Azad İsazadə: “Onlar narahatdırlar ki, bu yaz ordumuz başqa bir istiqamətdə bənzər taktiki uğurlar əldə edə bilər”
Son vaxtlar erməni mətbuatında yayılan məlumatlara görə, Azərbaycan Ermənistanla sərhəddə və işğal olunan ərazilərdəki təmas xəttində hərbi hazırlığı artırır. Onlar bunu belə əsaslandırmağa çalışırlar ki, Azərbaycan tərəfi son dövrlər mühəndis-istehkam işlərinin aparılmasını intensivləşdirib.
Sözügedən məsələ ilə bağlı erməni hərbi ekspert Van Ambarsumyan ölkə mətbuatına açıqlamasında bildirib ki, Suriya münaqişəsinə cəlb olunmaqdansa, sərhədlərimiz ətrafında yaranmış problemləri həll etmək lazımdır: “Bizim özümüzdə çoxsaylı problem var. Azərbaycan bu gün ən ciddi mühəndis-istehkam işləri aparır ki, bu da ona strateji mövqe üstünlükləri əldə etməyə imkan yaradır”.
Bununla belə, Ambarsumyan Ermənistan hakimiyyətinin Suriya siyasətini tənqid edib. Onun fikrincə, Ermənistan terror təşkilatlarının hədəfinə düşə bilər. O hesab edir ki, Ermənistan kontingentinin Suriyaya göndərilməsi ölkənin hakimiyyət güclərinə dəstəyi kimi qiymətləndirilir: “İndiyə qədər Ermənistan terror təşkilatlarının təhlükəsindən kənarda olub, lakin indi belə deyil”.
Erməni hərbi eksperti qeyd edib ki, ən azından, Suriya münaqişəsinə cəlb edilmiş Avropa ölkələrindəki terror hadisələrini xatırlamaq olar: “Bundan əlavə, aydın deyil ki, kontingentin öz təhlükəsizliyi necə təmin olunacaq”.
Onu da qeyd edək ki, son vaxtlar erməni mətbuatında Azərbaycanın mühəndis-istehkam işlərini gücləndirməsi barədə məlumatlar tez-tez dərc olunur. Bununla bağlı qarşı tərəf ciddi təşviş keçirir. Görünən odur ki, belə məlumatlardan onlar çox narahatdırlar.
Maraqlıdır, Ermənistan tərəfinin sözügedən məsələ ilə bağlı təşviş keçirməsinə səbəb nədir?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadə ermənilərin bu məsələdə təşviş keçirməsini ötən il Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlarla əlaqələndirdi: “Bu səbəbdən ermənilər narahatdırlar ki, mühəndis-istehkam işləri sayəsində qarşıdakı aylarda Azərbaycan Ordusu növbəti uğurlar əldə edə bilər. Çünki Günnüt əməliyyatında əldə edilən uğurlar onları bərk narahat edir. Adətən qışda qar düşəndə iki tərəfin qüvvələri yüksəkliklərdən bir balaca yaşayış məntəqələrinə yaxın enirlər. Bu zaman təmas xətti bir qədər genişlənir. Qar əriyəndən sonra iki tərəf çalışır köhnə mövqelərə çıxsın. Ötən il Naxçıvan istiqamətində əldə edilən uğurlardan sonra mühəndis-istehkam işləri daha da gücləndirildi. İndi ermənilər narahatdırlar ki, bu yaz Azərbaycan başqa bir istiqamətdə bənzər taktiki uğurlar əldə edə bilər. O üzdən, son vaxtlar Ermənistan mətbuatında bu səpkili informasiyalar yayılır. Böyük narahatlıqla bəyan edirlər ki, Azərbaycan mühəndis-istehkam işləri aparır. Bildirirlər ki, Azərbaycan tərəfi taktiki üstünlüyü ələ alıb həmlə edə bilər. Yəqin ki, hazırlıq görülür və təşviş də bununla bağlıdır. Təşviş həm də onunla bağlıdır ki, ermənilər hansı istiqamətdə Azərbaycanın öz mövqelərini bərkidəcəyini dəqiq bilmirlər. Bu səbəbdən panikaya düşərək mütəmadi bu kimi informasiyaları yayırlar. Hesab edirəm ki, məsələnin kökündə məhz bu amil dayanır”.
Vidadi ORDAHALLI