Ərazilərinin bir hissəsi hələ də işğal altında olan Azərbaycan hərbi sahədə mövqelərini getdikcə daha güclü hala gətirməkdədir. Proseslərin gedişi göstərir ki, bu istiqamətdə Ermənistanın Azərbaycanla rəqabət aparmaq cəhdləri birmənalı şəkildə fiaskoya məruz qalır. Ermənistan bu günlərdə Rusiyadan Su-30 SM qırıcıları almaqla mövqelərini gücləndirə biləcəyini düşündüyü halda, məlum oldu ki, Azərbaycan daha yüksək göstəricilərə malik döyüş təyyarələri almağa hazırlaşır.
Bundan başqa, belə görünür ki, yaxın tezlikdə Azərbaycan hərbi aviasiya arsenalına yenə Ermənistanda olmayan yeni döyüş təyyarələri də daxil edə bilər. Bunu rusiyalı hərbi politoloq Pavel Felqenhauer də təsdiq edir. O bu xüsusda bildirir: “Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən F-16 döyüş təyyarələri ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-ın razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək”. Politoloq bildirib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər: “Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan, həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real variant Türkiyədən almaqdır”.
Xatırladaq ki, Azərbaycan və Türkiyə vaxtaşırı birgə hərbi təlimlər keçirir. Bu xüsusda Azərbaycan döyüş təyyarələri dəfələrlə Türkiyədə, eləcə də Türkiyənin döyüş təyyarələri dəfələrlə ölkəmizdə olub. Artıq belə təlimlər nəticəsində Azərbaycan hərbi pilotları F-16-larda uçmaq təcrübəsi əldə ediblər. Yəni həmin təyyarələrin həm alışı, həm də ordumuzda istifadə olunması hansısa problem yaratmır. Erməni politoloq Suren Sarkisyan isə bildirir ki, Bakının istər Türkiyə, istərsə də ABŞ-ın özündən hərbi texnika almasında hansısa problem yoxdur. O, Azərbaycanın artıq Türkiyədən çoxsaylı müasir hərbi texnika aldığını bildirir: “Azərbaycan ABŞ-dan da belə texnika ala bilər. Özü də Con Boltonun regiona səfəri zamanı ABŞ bu prosesdə maraqlı olduğunu açıq bəyan etdi. Ermənistanla müqayisədə Azərbaycanın ABŞ-la əlaqələri bir neçə dəfə daha çoxdur. Ermənistan ABŞ-ın 173-cü ticarət tərəfdaşıdır, Azərbaycan isə bu sıralamada 107-cidir. BMT-yə üzv 193 ölkədən bir hissəsi ilə ABŞ-ın ümumiyyətlə diplomatik əlaqəsinin olmadığını nəzərə alaraq deyə bilərik ki, onun bu ölkələrdən bəzilərilə ticarət əlaqəsi yoxdur və deməli, Ermənistan bu sıralamada ən geridə olan ölkələrdən biridir”.
Azərbaycanla ABŞ arasında növbəti hərbi anlaşmaya toxunan ekspert Azərbaycana idxal ediləcək texnikanın hərbi xarakterli ola biləcəyini bildirib. O qeyd edib ki, Ermənistanda kimsə aparılan bu alqı-satqı ilə maraqlanmaq istəyirsə, həmin şəxslərə bildirilir ki, Azərbaycan təkcə keçən ilin noyabr ayında ABŞ-dan 197 milyon dollar dəyərində təyyarə və peyk kateqoriyası üzrə hərbi əmlak əldə edib və eyni qaydada oktyabr ayında da alqı-satqı aparılıb. Bir sözlə, bu davamlı proses xarakteri alsa da, heç kimi nəyin, haradan, kimdən və necə alındığını maraqlandırmadığından, mövzu bağlanıb.
Erməni politoloq müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Azərbaycan silah-sursat əldə edilməsi istiqamətində fəal iş aparır və ABŞ-dan mümkün olan hər şeyi əldə etmək niyyətindədir, hətta mülki təyyarə alıb onu hərbiləşdirmək iqtidarındadır. Təyyarə və peyk kateqoriyasından olan hərbi əmlakın nə demək olduğuna dair suala isə Sarkisyan belə cavab verib: “Bu hərbi əmlakın müxtəlif təyinatlı ola biləcəyi istisna edilmir. Bir neçə ay əvvəl Azərbaycanın ABŞ istehsallı atəş mexanizmləri aldığını xatırlatmışdıq. Azərbaycan həm də İsraildən 40 dron alıb. F-16 qırıcıları isə Türkiyə ilə yanaşı, elə İsrialdən, ABŞ-ın özündən də birbaşa alına bilər”.
