Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının hələ də istənilən nəticəni verməməsi bu problemin hərbi həlli ehtimalını yüksəldir. Düzdür, danışıqlara, məsələnin dinc müstəvidə həllinə ümidlər hələ tam tükənməyib. Məhz elə bu səbəbdən Azərbaycan işğalçı Ermənistanla danışıqları davam etdirir. Lakin Bakı artıq cari il ərzində müəyyən nəticələrin əldə olunmasını da istəyir. Əks təqdirdə Azərbaycanın ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsi qaçılmaz sayılır.
Problemin çözümü hərbi müstəviyə keçəcəyi təqdirdə Azərbaycanın istədiyi nəticələrə çox asanlıqla nail olacağı əslində sirr deyil və bunu Ermənistanda da yaxşı bilirlər.
Azərbaycanın sürətli qələbəsini şərtləndirən əsas amil, heç şübhəsiz, güclü orduya malik olmasıdır. Ermənistanda isə ordu ilə bağlı tamam əks vəziyyət müşahidə olunur və burada silahlı qüvvələrin daha sürətli xarakter alması qeydə alınır. Bunu Ermənistanın hüquq müdafiəçilərindən Janna Aleksanyan da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, maddi-texniki təminatı zəif olan erməni ordusunun itkiləri hələ də ciddi problemdir: “Məsələn, təkcə rəsmi rəqəmlərə görə, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində 63 əsgər ölümü qeydə alınıb. 63 dəhşətli rəqəmdir. Bu, kiçik bir ölkə üçün çox böyük rəqəmdir. Bu o deməkdir ki, hər il 63 gənc hərbi xidmətdən qayıtmır. Mən çox istərdim ki, bu problemlər ciddi müzakirənin predmeti olsun. Müdafiə naziri bu problemləri həll edə bilmirsə, onda biz orduya necə güvənə bilərik?
Ölkə ordusunda insan haqlarının pozulması və cəzasızlıq atmosferi hələ də davam edir. Ötən müddət ərzində orduda insan haqlarının vəziyyətində dəyişiklik yaranmayıb. Hərbi intizamın təmin olması sahəsində vəziyyət dəyişmir. Əsgər ölümü hadisələrinə lazımi diqqət verilmir. Hərbi hissələrə cinayətkar ab-hava hakimdir. Bunu dəyişmək lazımdır. Ölüm halları baş verir və bu hallar gizlədilir və araşdırılmır, təqsirkarlar cəzalandırılmır. Mən hələ onu demirəm ki, yalnız sıravi qulluqçılar cəzalandırılır və orduda cəzasızlıq atmosferi hələ də qalır”.
Düşmən ordusunda vəziyyətin ağır olmasını erməni hərbi qulluqçuların anaları da təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, bu məsələ ilə bağlı əsgər anaları baş prokurorla görüş də keçiriblər, amma nəticələrdən narazı qalıblar. Erməni mediasının yazdığına görə, qara paltarlı erməni anaları ölkənin baş prokuroru Artur Davtyanla görüşüblər. Baş prokuror valideynləri dinləsə də dəqiq heç bir cavab verməyib. Əksinə, Davtyan erməni hərbçilərin analarını sonadək dinləmədən, həmçinin cinayət işlərinin MTX-yə ötürülməsi tələblərini qulaqardına vuraraq görüş zalını tərk edib. İllərdir prezident və hökumət binaları qarşısında aksiyalar keçirən iki valideyn Nana Muardyan və Qohar Ohancanyan yeni hakimiyyət dövründə də orduda problemlərin azalmaq əvəziən artıdığını bildiriblər.
Belə bir vaxtda erməni ordusu ilə bağlı daha bir maraqlı hadisə baş verib. Məlumata görə, bir neçə gün əvvəl məhkəmə tərəfindən çağırışçı Norayr Sahakyanın ölümündə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş, hərbi hissənin tibb məntəqəsinin rəisi leytenant Mher Davidyana, terapiya bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən Arkadi Çaxoyana bəraət verib.
