Ətrafında ciddi qalmaqalların yaşandığı xarici ölkələrdəki səfirliklərimizdən biri, hətta deyərdik ki, ən başda duranı Ukraynadır. Həmin Avropa ölkəsində bizim çoxsaylı diaspor nümayəndəmiz və onları öz ətrafında birləşdirlən təşkilatlarımız da mövcuddur. İstər səfirlik-diaspor, istərsə də diaspor təşkilatlarının özlərinin arasındakı münasibətlərdə ciddi ziddiyyətlərin yaşandığına şahidik.
Birmənalı şəkildə söyləmək olar ki, müstəqillikdən sonra Azərbaycanı Ukraynada təmsil etmiş bütün səfirlərin dönəmində həmin diplomatik missiyamız haqda heç də xoş olmayan məlumatlar eşitmişik. Bu xüsusda ziyalı təbiəti ilə seçilən Eynulla Mədətlinin səfirliyə rəhbərlik etdiyi dönəmi bir qədər istisna hal kimi qeyd edə bilərik. Digərlərinin dönəmində daha nələr eşitmədik? Səfirlikdə qətl hadisəsinin baş verməsindən tutmuş, səfirliyə ayrılan vəsaitin təmir adına mənimsənilməsinə və ya diaspor fəallarının səfirliyimizin təqdimatı əsasında həbs olunmasına qədər. Diaspor təşkilatları arasında isə əsl müharibə gedib. Ukraynadakı ən fəal diaspor nümayəndələrimiz olan Rövşən Tağıyevlə Hikmət Cavadov arasındakı münasibətlərin heç də rəvan olmadığı, həmin adamların uzun müddət bir-birilə küsülü olduğu da danılmaz faktdır. Yalnız Fuad Muradov Diaspor Komitəsinə yeni sədr seçiləndən sonra həmin diaspor nümayəndələrini bir yerə toplayıb barışdırdı. Ukraynadakı soydaşlarımız isə buna “süni kleyləmə” adı verirlər. Onlar iddia edirlər ki, həmin adamlar arasında baş tutan barışıq prosesi formal xarakter daşıyıb. Ən üzücü məlumatlardan biri isə Ukraynanın paytaxtında Azərbaycan diasporu üçün ayrılan möhtəşəm bir binanın diaspor fəallarımızın əli ilə satılmasıdır. Söhbət mərhum prezident Heydər Əliyevin xahişi ilə Ukraynanın o dönəmki prezidenti Leonid Kuçmanın təmənnasız olaraq Azərbaycan Mədəniyyət Mərkəzinə bağışladığı binadan gedir. Vətənpərvər diaspor nümayəndələrinin çoxsaylı şikayətinə baxmayaraq, həmin problem hələ də həll edilməmiş qalır. Son dövrlər isə Ukraynadakı sabiq səfir Tələt Əliyev Azərbaycan KİV-lərinə verdiyi silsilə müsahibələrində indiki səfir Azər Xudiyevlə bağlı ciddi ittihamlar səsləndirir. Maraqlıdır ki, uzun müddət davam edən bu açıqlamalarla bağlı nə XİN, nə də Azərbaycanın Ukraynadakı səfirliyi mövqe bildirməyib. Ancaq gəlin etiraf edək ki, söhbət ciddi faktlardan gedir. Tələt Əliyevin açıqlamalarına yalnız Ukraynadakı bəzi iş adamları tərəfindən münasibət açıqlandığının şahidi olmuşuq. Onlar deyirlər ki, heç T.Əliyevin səfir olduğu dönəm indikindən yaxşı nəiləsə fərqlənməyib. Sadəcə, T.Əliyev vəzifəsini itirdiyi üçün belə qəzəbli danışır. İstənilən halda, T.Əliyevin səsləndirdiyi ittihamlar şəxsi yox, daha çox diplomatik korpusumuzda olan vəziyyətlə əlaqəli olduğundan, onlara nəzər salmağa lüzum bildik.
