Daşdəmir Əliyev: “Bu ikiüzlü siyasət arxasında bir maraq durur...”
Ermənistanın müdafiə naziri David Tonayan Rusiyanın həmin ölkədəki səfirliyində keçirilən “Vətənin Müdafiəçisi Günü” (23 fevralda qeyd olunur) ilə bağlı qəbul zamanı bildirib ki, Rusiyanın Qafqaz regionundakı mövcudluğu bölgənin kollektiv təhlükəsizliyi, stabilliyi və silahlı münaqişələrin baş qaldırmaması üçün mühüm rola malikdir.
Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Tonayan, həmçinin, Rusiya ilə Ermənistan arasında hərbi sahədə əldə edilən razılaşmaları da yüksək dəyərləndirib. O qeyd edib ki, iki ölkə arasında regional müdafiə məqsədli birgə hərbi hava qüvvələrinin yaradılmasına da ehtiyac var. Tonayan bildirib ki, Moskvaya səfəri zamanı Rusiyanın müdafiə naziri ilə hərbi əməkdaşlığın yeni istiqamətləri üzrə bir sıra sənədlər imzalayıb: “Mahiyyətcə yeni mərhələ Rusiya ilə münasibətlərimizin inkişafına yeni impulslar vermiş olacaq”.
Ermənistanın bütün sahələrəində olduğu kimi, Müdafiə Nazirliyinin mövqeyində də qeyri-ardıcıllıq və savadsızlıq nəzərə çarpır. Erməni nazir Rusiyanın Qafqazda mövcudluğundan danışırsa, bu gülməlidir. Yaxşı olardı ki, o deyərdi Rusiyanın Ermənistanda mövcudluğu. Çünki Qafqazın Ermənistandan başqa heç bir ölkəsində Rusiyanın hərbi mövcudluğu yoxdur. Rusiyaya məxsus 102-ci baza nəzərdə tutula bilər ki, onun da Ermənistandan çıxarılması ilə bağlı aktiv təbliğat aparılır. Bu yöndə olan təbliğat Tonayanın təmsil olunduğu hakimiyyətin gəlişindən sonra daha da sürətlənib. Göründüyü kimi, bu məsələdə də Ermənistanın rəsmi mövqeyi aydın deyil. Onlar bir tərəfdən Rusiya hərbi kontingentini ölkədən çıxarmaq istəyir, digər tərəfdən isə Rusiyanın hərbi mövcudluğunu region üçün böyük uğur hesab edən rəsmi bəyanat verirlər. Bu ziddiyyətli və ikiüzlü siyasəti necə izah etmək olar?
Hərbi ekspert Daşdəmir Əliyev hesab edir ki, Tonayanın bu fikirləri sırf Ermənistana aiddir: “Çünki onlardan başqa heç bir Qafqaz ölkəsi öz ərazisində rus qoşununu görmək istəmir. Belə istək olsaydı, Gürcüstan və Azərbaycan Ermənistana bənzər şəkildə rus qoşunlarını ərazisində saxlardı. “Rus qoşunları Qafqazda çəkindirici faktordur” deməklə Tonayan Rusiyanın hərbi dəstəyi olmadan Azərbaycanla birbaşa müharibədə Ermənistanın total məğlubiyyətlə üzləşəcəyini etiraf etmiş oub. Fikir verirsinizsə, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın daha da genişlənməsinə aid fikirlər Tonayanın Şoyqu ilə Moskvada baş tutan görüşündən sonra daha da aktivləşməyə başlayıb. Biz bunun əlamətlərini aydın şəkildə sezirik. Rusiyanın Ermənistandakı səfiri də bu mövzuda bir açıqlama verib. O deyib ki, müttəfiqlərin arasındakı güclü münasibətlər sayəsində ciddi məsələləri həll etmək, sülhü və təhlükəsizliyi təmin etmək mümkündür: “Rusiya-Ermənistan hərbi əməkdaşlığı əmin şəkildə inkişaf edir. Rusiya Ermənistana yeni növ silahlar və texnika göndərir. Ermənistanın Suriyadakı humanitar missiyada iştirakını yüksək qiymətləndiririk. Bu, növbəti dəfə müttəfiqliyimizi, münasibətlərimizin xüsusi xarakterini təsdiq edir”.
Fikir verirsinizsə, artıq Rusiyanın bütün rəsmiləri Ermənistana müttəfiq deyə müraciət etməyə başlayıblar. Halbuki, bundan əvvəl onu heç tərəfdaş kimi də qəbul etmək istəmirdilər. Ermənistanın yenidən Rusiyanın vassalığını qəbul etməsinə başqa bir sübut Suriyaya göndərdiyi missiyadır. Ermənistan KTMT-də yeganə dövlətdir ki, Suriyada Rusiyaya dəstək üçün humanitar missiya göndərib. 83 nəfərdən ibarət bu missiyanı Paşinyanın Putinə sədaqətini sübut etmək üçün göndərdiyi bildirilir.
Ermənistanın yeni hakimiyyətinin bu addımı Qərbdə, xüsusilə ABŞ-da birmənalı qarşılanmayıb. Paşinyan bunu bilə-bilə belə bir addım atırsa, demək ki, taleyini müəyyənləşdirib. Bu baxımdan da Tonayanın açıqlamasında heç də regiondakı təhlükəsizliklə bağlı narahatlıq ifadə edilmir. Çünki həmin narahatlığı yaradan ölkə məhz Ermənistanın özüdür. Bəli, onlar 102-ci bazanın çıxarılması ilə bağlı mövqe ortaya qoyurdular. Bilirdilər ki, bu mümkün olan deyil. Bu ikiüzlü siyasət arxasında bir maraq durur: Rusiyanın hərbi gücünə arxalanıb Azərbaycan ərazilərini işğalda saxlamaq”.
Məhəmmədəli QƏRİBLİ