Məhəmməd Əsədullazadə: “Çünki Ermənistan nə coğrafi, nə də iqtisadi baxımdan strateji əhəmiyyətə malik deyil”
İranla birgə layihə məsələsində Ermənistan növbəti dəfə aldadılıb. Belə ki, Ermənistanla İran arasında yaradılması nəzərdə tutulan azad iqtisadi zona (AİZ) iflasa uğrayıb. Bir vaxtlar iki ölkə arasında neft boru kəməri, avtomobil və dəmir yolu xəttinin çəkilməsi layihəsi kimi AİZ proyekti də uğursuz olub.
Qeyd edək ki, İran-Ermənistan avtomobil yolunu ermənilər “Şimal-Cənub” layihəsi adlandırırdılar. Bu layihə 2014-cü il avqustun 7-də Ermənistan hökuməti tərəfindən təsdiqlənsə də, bu vaxta qədər daş daş üstünə qoyulmayıb. İlkin hesablamalara əsasən, layihənin dəyəri 3,5 milyard dollardır. Ancaq beynəlxalq maliyyə qurumları layihənin səmərəsizliyini nəzərə alaraq, ona sərmayə yatırmağı risqli sayırlar. Çünki bu xəttdən iki dövlətdən başqa kiminsə istifadə etməsi mümkünsüzdür.
Erməni mətbuatı AİZ-in iflasa uğramasını korrupsiya ilə əlaqələndirib. Məlum olub ki, keçmiş prezident Serj Sarkisyan və spiker Ovik Abramyanın da müəllifi olduğu layihənin iflasa uğramasının əsas səbəbi korrupsiyadır. Sən demə, Serj Sarkisyanın prezidentliyi və Ovik Abramyanın baş nazirliyi dövründə erməni məmurlar AİZ-lə bağlı layihədən əvvəlcədən xəbər tutub korrupsiya yolu ilə Ermənistan-İran sərhədindəki əraziləri tələm-tələsik mənimsəyərək öz adlarına keçiriblər. Məqsəd isə daha sonra həmin torpaqları dəyərindən artıq daha yüksək qiymətə dövlətə satmaq olub.
Ancaq bu təkcə korrupsiya ilə bağlı olan məsələ deyil. Bu həm də AİZ-in iqtisadi cəhətdən səmərəli olmaması ilə bağlıdır. Çünki AİZ o zaman reallaşdırıla bilərdi ki, hər iki ölkənin bir-birilə mübadilə etmək üçün əlində təklifləri və tələbatları, bunu reallaşdırmaq üçün məkana ehtiyacı olur. Bu iki ölkədən yalnız İranın təklif etmək potensialı mövcuddur, Ermənistanın isə yalnız tələbatı var. Yəni təklif etməyə heç nəyi yoxdur. Bir vaxtlar Ermənistanın İranla birgə yaratmaq istədiyi AİZ-dən gözləntiləri böyük idi. İlkin mərhələdə layihəyə 100-150 milyon dollar həcmində investisiyanın yatırılacağı planlaşdırılırdı. Ermənistan isə bu layihənin ilkin mərhələsində 250 milyon dollar qazanacaqdı. Bütün bu gözləntilərin boş və mənasız olduğu bəlli oldu.
Bütün bu deyilənlərlə yanaşı, görünən odur ki, Ermənistanın iştirakçısı olmaq istədiyi bütün beynəlxalq layihələr iflasa uğrayır. Maraqlıdır, ekspertlər bunun səbəbini nə ilə əlaqələndirirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, adıçəkilən layihələrin iflası təkcə iqtisadi amillərlə bağlı deyil: “Ermənistanla İran bir sıra sahələrlə bağlı layihələr reallaşdırmaq istəsə də, bunları həyata keçirmək mümkün deyil. Çünki Ermənistan nə coğrafi, nə də iqtisadi baxımdan strateji əhəmiyyətə malik deyil. Ölkənin relyefi nəqliyyat və enerji layihələrinin reallaşdırılması üçün əlverişli deyil. O cümlədən, tərəflər arasında AİZ yaratmaq da mümkün deyil. Digər tərəfdən, İran sanksiyalar altındadır. İrana qarşı tətbiq olunan sanksiyalar və Ermənistanda korrupsiya AİZ-in iflasını sürətləndirib. İki ölkə bir neçə dəfə böyük layihələrin reallaşdırılmasına cəhd edib, amma alınmayıb. Hətta dəmir yolunun açılması, Gürcüstana qaz kəmərinin çəkilməsi, avtomobil yolunun çəkilməsi kimi planlar olub, amma alınmayıb. Çünki maliyyə cəhətdən bunu reallaşdırmaq mümkün olmayıb. Həmçinin, Ermənistanın çətin dağlıq relyefi buna imkan verməyib. Layihələr maliyyə baxımından yüksək məsrəfli olduğu üçün reallaşmayıb. Onu da qeyd edim ki, növbəti dəfə Paşinyan bu kimi sazişlər bağlamağa çalışacaq. Ancaq bunun da bir faydası olmaz. Hesab edirəm ki, Ermənistan-İran iqtisadi layihələrinin reallaşması mümkün olmayacaq. Çünki nə Ermənistanın, nə də İranın buna maliyyə imkanları var. Tutaq ki, İran Rusiyadan 5 mlyard dollar kredit aldı, amma Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməz. Həmçinin, Ermənistan buna gedərsə, ABŞ ciddi şəkildə İrəvana təzyiqlər edəcək. Göründüyü kimi, iki ölkənin kağız üzərindəki layihələri elə arzu olaraq qalacaq”.
Vidadi ORDAHALLI