Azərbaycanın Ukraynadakı sabiq səfiri T.Əliyev verdiyi son müsahibədə səfirliyə aidiyyəti olmayan şəxslərin diplomatik nömrəli avtomobillər idarə etməsinə dair ittihamlar da yer alır. "Məndə olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus diplomatik nömrələr diplomatiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, lakin səfir Azər Xudiyevə bu və ya digər mənada bağlı olan adamlara verilir. Bu çox ciddi qanun pozuntusudur”- deyən sabiq səfir, diplomatik nömrəli avtomobil idarə edənlərdən biri kimi Azərbaycanın Ukraynadakı səfirliyində uşaqları ilə birgə yaşadığı iddia olunan xanımı göstərmişdi: "Bir məqam isə səfirliyin iqamətgahında Ukrayna vətəndaşı olan bir xanımın uşaqları ilə bərabər yaşamasıdır. Bu da yolverilməz haldır. Əlimizdə çox ciddi foto və videolar var. Diplomatik qaydalara uyğun olaraq, səfirliyin iqamətgahında xarici vətəndaşın yaşamaq hüququ yoxdur, o, agent də ola bilər. Məhz bu həmin xanımdır ki, iqamətgahda yaşadığı kimi, Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli avtomobil də idarə edir. Bəli, maşın səfirin şəxsi malı ola bilər, amma nömrə diplomatik nişanlıdır. Bilirsiniz, bu barədə faktlar çoxdur. Biz yaxın günlərdə bu istiqamətdə ciddi dəlillər ortaya qoyacağıq”.
Azərbaycan səfirliyində diplomatik missiyaya aidiyyəti olmayan Olqa adlı xanımın yaşadığına dair məlumat bir müddət əvvəl də mətbuatda yer almışdı. Hətta soydaşlarımızdan biri həmin xanımın qırmızı rəngli avtomobil idarə etdiyini əks etdirən videogörüntü də yaymışdı. Bundan başqa, ukraynalı xanımın səfirliyimizin binasına daxil olduğunu təsdiq edən görüntülər də sosial şəbəkələrdə yayılıb.
Maraqlıdır ki, Ukraynadakı səfir A.Xudiyev diplomatik missiyaya aidiyyəti olmayan xanımın öz uşaqları ilə birgə səfirlikdə yaşadığına dair iddialara bu günə qədər münasibət bildirməyib. Bu xanım kimdir? Hansı əsaslarla səfirilyimizdə məskunlaşıb? Onu səfirimizə hansı tellər bağlayır? Niyə onun idarə etdiyi avtomobilə diplomatik nömrə verilib? Bütün bu kimi suallar hələ də cavabsızdır...
Belə bir sualın aktual olduğu bir vaxtda sosial şəbəkələrdə həmin xanımla bağlı daha bir diqqətçəkən video yayılıb. Videoda Olqa adlı xanımın yenə də diplomatik nömrəli avtomobil idarə etdiyi əks olunub. Bu dəfə isə xanımın istifadəsində "Mitsubishi Outlander” markalı yeni avtomobildir. Məlumata görə, bu avtomobil dövlət tərəfindən bu yaxınlarda səfirliyə ayrılmış 3 yeni avtomobildən biridir.
Səfirliyə ayrılmış yeni avtomobilin dipkorpusa aidiyyəti olmayan ukraynalı xanıma verilməsi hansı qanunla tənzimlənib? Barəsində söhbət gedən xanım həqiqətən səfirlik üçün kənar şəxsdirmi? Bəlkə səfirliyin əməkdaşıdır? Bütün hallarda, keçmiş səfir Tələt Əliyevin vəzifə itkisinə məruz qaldığı üçün qərəzli ola biləcəyini istisna etmirik. Odur ki, bu suallara aydınlıq gətirilməsi üçün Azərbaycanın Ukraynadakı səfirliyinə qəzetimiz adından sorğu göndərmişik. Məmnuniyyətlə səfirliyin mövqeyini də dərc etməyə hazırıq.
Məhəmmədəli QƏRİBLİ