“Həmsədrlərin heç biri indiki situasiyada Dağlıq Qarabağda müharibəsinin yenidən alovlanmasını istəmir”
Məlum olduğu kimi, bu günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər etdilər. Həmsədrlərin regiona səfəri Ermənistandan başladı. Qeyd edək ki, onlar səfər çərçivəsində Ermənistana xarici işlər naziri Zöhrab Mnatsakanyan və Baş nazir Nikol Paşinyanla görüşdülər. Daha sonra Azərbaycana səfər etdilər. Səfər çərçivəsində Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu dəfə həmsədrlər Qarabağa səfər etmədilər. Ermənistanda ötən il parlament seçkiləri başa çatandan sonra Dağlıq Qarabağ danışıqlarının aktivləşdirilməsi üçün vasitəçilərdən təşəbbüsün artırılması ilə bağlı gözləntilər var. Çünki münaqişənin uzun müddətdir həll edilməməsi narahatlıq yaradır. Xüsusən də Azərbaycan tərəfi münaqişənin həll edilməməsindən daha çox narahatdır. Son səfərdən sonra hiss olunur ki, həmsədrlər tələsir. Tələsirlər ki, prosesin gedişində bir dəyişiklik yaratsınlar. Onlarda sözügedən məsələ ilə bağlı bir narahatlıq hiss olunur. Maraqlıdır, bu vəziyyətin əmələ gəlməsində Azərbaycan diplomatiyasının təsirləri və fəaliyyəti necə rol oynayıb?
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun fikrincə, Azərbaycan münaqişənin tez bir zamanda həllində maraqlıdır: “Azərbaycanın bu yöndə diplomatik fəallığı münaqişənin tezliklə həllinə yönəlib. Nəzərə almaq lazımdır ki, bizim torpaqlar işğala məruz qalıb. Azərbaycan işğala məruz qaldığı üçün tez bir zamanda münaqişənin həll edilməsini, işğala son qoyulmasını istəyir. Ona görə də danışıqlarda irəli sürülən istənilən təşəbbüsə diqqətlə yanaşır və mümkün olan qədər prosesə müsbət impuls verir. Ancaq təəssüflər olsun ki, işğalçı Ermənistanın timsalında biz bunu görmürük. Paşinyan hakimiyyəti danışıqlarda imitasiya ilə məşğuldur və hər hansı güzəştlərdən danışmq belə istəmir. Bu da müharibənin yenidən alovlanması risqini artırır. Həmsədrlərin isə heç biri indiki situasiyada Dağlıq Qarabağda müharibənin yenidən alovlanmasını istəmir. O üzdən müəyyən aktivlik göstərib çalışırlar ki, danışıqlarda müsbət meyllər özünü göstərsin. Hesab edirm ki, son aylar proseslərdə həmsədrlərdən ABŞ bir qədər fəal görünür. Ötən il Boltonun bölgəyə səfəri, müəyyən diplomatik təmaslar bu qənaətə gəlməyə əsas verir. Ancaq gərək digər həmsədrlər, xüsusən Rusiya da fəallığı artırsın. Çünki bu ölkənin Ermənistana təsir rıçaqları daha böyükdür”.
Vidadi ORDAHALLI