Elə hərbçi ekspert Üzeyir Cəfərovun da fikrincə, F-16 qırıcılarının Azərbaycana satılması mümkündür: “Azərbaycan artıq Amerika istehsalı olan 4 hərbi helikopter alıb. Həmin helikopterlər də ötən il keçirilən hərbi paradlarda nümayiş olunub. Baxmayaraq ki, münaqişə vəziyyətində olan tərəflərə silah satışı ilə bağlı embarqo var, amma Azərbaycan bu helikopterləri əldə edib. Mütləq deyil ki, həmin döyüş vasitələri Amerikanın özündən alınsın. F-16 təyyarələrinin alınması mümkündür. Amma yenə, istənilən halda, bu günə qədər Azərbaycanda Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Qoşunlarının silah-sursatı ölkənin öz hava məkanını tam şəkildə qorumasına imkan verir”. Ekspert vurğulayır ki, F-16-ların digər modellərə nisbətən manevr imkanları daha çoxdur:“Bu təyyarə ilə hədəfi müəyyən edib sıradan çıxarma göstəriciləri, malik olduğu avadanlıq bu tip təyyarələrinkindən xeyli fərqlənir. Pilotlar bu tip təyyarələrdə döyüş tapşırığını yerinə yetirəndən sonra hədəfdən yayınmaq, müxtəlif manevrləri yerinə yetirmək üçün çoxlu imkanlara sahib olurlar. Ona görə də bir çox ölkə bu təyyarələrə sahib olmaqda istəklidir. Həmin təyyarələr olmadan da Hərbi Hava Qüvvələrimizin bazasında olan döyüş maşınları kifayət qədər ciddi potensiala malikdir. Bizim Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Sistemimiz Ermənistandan qat-qat üstündür. Bu, keçmiş SSRİ dövründə də elə idi, indi də belədir. Çünki Azərbaycan strateji nöqtədə yerləşir. Burada mühüm hərbi qərargahlar yerləşirdi. Müstəqillik dövründə də Azərbaycan bu ənənəni davam etdirir. Ermənistan da Azərbaycanın hərbi gücündən xəbərdardır. Biz gizlətmirik ki, Azərbaycanda 2019-cu ildə İtaliya istehsalı olan döyüş-təlim təyyarələri və Pakistan istehsalı olan təyyarələrinin havaya qalxması gözlənir. Bu məsələ ilə bağlı bütün problemlər öz həllini tapıb”.
Xatırladaq ki, ölkəmiz artıq İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında 5 bomba daşıya bilir. Ölkəmizin aldığı bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlıdır. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur.
O da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Pakistan Milli Müdafiə Universitetinin əməkdaşı Səid Sahibzadə də bildirir ki, Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. O vurğulayıb ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. Xatırladaq ki, “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir. “JF-17 Thunder” yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Bu təyyarə “hava-hava”, “hava-yer” raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə bir çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MİQ-29 eyni zamanda 10 hədəfi 50- 70 kilometr məsafədən izləyir və 1-2 hədəfə eyni zamanda zərbə endirə bilir. Cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 kilometr məsafədə olan hədəflərə zərbə endirə bilir. “JF -17 Thunder” isə 3 ton yüklə 100 kilometr məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. Yaxın tezlikdə “JF-17 Thunder” təyyarələrinin ordumuzun ixtiyarında olması gözlənir. Bütün bunlar hərbi aviasiya sahəsində Azərbaycanın getdikcə daha böyük uğurlar əldə etməkdə olduğunu göstərir və Ermənistan da bilir ki, Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində bu aviasiyanı işə salması düşmən ordusunun tam darmadağın edilməsi ilə nəticələnəcək.
Düşmən tərəfə o da yaxşı bəllidir ki, ötən müddətdə hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Digər tərəfdən, Azərbaycan aviasiyasını pilotsuz uçuş aparatları ilə də möhkəmləndirir. Ermənistan isə bütün bunlardan məhrumdur. Bakının, xüsusən də İsraildən aldığı pilotsuz uçuş aparatları da ölkəmizin mövqeyini xeyli möhkəmləndirib. Həmçinin, Azərbaycan bu sahədə yerli istehsalını da yaradıb. İndi bütün bunları erməni tərəfinin də nəzərə alıb lazımi nəticə çıxarması olduqca vacibdir. Əks təqdirdə düşmənin çox ciddi zərbələr alması qaçılmaz sayılır.
Xatırladaq ki, Azərbaycanın qısa müddət ərzində düşmən ordusunu darmadağın edəcəyinə dair düşmən tərəfə beynəlxalq miqyasda belə çoxsaylı xəbərdarlıqlar edilib. Özü də təkcə aviasiya yox, digər istiqamətlər üzrə də Azərbaycan düşməndən çox böyük üstünlüklərə malikdir. Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşmür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.