Müslüm İbrahimov: “Qaz istehlakının artması nəticəsində təkcə bizim qaz deyil, Türkmənistan və Qazaxıstan qazı da Avropa bazarına çıxarıla bilər”
“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”. Bu fikirləri Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.
Dövlət başçısı vurğulayıb ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir: “Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdırlar. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”.
Sirr deyil ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri bölgənin tərəqqisinə təkan verib. Sözügedən layihələr Azərbaycan xalqının maraqlarına xidmət etməklə yanaşı, ölkəmiz üçün ümumi qarşılıqlı maraqlara əsaslanan geniş regional əməkdaşlığın yaranmasına şərait yaradır. Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişmək gücünə malikdir. Bu nəinki regionun, bütövlükdə, Avropanın iqtisadi çoğrafiyasını, iqtisadi, xüsusilə enerji xəritəsini dəyişə biləcək çox möhtəşəm layihədir.
Bütün bu deyilənlərlə yanaşı, Azərbaycanın səyləri olmasaydı, Avrasiyada enerji təhlükəsizliyi baxımından müasir vəziyyət necə olardı?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, o zaman qaz idxal edən ölkələr bir mənbədən asılı olardılar: “Bununla bağlı enerji mənbələrini şaxələndirməkdə çətinliklərlə üzləşərdilər. Azərbaycanın bu istiqamətdə səyləri vəziyyəti dəyişdi. Ancaq onu da nəzərə almaq lazımdır ki, Avropa İttifaqının da bu məsələdə rolu böyükdür. Avropanın enerji təhlükəsizliyi təhlil olundu və ondan sonra bir sıra işlər görüldü. Azərbaycan həyata keçirdiyi böyük enerji layihələri ilə beynəlxalq aləmdə özünü tanıda bildi. Ondan sonra layihənin həyata keçirilməsi üçün bir sıra işlərə start verildi. Maraqların üst-üstə düşməsi də proseslərin sürətlənməsinə öz müsbət təsirini göstərdi. Avropa İttifaqı bunun sayəsində qaz mənbələrini diversifikasiya edəcək. O baxımdan bu layihə Azərbaycanın böyük dövlətlərlə sıx əməkdaşlıq qurmasına şərait yaradıb. Diversifikasiya sayəsində Aİ-nin mərhələ-mərhələ Rusiyadan qaz asılılığı azalacaq. “Cənub Qaz Dəhlizi”nin reallaşması Avropanın ən azı 2 məsələsini həll edir. Birincisi, bunun sayəsində Cənubi Avropa ölkələri qlobal əmtəə zəncirinə daxil olacaqlar. Tranzit ölkə olaraq gəlir əldə edəcəklər. İkinci tərəfdən, bu, Cənubi Avropa ölkələrinin sosial-iqtisadi inkişafına dəstək verəcək. Digər tərəfdən, “Cənub Qaz Dəhlizi” hesabına şaxələndirmə baş verəcək. Yəni Cənubi Avropa ölkələrindən sonra İtaliyaya və digər Qərbi Avropa ölkələrinə qaz ötürüləcək. Bütün bunlarda, əlbəttə ki, Azərbaycanın rolu böyükdür. Qaza dünyada hər zaman tələbat var. Azərbaycan bu layihəni həyata keçirməklə, artıq öz məhsulunu qlobal bazara daxil etməklə, özü də qlobal dünyaya daxil olur. Nəzərə almaq lazımdır ki, “Cənub Qaz Dəhlizi”nə Türkmənistanın da marağı var. Bu o deməkdir ki, qaz istehlakının artması nəticəsində təkcə Azərbaycan qazı deyil, Türkmənistan və Qazaxıstan qazı da Avropa bazarına çıxarıla bilər”.
Vidadi ORDAHALLI