Azərbaycanın Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində yüksək rol oynaması “Cənub Qaz Dəhlizi“ Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı zamanı bir daha təsdiqini tapdı. Eyni zamanda o da bəlli oldu ki, qarşıdakı dövr ərzində Avropa Azərbaycanla enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsində xüsusi maraqlı tərəf kimi çıxış edir. Bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger də təsdiq edir.
Onun sözlərinə görə, Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək: “Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə “Cənub Qaz Dəhlizi“ - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur”.
Günter Ottinger onu da vurğulayır ki, Azərbaycan enerjini istehsal və ixrac edən mühüm ölkədir: “Avropa İttifaqı bunu yaxşı bilir. Ona görə də Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər”. Məsələnin maraq doğuran tərəflərindən biri də budur ki, yaranmış vəziyyətdə “Cənub Qaz Dəhlizi”ndən faydalanmaq istəyən ölkələrin sayı da artır. Azərbaycanın energetika naziri Pərviz Şahbazov da perspektivdə layihəyə daha çox ölkənin qoşula biləcəyini təsdiq edib. “Cənub Qaz Dəhlizi” bütün iştirakçı tərəflərin maraqlarına xidmət edir və geniş coğrafiyada enerji təhlükəsizliyinin davamlılığına töhfə verir. Çox əhəmiyyətli haldır ki, biz demək olar hər il Məşvərət Şurasının toplantısına qoşulan ölkələrin siyahısında yeni tərəfləri görürük və onlar hamısı bu layihənin əhəmiyyətindən danışır. Bu, layihənin potensial faydasını göstərir. Serbiya, Macarıstan və San-Marino ilk dəfədir ki, bu il bizə qoşulur”. Xatırladaq ki, Azərbaycaınn malik olduğu enerji ehtiyatlarının daha çox olması fonunda “Cənub Qaz Dəhlizi” üzrə Avropaya daha çox “mavi yanacaq” satışı gözlənir. Digər tərəfdən, layihənin reallaşması fonunda artıq Türkmənistanın da qaz ehtiyatlarının bir hissəsini onun vasitəsilə Avropaya satmaq niyyətinin reallaşması istiqamətində yaxın tezlikdə mühüm addımlar atılması gözlənir.
Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bu prosesdə maraqlı olduqlarını təsdiq edir və “Cənub Qaz Dəhlizi”nə qoşulmaları üçün “Transxəzər”in çəkilişində maraqlı olduqlarını vurğulayır: “Türkmənistan “Cənub Qaz Dəhlizi”nin icrası ilə bağlı əldə edilən əhəmiyyətli irəliləyişi, xüsusən də may ayında “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin işə salınmasını və 2018-ci ilin iyulunda TANAP layihəsinin istismara verilməsini alqışlayır. Türkmənistan da Qərb istiqamətində və Avropa ölkələri bazarını təmin etmək üçün lazım olan miqdarda təbii qazın təchizatını təşkil etmək imkanına malikdir. Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri “Transxəzər” qaz boru kəməridir. Bu layihənin reallaşdırılmasının texniki-hüquqi aspektlərinə dair ilk müzakirələr üçtərəfli formatda Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında 2011-ci ildə başlanıb. Sonradan danışıqlar beştərəfli formatda - Gürcüstan və Türkiyə də daxil olmaqla 2015-ci ildən nazir müavinləri səviyyəsində davam etdirilib. Türkmənistan Avropa istiqamətində türkmən qazının çatdırılma mümkünlüyünün müzakirəsi üzrə danışıqları bərpa və davam etdirməyə hazır olduğunu təsdiq edir. Mən əminəm ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı bu layihənin uğurla reallaşdırılmasında növbəti mühüm addım olacaq”. Ekspertlərə görə, Türkmənistanla Avropa İttifaqı arasında intensivləşən məsləhətləşmələr artıq bu qənaətə gəlməyə əsas verir ki, yaxın tezlikdə barəsində illərdir bəhs edilən “Transxəzər” qaz kəmərinin reallaşması tamamilə gözləniləndir.
Hazırda “Transxəzər”in çəkilişi ilə Avropa, eləcə də qardaş Türkiyə Türkmənistanın "Cənub Qaz Dəhlizi" layihəsində əsas iştirakçılardan biri olmasını istəyir. "Türkmengaz" dövlət konsorsiumunun sədri Mırat Arçayev də vurğulayır ki, artıq ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsində iştirak imkanı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Avropa bazarlarına çatdırmağa imkan verəcək “Transxəzər” kəməri layihəsi gündəmdən çıxarılmayıb. Qeyd edək ki, “Transxəzər“ qaz kəməri Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur. Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi həm də Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması üçün zəruridir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan üzərindən Avropaya daha çox qaz axını gözlənir.
Əslində Transxəzər “Cənub Qaz Dəhlizi”nin beşinci seqmenti kimi də dəyərləndirilə bilər ki, bu daha çox Azərbaycanın səyləri ilə gerçəkləşir.
Tahir TAĞIYEV