Hatəm Cabbarlı: “Ermənistanla hətta hərbi sahədə əməkdaşlığı dərinləşdirmək Gürcüstan üçün hansısa uğur vəd etmir”
Gürcüstanın müdafiə naziri Levan İzoriya İrəvana birgünlük rəsmi səfər edib. Erməni KİV-lərinin verdiyi məlumata görə, səfər zamanı İzoriya erməni həmkarı David Tonoyanla görüşüb və nazirliklər arasında ikitərəfli əməkdaşlıqla bağlı illik plan imzalanıb. Plan qarşılıqlı səfərləri, təhsil, tibb sahəsində əməkdaşlığı nəzərdə tutur.
Gürcüstanın Ermənistanla hərbi sahədə əməkdaşlığa belə üstünlük verməsi maraqlı görünür. Nədənsə, Gürcüstanda baş verən yeni prezident seçkilərindən sonra biz həmin ölkənin addımlarında Azərbaycana qarşı qərəz hiss edirik. Bura Axalkalaki rayonunda Dağlıq Qarabağda öldürülən erməni separatçısına heykəlin qoyulması və ciddi etirazlara baxmayaraq, onun hələ də sökülməməsini, eləcə də Gürcüstanın qaz təminatçısı olan SOCAR-ın sıxışdırılmasına yönəlik cəhdləri aid edə bilərik. Bütün bu hadisələrin fonunda, Gürcüstanın həm də Ermənistanla hərbi sahədə əməkdaşlığa meyllənməsi və əməkdaşlıq sənədi imzalanmasını necə dəyərləndirə bilərik?
Siyasət üzrə elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstanın qonşularla münasibətlərdə yeni səhifə açdığı nəzərə çarpır: “Gürcüstan müstəqilliyini elan etdikdən sonra eynilə Azərbaycanın üzləşdiyi çətinliklərə bənzər problemlərlə qarşı-qarşıya qalmışdı. Söhbət ərazi bütövlüyünə təhdid sayıla biləcək separatizmdən gedir. İndiyə qədər olan gürcü hakimiyyətləri Azərbaycanla yaxın münasibətlərin qurulmasına maraq göstəriblər. 2008-ci ildə Rusiya ilə baş verən müharibədən sonra Gürcüstanın etnik münaqişələrə münasibəti də dəyişdi. Həmin hökumətlər Abxaziya və Cənubi Osetiyanın özlərini müstəqil elan etməsilə barışmasalar da, fakt odur ki, həmin ərazilərdə Gürcüstanın yurisdiksiyası yoxdur. Həmin hadisədən sonra Gürcüstan daha çox Qərb dünyası ilə bütövləşmə siyasətini həyata keçirməyə başladı. Bu siyasətin fonunda, Azərbaycanla çox normal münasibətlər qorunub saxlanırdı. Zurabişvilinin prezident seçilməsindən sonra isə biz Gürcüstanın siyasətində fərqli halları müşahidə edirik. Həm xarici siyasət, həm də təhlükəsizlik məsələsində müəyyən korreksiyalara getmək istəyir. Bu o deməkdir ki, Gürcüstan dövlətçiliyi tarixində özünə yeni səhifə açır. Gürcüstanın ən çətin vəziyyətlərində Azərbaycan onun yanında olub”.
H.Cabbarlı hesab edir ki, Gürcüstanın hərəkətləri Azərbaycanla münasibətlərin onları qane etmədiyini üzə çıxarır: “Xatırlayırsınızsa, iki həftə bundan əvvəl Rusiya ilə Gürcüstan arasında Abxaziyadan keçən dəmir yolunun açılmasına dair müzakirələr aparıldı. Təbii ki, bu həm də Ermənistanın xeyrinə olan bir proses idi. Bütün bu addımlar onu göstərir ki, gürcü siyasi elitası daha çox ermənilərlə münasibəti yaxşılaşdırmaqda maraqlıdır. Azərbaycanın onlara güzəştli şərtlərlə qaz satması onları hətta enerji məsələsində diversifikasiya aparmağa da vadar edib. Bu baxımdan da önümüzdəki günlərdə Azərbaycan-Gürcüstan münasibətlərində ortaya yeni nüansların çıxacağına şübhə etmirəm. Ermənistanla hətta hərbi sahədə əməkdaşlığı dərinləşdirmək Gürcüstan üçün hansısa uğur vəd etmir. Çünki Gürcüstan Ermənistanla dərinləşdirmək istədiyi münasibətlərin fonunda heç vaxt Azərbaycanı kənarda qoya bilməz. Buna Gürcüstanın nə iqtisadi, nə də də siyasi potensialı yetər. Bölgədə təhlükəsizliyi təmin etmək istəyən güclər bilirlər ki, Azərbaycandan kənar bunun həyata keçməsi qeyri-mümkündür. Bunu hamıdan yaxşı Gürcüstanla Ermənistan bilir. Gürcüstan Ermənistanla bu şəkildə münasibətləri davam etdirəcəksə, Azərbaycan bir sıra addımları atmaq səlahiyyətinə sahibdir”.
Məhəmmədəli QƏRİBLİ