Məhəmməd Əsədullazadə: “Bu gün aparılan siyasət həm Gürcüstan, həm də regionun təhlükəsizliyi üçün təhdiddir”
Son vaxtlar Gürcüstan hakimiyyətinin ermənilərə olan isti münasibəti daha qabarıq formada özünü göstərir. Bundan da ermənilər maksimum şəkildə istifadə edirlər. Bu arada məlum olub ki, yanvarın 20-də Buqaşen kəndində erməni terrorçusu Mixail Avaqyanın heykəlini qoyan ermənilər Tiflisdə daha bir erməninin heykəlini ucaldıblar.
Erməni mətbuatının yaydığı məlumata görə, bu dəfə heykəli ucaldılan şəxs erməni yazıçısı Hovanes Tumanyandır. İşin ən maraqlı tərəflərindən biri erməni yazıçısının heykəlinin hansısa küçə və meydanda deyil, onun Tiflisdəki evinin içində ucaldılmasıdır. Ermənistanın Gürcüstandakı səfirliyi məlum faktı təsdiqləyib.
Məlumat üçün qeyd edək ki, H.Tumanyan ermənilərlə bağlı səsləndirdiyi bəzi fikirlərlə məşhurdur. Belə ki, o, ermənilərin nicatını “daxili xəstəliklər”dən xilas olmaqda görür, başqa sözlə desək, onların xəstə təxəyyülə malik olduğunu qəbul edirdi. “Mən türkləri vəhşi hesab edirdim. Amma biz ermənilər vəhşilikdə heç kimdən geri qalmırıq” ifadəsi də H.Tumanyana məxsusdur.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl erməni terrorçusu Mixail Avaqyanın heykəlinin Axalkalaki rayonunun Buqaşen kəndində ucaldılması Azərbaycanda ciddi etiraza səbəb olub. Hansı ki, bununla bağlı narazılıq bu gün də davam edir. Bununla yanaşı, Marneuli rayonunda Nəriman Nərimanov adına Mədəniyyət Evi var idi. Gürcüstan hakimiyyəti onun adını oradan götürdü. Ötən il avqustun 6-da Marneuli rayon rəhbərliyinə Mədəniyyət Evinə N.Nərimanovun adının verilməsi ilə bağlı müraciət edilsə də, hələ də buna cavab verilməyib. Bu azmış kimi, Marneuli şəhərində N.Nərimanovun büstünün Mədəniyyət Evi ilə üzbəüz parkdan götürülməsi və parka gürcü siyasətçisi Merab Kostavanın adının verilməsi təşəbbüsü hələ də gündəmdə qalır. Bu tərəfdən də “Qazprom”dan qaz alınması gündəmə gəlib.
Gürcüstan hakimiyyətinin Azərbaycana belə xoş olmayan münasibətini ekspertlər nəcə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Gürcüstan hakimiyyətinin son illər ölkəmizə qarşı xoş olmayan siyasətinin şahidi oluruq: “Tiflisin bunu əsasən ermənilərin əli ilə etməsi Azərbaycana təzyiq kimi qiymətləndirilməlidir. Bundan əlavə, hazırkı hakimiyyət bununla ölkəsində etnik qarşıdurmaya, dözümsüzlüyə yol açan siyasətə qol qoyur. Gürcüstanda həm azərbaycanlılar, həm də ermənilər yaşayırlar. Oradakı azərbaycanlılara qarşı diskriminasiya siyasəti aparmaqla, ermənilərin mədəni inkişafına şərait yaradılır. Bu ölkədə erməni terrorçularına abidə ucaldılması, azərbaycanlıların böyük ədibi Nərimanovun büstünün götürülməsi təşəbbüsü təsadüfi deyil. Əminliklə demək olar ki, rəsmi Tiflis erməni lobbiçilərinin təsiri altındadır. Pul müqabilində ölkələrində problemlərə yol açacaq siyasi xəyanət xətti aparırlar. Bu gün Gürcüstan iqtisadi cəhətdən ayaqda durmağına görə Azərbaycan və Türkiyəyə borcludur. Bu xəyanət siyasəti, ermənilərlə yaxınlaşmaq xətti Gürcüstanın Ermənistan kimi iqtisadi fiasko ilə üzləşməsinə səbəb ola bilər. Bu, Gürcüstanın etnik ayrıseçkilik siyasətidir. Təəssüf ki, biz Saakaşvili hakimiyyətindən sonra Gürcüstanda anti-Azərbaycan siyasətini görürük. Prezident seçilən Salome Zurabişvili Fransada erməni lobbisinin təsiri altındadır. Məhz Azərbaycana qarşı, həmçinin, Gürcüstanda azərbaycanlılara qarşı bu kimi siyasətin arxasında erməni təxribatı və rəsmi Tiflisin bu təxribatda iştirakçılığı durur. Hesab edirəm ki, rəsmi Bakı Gürcüstanla bu istiqamətdə ciddi danışıqlar aparmalıdır. Tiflisi son illər səhv siyasətinə korrektələr etməyə çağırmalıdır. Bu gün aparılan siyasət həm Gürcüstan, həm də regionun təhlükəsizliyi üçün təhdiddir. Azərbaycan daim Gürcüstanın ən ağır günlərində yanında olub. Tranzit ölkə kimi ölkəmizin hesabına dövlət büdcələrinin 40 faizi formalaşır. Belə olan təqdirdə, Tiflis hansı üzlə Azərbaycana qarşı demarş edir? Sabah heç kim zəmanət vermir ki, Axalkalakidə ermənilər silahlanıb gürcülərə qarşı çıxmayacaqlar. Ermənilərin bu gün fəallaşması separatizmin cücərməsinə xidmət edir”.
Vidadi ORDAHALLI