2019-ci ilin fevralın 22-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Xocalı Soyqırımın 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasim iştirakçılarını “Xocalıya Ədalət” yazılı geyimdə gənclər qarşılayıb.
Anım mərasimi başlamadan öncə Xocalı Soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib, iştirakçılara Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı Soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı imzaladığı Sərəncamın surəti, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanmış məlumat toplusu və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qırğız və rus dillərində çap olunmuş “Xocalı Soyqırımı” kitabı təqdim edilib.
Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı Soyqırımı haqqında “Xocalıya Ədalət” adlı sənədli film nümayiş olunub və Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Xocalı Soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini və müsibətin konkret faktlarını söyləyib, Xocalı Soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.
Xocalı Soyqırımını dünya ictimaiyyətinə çatdırmaq, Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad etmək, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan səfir bu vəhşiliklərin cavabsız qalmayaçağını, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək, Prezident İlham Əliyevin səriştəli, uzaqgörən siyasəti ilə öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqincə cavablarını alacağını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.
Hidayət Orucov Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışaraq qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya Ədalət” adlı beynəlxalq informasiya kampaniyası keçirilməkdədir.
“Xocalıya Ədalət” kampaniyası çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası, onun 150 minə yaxın yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində Xocalı Soyqırımı ilə bağlı tədbirlər keçirir.
“Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Böyük Vətən müharibəsi veteranı, Qırğızstanın Əməkdar inşaatçısı Əsəd Həsənov Xocalı Soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.
Mərasimdə Qırğız Respublikası Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, səfirlər, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, beynəlxalq qurumlarının təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.