Fikrət Yusifov: “Qazın bölgüsü, şaxələndirilməsi prosesində də iştirak edəcəyik”
“Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq”. Bu fikri Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.
Ölkə başçısının sözlərinə görə, illik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır: “Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır. Əlbəttə, burada şirkətləri də qeyd etmək lazımdır, çünki onların fəal iştirakı olmadan bu nəhəng layihəni reallaşdırmaq mümkünsüz olardı”.
Görünən odur ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” sayəsində Cənubi Avropa ölkələrinə də qaz ixrac edəcək. Çünki ilkin mərhələdə 10 milyard kubmetr qaz ixracı nəzərdə tutulursa, sonrakı mərhələdə bunun 31 milyard kubmetrə çatdırılması gözlənir. Maraqlıdır, ölkə başçısı “Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq” deyərkən nəyi nəzərdə tutur?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad elmləri doktoru Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Burada söhbət Balkan ölkələrində qazpaylayıcı şəbəkələrin, bununla bağlı lazım olan infrastrukturun yaradılmasından gedir. Yəni Azərbaycan təkcə qaz nəql etməyəcək. Eyni zamanda, qazın paylanmasında, proseslərin idarə edilməsində iştirak edəcək. Bu məsələ həqiqətən də gündəmdədir. Azərbaycanın təkcə qaz hasilatçısı kimi yox, eyni zamanda, onun paylanmasında iştirak etməsi iqtisadi baxımdan səmərəlidir. O baxımdan düşünürəm ki, bu çox müsbət addımdır. Prezidentin səsləndirdiyi fikirlərdə də məhz bu məqamlar nəzərdə tutulub. Hesab edirəm ki, bununla bağlı görülən işlər Azərbaycanın istəklərinə uyğundur. Bunun sayəsində biz təkcə Avropanı qazla təmin etməklə kifayətlənməyəcəyik. Qazın bölgüsü, şaxələndirilməsi prosesində də iştirak edəcəyik. Ümumiyyətlə, sözügedən proseslərdə iştirak etmək Azərbaycanın iqtisadi və siyasi maraqlarına uyğundur. Ona görə də buna ümumən müsbət yanaşıram”.
Vidadi ORDAHALLI