Qeyd edək ki, məhkəmə əvvəlcə bu ölüm faktı üzrə 4 nəfər həkimi 4 il müddətinə azadlıqdan məhrum edib. Bunlar mayor Karen Culhakyan, Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmənin çağırış məntəqəsinin tibb məntəqəsi rəisi gizir Varujan Manasyan, Mher Davidyan və Arkadi Çaxoyandır. Bu adları qeyd edilən həkimlər Ermənistanın müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar amnistiya elan edilməsinə dair ölkə parlamentinin 2013-cü il tarixli qərarının müvafiq bəndlərinə uyğun olaraq azad ediliblər. Xatrladaq ki, Sahakyanın 2012-ci il dekabrın 21-də hər hansı sağlamlıq problemi olmadan orduya çağırıldığı qeyd edilir. Mərkəzi çağırış məntəqəsində 6 iynə vurulduqdan sonra onun hərarəti 38,3 dərəcəyə qalxıb. Çağırışçı Norayr Sahakyan ginekoloq olan hospitalın həkimi, növbətçi Karen Culhakyana yaxınlaşanda ona hərarəti olduğu deyilib. Bir ədəd həb verilərək Sahakyan işğal altındakı Qarabağda dislokasiya olunan erməni hərbi birləşmələrinə yola salınıb. Yolda yenidən özünü pis hiss etsə də, ona tibbi yardım göstərilməyib. Orduda onu cəmi 48 saat saxlaya biliblər. Hərbi hospitalda ölən çağırışçı Norayr Sahakyanın anası Karine Mnatsakanyan oğlunun ölümündə günahkar bilinən Mher Davidyanın Nork rayon infeksiya klinikasının direktoru təyin edilməsinə görə qəzəblənib. O, vəzifəyə təyin edərkən həmin şəxsin keçmişini araşdırmayan nazirlərə də qəzəbli olduğunu bildirir, Nork rayon infeksiya klinikasının direktoru təyin edilən Davityanın təcili vəzifəsindən azad edilməsi və məhkəməyə cəlb olunmasını tələb edir. Karine onun kimi insan qəniminin belə vəzifəyə təyinatını biabırçılıq hesab edir. Belə halların yüzlərlə olmasına diqqət çəkən erməni mediası isə yazır ki, baş verənlər ordunun tənəzzülüdür.
Ekspert Nerses Aloyan isə orduda əsl dilənçi bir vəziyyətin hökm sürdüyünü bildirir: “Ay ərzində dövlətdən cəmi 3400 dram müavinət aldığı halda, kobud hesablasaq əsgər yalnız siqaretə ay ərzində 17200 dram vəsait sərf edir”.Onun yazdığına görə, əsgər üçün ən ucuz tütün məmulatı işğal altındakı ərazilərdə qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrində 380-400 dram dəyərində satılır. 10 qutu siqaret üçün erməni əsgəri 4300 dram pul verir, bu 7 gün müddətinə kifayət edir. O vurğulayır ki, bu kimi vəziyyət Ermənistanın bütün hərbi hissələrində hökm sürür.
Bundan əlavə, işğal edilmiş ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına göstərilən tibb xidmətinin aşağı səviyyədə olması ilə bağlı da Müdafiə Nazirliyinə yüzlərlə şikayət daxil olur. Məsələn, Tiqran Qazaryan adlı hərbi qulluqçu vəziyyəti pisləşdiyi üçün hərbi hospitala yerləşdirilib. Lakin burada ona həkimlər tərəfindən lazımi diqqət göstərilmədiyindən onun səhhətində heç bir irəliləyiş yoxdur. Ermənistan Müdafiə Nazirliyinə şikayət edən əsgərin valideynləri bildirir ki, yüzlərlə əsgər onların övladının günündədir.
