Nəzakət Məmmədova: “Rusiya Minsk Qrupunda söz sahibi olduğu müddətdə bu format çətin ki, dəyişsin”
İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.
Erməni KİV-lərinin verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. Paşinyan münaqişənin həlli istiqamətində beynəlxalq vasitəçilərin mühüm işlər gördüyünü deyib. O, həmçinin, bildirib ki, Minsk Qrupu münaqişənin nizamlanması üçün beynəlxalq mandata sahib olan yeganə formatdır. Əslində, Paşinyanın bu etirafı maraqlı görünür. Çünki o, bir neçə dəfə bu yöndə bir-birini təkzib edən açıqlamalar verib. Gah deyirdi ki, Dağlıq Qarabağda olan qondarma rejim danışıqlar prosesində müstəqil tərəf kimi iştirak etməlidir, indi də deyir ki, bu yeganə formatdır. Paşinyanın bu ziddiyyətli açıqlamalarını necə dəyərləndirmək olar?
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın da Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün martın ilk yarısında Azərbaycan və Ermənistana səfər edəcəyi bildirilir.
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu ziddiyyətli mövqenin əsas bir səbəbi var: nə Ermənistan müstəqil dövlətdir, nə də Paşinyan müstəqil dövlət başçısı: “Bütün problemlərin kökü buradadır. Onun bir çox siyasi planları, hətta ən risqli qərarları xarici güc mərkəzlərindən verilən təlimat, göstərişlər əsasında həyata keçirilir. Eyni zamanda, ölkədaxili mürəkkəb siyasi vəziyyət Paşinyanı tərəddüd etməyə, bir-birini təkzib edən bəyanatlar səsləndirməyə vadar edir.
Paşinyan daxili və xarici təzyiqləri neytrallaşdırmaq, vaxt qazanmaq, eyni zamanda, sülh prosesini təkbaşına yürütməyin çətin olduğunu dərk etdiyi üçün, məsuliyyəti Qarabağ separatçılarının üzərinə atmaq məqsədilə danışıqlarda erməni icmasının tərəf kimi qoşulmasını təklif edirdi. Lakin həm beynəlxalq vasitəçilər, həm də Azərbaycan tərəfi buna qəti etirazını bildirdi və Paşinyan bu təzyiqlər qarşısında geri çəkildi. Hazırda onun əsas qayğısı öz siyasi mövqeyini möhkəmlətmək, opponentlərini neytrallaşdırmaq, rəqiblərini cəzalandırmaqdır. Qarabağ məsələsi Paşinyan üçün onun qarşısında xarici güc mərkəzləri tərəfindən qoyulan Rusiyaya və İrana qarşı Ermənistanı poliqona çevirmək vəzifəsindən daha əhəmiyyətli deyil və o, bu məqsədlə danışıqlar formatını dəyişmək cəhdi etmişdi. Lakin danışıqlar formatı dəyişməz olaraq qalır və Rusiya Minsk Qrupunda söz sahibi olduğu müddətdə bu format çətin ki, dəyişsin”.
Məhəmmədəli QƏRİBLİ