Akif Nağı: “Fakt budur ki, Qurgen Marqaryan törətdiyi cinayətin qurbanı olub”
Ermənistan rəsmiləri ən müxtəlif formalarda Azərbaycana qarşı təxribatçılıq əməllərini davam etdirirlər. Onlar Azərbaycanın qəhrəman övladlarını da hədəfə almaqdan çəkinmirlər. Ermənilər yenidən Ramil Səfərov məsələsini gündəmə gətiriblər.
Ermənistanın Müdafiə Nazirliyi Macarıstanda Azərbaycan bayrağını, şəhidlərimizi təhqir edən və xalqımıza qarşı xoşagəlməz fikirlər səsləndirən Qurgen Marqaryanı qətlə yetirən R.Səfərovun ölkəmizdə qəhrəman adlandırılmasına qıcıqla yanaşıb. Ermənistan mətbuatı yazır ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan hadisənin 15 illiyi ilə bağlı öz “Facebook” hesabında R.Səfərovun Azərbaycanda qəhrəmanlaşdırılmasının Ermənistan və “Qarabağ xalqı”nda narahatlıq yaratdığını qeyd edib: “Etnik düşmənçilik zəminində baş verən bu hadisə nəticəsində erməni zabiti Qurgen Marqaryan öldürülüb. Təəssüf ki, bu hadisədən sonra Ramil Səfərovun Azərbaycanda qəhrəmanlaşdırılması Ermənistanda və “Qarabağ xalqın”da narahatlıq yaradıb”.
Çox qəribədir ki, nazirlik sözçüsü R.Səfərovun Q.Marqaryanı qətlə yetirməsinin əsl səbəbini unudur və ictimaiyyəti öz yalanlarına inandırmağa cəhd edir. Əslində isə, R.Səfərovun onu hansı səbəbdən qətlə yetirməsinin mötivləri bütün dünyaya məlumdur.
Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan tərəfin yaydığı bu açıqlama təxribatdır. “Aydın məsələdir ki, onlar bundan istifadə edərək hay-küy yaratmağa çalışırlar. Mən də bu məsələ ilə bağlı erməni mətbuatında gedən yazıları izlədim. Ancaq onlar məsələyə düzgün yanaşmırlar. Onlar ənənəvi erməni saxtakarlığından əl çəkib məsələyə düzgün yanaşmalıdırlar. Fakt budur ki, Q.Marqaryan törətdiyi cinayətin qurbanı olub. Ermənilər başa düşsələr ki, nə üçün Azərbaycan xalqında onlara qarşı nifrət var və bunun səbəbini dərindən araşdırsalar, bunun onların özünə xeyri olardı. Q.Marqaryan Azərbaycan xalqını, Azərbaycan bayrağını təhqir edib, Xocalıda azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən cinayətlərə, qətliamlara bəraət qazandırırdı. Özü də bunu heç kəsdən gizlətmirdi, hamının yanında deyirdi. O bu hərəkətlərinə görə də cəzasını aldı. Məsələ Ramil Səfərovun hərəkətindən deyil, bundan ibarətdir. R.Səfərov ona qarşı emosional vəziyyətdə belə addım atıb. Bunlar məsələnin bir tərəfidir. Digər tərəfdən də onlar həqiqəti bilmək istəyirlərsə, Azərbaycana qarşı həyata keçirdikləri işğaldan əl çəkməlidirlər, Xocalı qətliamına və digər hadisələrə görə üzr istəməlidirlər, ondan sonra vəziyyət normallaşa bilər. Lakin onlar bunu anlamayıb öz məkrli, həqiqətə uyğun olmayan siyasətlərini davam etdirirlər. Ermənilər Marqaryan hadisəsindən düzgün nəticə çıxarmalı idilər”-deyə A.Nağı bildirdi.
R.Səfərovun ölkəmizdə qəhrəmanlaşdırılmasının Azərbaycanın daxili işi olduğunu deyən A.Nağının sözlərinə görə, R.Səfərov Azərbaycana qarşı təhqiramiz ifadələr işlətdiyi üçün Marqaryana qarşı sözügedən addımı atıb. A.Nağının bildirdiyinə görə, Marqaryan öz davranışları, təxribatçı hərəkətləri ilə bağlı R.Səfərovu bu hadisəni törətməyə təhrik edib. “Marqaryan özü bu işə onu təhrik edib. Azərbaycanda R.Səfərovun qəhrəmanlaşdırılması tam təbiidir və bu, ölkəmizin daxili işidir. R.Səfərov Azərbaycanın mövqeyini müdafiə edib və buna görə də o hadisəni törədib” - deyə QAT sədri qeyd etdi.
İradə SARIYEVA