Qeyri-insani şəraitdə olan psixatriyada müayinəyə göndərilən, 5 aydır danışa bilməyən, milliyətçə yezidi olan Ermənistan ordusunun əsgəri Yuri Broyan buna daha bir misaldır. Həkimlərin dediyinə görə, ona sakitləşdirici dərmanlar, müalicə lazım olsa da, müalicəsi aparılmır. Xatırladaq ki, yezidi hərbi qulluqçu orduya zehni gerilik diaqnozu ilə aparılıb. Onun orduya aparılmasına qarşı məhkəmə işlərinə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi yardım edir. Amma işğalçı ölkə orusunda problemlər təkcə bununla bitmir. Erməni ordusunda fərarilik halları da sürətləgenişlənir. Xüsusən də zəbt olunmuş ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində komandirlərin təqib və təzyiqləri səbəbindən hərbi xidmətdən yayınma halları artıq adi hala çevrilib. Hətta zabitlər də belə ordudan qaçır. Elə bu günlərdə 6-cı dağ atıcı alayın zabiti Tiqran Ovanisyan xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk edib. Zabitin geri qaytarılması üzrə axtarışlar nəticə verməyib. Lakin bir neçə gün sonra zabit özü Ağdərə hərbi polisinin əməkdaşı Levon Avanesyana təslim olub. Ovanisyan izahatında hərbi hissəni məhz komandirlərinin təhqir və təqibləri üzündən özbaşına tərk etdiyini yazıb və əgər bu belə davam edərsə intihar edəcəyini də deyib. Bundan əlavə Müdafiə Nazirliyinin bir qrup zabit heyəti ölkənin baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb. Müraciətdə, son zamanlar bəzi məmurların mükafatlandırılması məsələsinin geniş tənqid edildiyi qeyd deyilir. Lakin erməni zabitləri bu məsələdən daha çox əmək haqlarının onları narahat etdiyi qeyd edilir. Bu gün öz həyatları hesabına ön xəttə çıxan erməni zabitləri, sərhəddin qorunması ilə yanaşı aldıqları məvacib hesabına ailələrini, yoxsa kreditlərini ödəməyi düşündüklərini qeyd edirlər. Eyni zamanda qeyd olunur ki, bir sıra bölgələrdə fürsətdən istifadə edərək ərzaqların qiyməti qaldırılsa da, başqa çıxış yolu olmadığına görə zabitlər yerli dükanlardan istifadə etməyə məcburdurlar. Lakin rahat iş şəraitində olan məmurların mükafatlandırılmasını və ikiqat əmək haqqı almasını tənqid edən erməni ordusunun zabitləri, Nikol Paşinyandan tələb edirlər ki, gələcəyin onlardan asılı olduğunu nəzərə alaraq, zabitlərin əmək haqqının artırılması məsələsini həll etsinlər. Bununla belə erməni mediası ölkənin maddi imkanlarının bu artıma imkan vermədiyini yazır. Sabiq prezident Serj Sarksiyanın sədri olduğu Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov da orduda vəziyyətin ağır olduğunu yazır: “Ermənistan Müdafiə Nazirliyi hələ də xalqa yalan danışır. Orduda baş verən neqativ hallar gizlədilir. Əsgər öldürülür, açıqlama verilmir. Demək ki, müdafiə naziri Davit Tonoyan öz işinə səhlənkar yanaşır. Hakimiyyətdəik insanlar xalqı aldatmaqla məşğuldurlar. Biz bu gedişlə Qarabağ məsələsində də mövqelərimizi müdafiə edə bilməyəcəyik. Baş verənləri Azərbaycan tərəfi də aydın görür, qiymətləndirir”.
Əslində, Eduard Şarmazanov narahatlığında haqlıdır. Ən azından o baxımdan ki, Azərbaycan ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Ermənistandan fərqli olaraq, hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, onala hər cür yüksək qayğı göstərilir. Ordunun texniki təminatı da ən yüksək səviyyədədir və döyüş qabiliyyəti davamlı olaraq artır. Bütün bunlar bir daha Qarabağ münaqişəsini istənilən an hərbi yolla həll etməyə tam imkan verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.