Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.
Tədbirdə “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söyləyərək deyib ki, biz 2015-ci ildə bu mühüm prosesə start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu. Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı...
-Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir... Prezident daha sonra deyib ki, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb... İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır...
Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər.
...Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi...
“Cənub Qaz Dəhlizi” enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir...”Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir...
Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır.
...Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən, xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub.
Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış edərək bildirib ki, Avropa İttifaqı strateji əhəmiyyətə malik “Cənub Qaz Dəhlizi” layihəsinin yaxın zamanlarda tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyini xeyli gücləndirəcəyini deyən Günter Ottinger Prezident İlham Əliyevə bu toplantılara dəstək verdiyinə görə təşəkkür edib və Məşvərət Şurasının iclaslarının layihənin reallaşmasında mühüm rol oynadığını bildirib. “Bu gün Azərbaycan güclü artım tempinə malik ölkədir və iqtisadi çağırışlarını inamla həll edir”, - deyən Avropa İttifaqının rəsmisi əlverişli geosiyasi mövqeyə malik Azərbaycanın enerjini hasil və ixrac edən mühüm ölkə olduğunu və Avropa İttifaqının Azərbaycanın zəngin enerji təcrübəsindən faydalandığını vurğulayıb. “Avropa İttifaqı üçün Azərbaycan Mərkəzi Asiya və Çinə çıxış yoludur”, - deyən komissar Azərbaycanın enerji şaxələndirilməsi planlarına da Avropa İttifaqının öz dəstəyini ifadə etdiyini bildirib.
Daha sonra “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edilib.
Prezident İlham Əliyev fevralın 20-də Bakıda Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerlə görüşüb, görüşdə “Cənub Qaz Dəhlizi”nin uğurlu icrasından məmnunluq ifadə edilib, Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb.
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Fevralın 20-də Prezidentin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə də görüşü olub.
Fatih Dönməz görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə də görüşüb.
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu deyib.
Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fevralın 20-də Prezident İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə də görüşü olub.
İtaliya şirkəti tərəfindən inşa olunan “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan dövlət başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini deyib. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirib.
Prezident İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb. Regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinə toxunan Vazil Hudak Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə edib.
Həmin gün Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə də görüşü olub.
Xəbər xidməti