonaqları qarşılamalısan. Biz hazırda Türkiyədəyik. Heyətimiz 4 nəfərdən ibarətdir. Mənimlə birlikdə respublikanın əməkdar həkimi, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Məmməd Nağıyev, həmin hadisələrin canlı şahidi olmuş və ermənilərə əsir düşən Hüseynağa Quliyev, digər Xocalı sakini, təşkilatımızın qadınlar şurasının sədri Ayna xanım Allahyar qızıdır. Təbii ki, bu işlərin aparılması böyük maliyyə vəsaiti tələb edir. Bəzən görürsən ki, bu təbliğatın aparılması çərçivəsində biz bürokratik əngəllərlə də üzləşirik. Bəzən görürsən ki, verdiyimiz məktublara əsassız yerə “yox” cavabı alırıq. İkinci dəfə ora müraciət etmirik. Qardaş Türkiyəyə ona görə gəlirik ki, buranın bəzi şəhərlərində Xocalı ilə bağlı məlumatlar azdır. Həm də Türkiyə ilə əlaqəli işləmək bizə sərf edir. Çünki, ən azından, müəyyən çətinliklər yarananda onlar bizə dəstək ifadə edirlər. Bayaq dedim ki, dövlət öz imkanı daxilində vəsait ayırır. Amma Avropada belə təbliğatı aparmaq üçün külli miqdarda vəsait lazımdır. Ona görə də bizim özəl şirkətlər də belə təşəbbüslərə dəstəkdə maraqlı olmalıdırlar. Bizə maliyyə imkanları məhdud QHT kimi Türkiyədə belə tədbirləri keçirmək sərf edir. Arzum budur ki, şirkətlər bizim kimi təşkilatlara yardımlarını əsirgəməsinlər. Belə olan təqdirdə, biz də Xocalı həqiqətlərini daha böyük auditoriyaya çatdırmaq imkanına sahib olarıq”.
Əlaqə saxladığımız təşkilat sədrinin Türkiyədə tədbir keçirdiyini bilmirdik. Şamil müəllimin bizim sorğumuza məhz Türkiyədən cavab verməsi qaldırdığımız məsələnin aktual olduğunu sübut edir. Güman edirik ki, növbəti ildə Xocalının tanıtımı ilə məşğul olan QHT-lər fəaliyyət areallarını bir qədər də başqa ölkələr istiqamətində genişləndirməkdə maraqlı olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